• Bakı 8° C

    1.78 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

"Türkiyə Azərbaycan birliyi bölgədə çox önəmldir" - Deputat

CƏMİYYƏT

21 Oktyabr 2022 | 17:04

"Türkiyə Azərbaycan birliyi bölgədə çox önəmldir" - Deputat

"Dünən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan müxtəlif tədbirlərdə iştirak etdilər. İşğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzurda dünən növbəti dəfə tarixi bir gün yaşandı".

Bu fikirləri Bakıvaxtı.az-a açıqlamasında Milli Məclisin üzvü Tamam Cəfərova deyib.

O qeyd edib ki, əsl qardaşlıq nümunəsi göstərən dövlət başçıları Şərqi Zəngəzurda tarix yazdılar: "Ölkə başçılarının Zəngilan Beynəlxalq Hava Limanının açılışını eləcə də, digər mühüm infrasturktur obyektlərinin açılışını birgə etmələri bir daha onu göstərdi ki, Türkiyə Vətən müharibəsində olduğu kimi bərpa-quruculuq işlərində də Azərbaycanın yanındadır. Zəngilan və Cəbrayıldan verilən mesajlar onu deməyə əsas verir ki, Azərbaycan-Türkiyə dostluğu, qardaşlığı yeni mərhələyə qədəm qoyub".

Deputat bildirib ki, dünyada eyni dilə və soykökə mənsub xalqlar çoxdur: "Lakin dünya tarixinə nəzər saldıqda Azərbaycan və Türkiyə kimi bir-birinə yaxın dostluq, qardaşlıq münasibətlərinə əsaslanan ölkə görmək mümkün deyil. İkinci Qarabağ Müharibəsindən sonra Azərbaycan və Türkiyə arasındakı dostluq, qardaşlıq münasibətləri yeni bir mərhələyə qədəm qoymuşdur. Xüsusilə də, müharibənin ilk günlərindən Türkiyənin Azərbaycanın yanında olduğunu bütün dünyaya açıq şəkildə bəyan edərək, mənəvi, siyasi dəstək verməsi bu münasibətlərin yeni və ən yüksək mərhələsinin başlanğıcı olmuşdur. Türkiyə kimi güclü bir dövlətin ölkəmizə mənəvi və siyasi dəstək verməsi hər bir azərbaycanlını daha da ruhlandırmış, ölkəmizi daha da gücləndirmişdir. Bu baxımdan deməliyik ki, Azərbaycan və Türkiyə hər zaman bir-birinin yanındadır. Cənab Prezident İlham Əliyevin nitqində qeyd etdiyi kimi “…Bir il bundan əvvəl əziz qardaşımın iştirakı ilə Füzuli Hava Limanını bir yerdə açdıq, bu gün Zəngilan Hava Limanını açdıq. Yəni, bu, onu göstərir ki, biz bütün xoş günlərdə bərabərik…” Bəli, tarixin ən çətin sınaqlarından çıxmış Türkiyə və Azərbaycan xoş gündə də, çətin gündə də hər zaman bir-birinin yanındadır. Xüsusilə qeyd etməliyik ki, iki qardaş ölkənin dövlət başçılarının keçən il oktyabr ayında Füzuli Beynəlxalq Hava Limanının açılışını,  bu il də Zəngilan Beynəlxalq Hava Limanının açılışını etməsi ümumhərbi strateji  güc daxil olmaqla yanaşı, digər sahələrdə də uzunmüddətli əməkdaşlıqlara mesajdır. Əminliklə deyə bilərik ki, iki ölkə arasında dostluq və qardaşlıq münasibətləri müharibə dövründə birlik və həmrəyliyi, müharibədən sonra bərpa və quruculuq işlərində görürük.

