• Bakı 33° C

    3.41 m/s

  • USD - 1.7

    EUR - 1.9683

    RUB - 2.1256

Tıxaclarda pozulan psixologiyamız: Bunları yaşamamaq üçün...

CƏMİYYƏT

13 Mart 2024 | 15:55

Tıxaclarda pozulan psixologiyamız: Bunları yaşamamaq üçün...

 

“Tədqiqat aparmaq lazımdır ki, bu yoldakı vəziyyət səhər 2 saat, axşam 2 saat tıxacda olan insanların psixikasına necə təsir göstərir? Mənə elə gəlir ki, bu, həddindən artıq ciddi məsələdir. Bu insanlar bir müddət sonra ən azı 5-7 xəstəliyə tutulacaqlar".

Bakıvaxtı.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində keçirilən ictimai dinləmədə deputat Əli Məsimli Bakı-Sumqayıt yolundakı tıxac barədə danışarkən deyib.

Bəs tıxac psixologiyamıza necə təsir göstəriri?

Bu barədə Bakıvaxtı.az-a danışan psixoloq Ülkər Məhərrəmova bildirib ki, “işə gec çatacam” düşüncəsindən çox, zamanlarının itirilməsi insanlarda böyük stress faktorlarının yaranmasına gətirib çıxarır. Bu stress zamanı da insanda fiziksəl, duyğusal və düşüncə olaraq gərginlik yaşanır:

“Düşüncə olaraq insan mənfiyə yönlənir. Duyğusal olaraq ümidsizlik, çarəsizlik, kədərli əhval-ruhiyyəyə köklənmə olur. Fiziksəl olaraq da həmin insanlarda udqunmada çətinlik, bədəndə gərginlik, mədə ağrısı, tərləmələr, ürək döyüntüsünün artması kimi narahatlıqlar olur. Bu da insanlarda qayğı pozuqluğuna, stress faktorlarına, depressiyaların artmasına, panik atakların çoxalmasına gətirib çıxarır”.

Müsahibimiz onu da qeyd edib ki, tıxaclarda yaranan stress faktoru qəzaların artmasına gətirib çıxarır. Son zamanlar statistikaya görə, küçələrdə minlərlə avtomobil hərəkət edir və hər gün qəzalarının sayı artmaqdadır.

Psixoloqun sözlərinə görə, hazırda iqtisadi dünyada yaşadığımızdan, insanların düşüncələrində, həyatlarında bir çox stress faktorları olur və yollardakı tıxac da bu stressin artmasını üstələyir.

 

Ülkər Məhərrəmova: Mənfiyə köklənə biliriksə, müsbət düşünmək də öz əlimizdədir

Ü.Məhərrəmova tıxacların qarşısını insanların ala bilmədiyini vurğulayaraq, onlara alternativ yollardan istifadə edərək evdən tez çıxmalarını, boş yollardan istifadə etməklərini məsləhət görür. Bunlar alınmayanda isə onların öz psixologiyalarını idarə etməyin mümkünlüyünü söyləyib. Həmin tıxaclarda sürücülərin daha çox gərginlik yaşaması, stresslərini idarə edə bilməməkləri, daha aqressiv olmaqları sürücülərin daha çox qəza törətməklərinə səbəb olur:

“Onun fərqinə varmaq lazımdır ki, zaman-zaman əgər gərginləşib, stresslə üz-üzə qalırıqsa, “o tıxacdan çıxarıq”, “gecikdiyimiz yerə gedib çatarıq”, “işlərimizi yoluna qoya bilərik” kimi düşüncələrə köklənsinlər. “İşə gecikəcəm” düşüncəsi yox, “işə çatıb məsuliyyətlə işimi yerinə yetirəcəm”, “axşam istirahət edəcəm” fikirləri olsun və yaxud onların əhval-ruhiyyəsini yüksəldəcək müsiqi dinləməyə başlasınlar, rahatlaşdıran mənzərəni göz önünə gətirsinlər, öz duyğularını idarə etməkdə özlərinə kömək etsinlər, nəfəs hərəkətləri etməyə başlasınlar və o tıxacda qalıb gərginləşmək yerinə tıxacda qalaraq özlərini rahatlaşdırıb o zamanı çox rahatlıqla, səbrlə keçirsinlər ki, həmin işə çatanda artıq gərginlik, əsəbilik, narahatlıqla işə başlamasınlar. İnsanların tıxacda qalması illərlə davam edir və hal-hazırda onun qarşısını almaq mümkün deyil. Amma insanlar özlərinin gərginliklərini, əsəbiliklərinin qarşısını almaqda özlərinə kömək edə bilərlər”.

Həmsöhbətimiz onu da deyib ki, tıxac yalnız tıxaclarda qalan insanlara təsir etmir. Maşınların siqnallarının, onlardan çıxan zəhərli qazların evdə oturan, yol kənarında gedən insanlara da böyük təsiri var. Bu da insanlarda stressin, irəli vaxtlarda yaşanacaq xroniki qayğı pozuqluğunun, depressiyanın, panik atakların artmasını daha da sürətləndirir.

“Bunları yaşamamaq üçün öz psixologiyamızı idarə etmək öz əlimizdədir. Yəni mənfiyə köklənə biliriksə, müsbət də düşünmək öz əlimizdədir. Bunun fərqinə varanda hansı çətinlik olursa, olsun, hər insan çətinlikdən çıxmağa qadirdir”.

Mina Mikayılova


SON XƏBƏRLƏR

06 Avqust 2025