İnkar olunmaz faktdır ki, Türkiyə Azərbaycan birliyi bölgədə çox önəmli bir amildir deyən millət vəkili Tamam Cəfərova qeyd edib ki, bu amil ilk öncə özündə region üçün sülh, sabitlik və davamlı inkişafı ehtiva edir. Baxmayaraq ki, bəzi xarici dairələri bu amillər narahat edir. Onların narahatlığının əsassız yerə olduğunu qardaş ölkənin Lideri R.T.Ərdoğan çıxışında kifayət qədər güclü arqumentlərlə əsaslandırdı. Öz növbəsində Türkiyə prezidenti aidiyyatı ölkələrə üzünü tutaraq, Azərbaycanın qərb bölgələrini Naxçıvanla birləşdirəcək Zəngəzur dəhlizi ilə bağlı bəzi dövlətlərin qorxularının tamamilə əsassız olduğunu bildirdi. Türkiyə Respublikasının Prezidenti R.T.Ərdoğan nitqində qeyd etdi ki, “Naxçıvanı Azərbaycanın qərb rayonları ilə birləşdirəcək Zəngəzur dəhlizi ilə bağlı bəzi dairələrdəki qorxu və narahatlıq mənə görə reallıqdan uzaqdır. Yəni, artıq bütün Qarabağla bağlı atılan bu addımlardan sonra belə bir qorxuya ehtiyac yoxdur. Azərbaycan əmin addımlarla yoluna davam edir. Bu yol bölgənin sülh, əmin-amanlıq və sabitliyinə töhfə verəcəyi kimi, Xəzərdən keçməklə Şərq-Qərb, Orta Dəhliz marşrutları üzərində yerləşən bütün ölkələr üçün ticarət və sərmayə imkanları təqdim edəcək”. Zəngəzur dəhlizinin açılması regionda bütün nəqliyyat-kommunikasiya xətlərinin açılmasına və region dövlətlərinin Naxçıvan vasitəsilə Ermənistana yeni marşrut əldə etməsinə gətirəcəkdir. Yəni, Zəngəzur dəhlizi region dövlətlərinin ortaq iqtisadi maraqlarına xidmət etməklə yanaşı, iqtisadi-logistik dividendlər vəd edir.

Zəngilan hava limanının tikilməsinin daha bir əhəmiyyətli cəhəti bu aeroportun Zəngəzur dəhlizi ilə birlikdə işləməsidir. Zəngəzur dəhlizi açıldıqdan sonra dəmiryolu və avtomagistrallardan savayı Zəngilan hava limanı hava daşımaları həyata keçirdərək, Naxçıvan eksklavı ilə Azərbaycanın əsas hissəsi arasında yük daşımalarının artırılmasına kömək edəcəkdir. Beləliklə, Zəngilan hava limanı Mehridən keçəcək dəmiryolu və avtomagistralla birlikdə azad edilən əraziləri Naxçıvanla, Naxçıvanı Azərbaycanın əsas hissəsi ilə, Azərbaycanı isə bütövlükdə Türkiyə ilə yeni bir nəqliyyat xətti ilə birləşdirəcəkdir.

Millət vəkili Tamam Cəfərova qeyd edib ki, şübhəsiz Türkiyə Azərbaycanın beynəlxalq miqyasda ən mühüm müttəfiqidir. Cənab Prezidentin sözləri ilə desək ““Türkiyə bizim əsas müttəfiqimizdir. Qardaşlığımız müharibədən sonra daha da güclənib. Biz Şuşa bəyannaməsini imzaladıq. Qardaşlığımız dünya və region ölkələrinə bir siqnaldır. Əgər kimsə bizə hücum etmək qərarına gəlsə, deməli, bizim tərəfdaşlıq onlar üçün bir siqnaldır”. Şübhəsiz ki, rəsmi Bakı və Ankara arasında Şuşa Bəyannaməsinin imzalanması iki ölkə arasında müttəfiqliyin zirvəsi olmaqla yanaşı, ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərində yeni mərhələnin başlanğıcı oldu.

Şübhəsiz ki, ikinci Qarabağ müharibəsindən sonra Türkiyə-Azərbaycan qardaşlığı, birliyi daha da yüksək pilləyə qalxıb. Azərbaycan və Türkiyə bayraqları bir yerdə dalğalanır. Bu, ürəkdən gələn duyğulardır, bu, əcdadlarımızdan qalan mirasdır, onların vəsiyyətidir və bu, zəmanəmizin tələbidir. Bu nöqteyi-nəzərdən cənab Ərdoğanın Zəngilan Beynəlxalq Hava Limanının və digər infrastruktur obyektlərinin açılışında iştirak etməsi Azərbaycan və Türkiyə arasında mövcud olan siyasi ittifaqın növbəti dəfə təzahürüdür-deyə millət vəkili T.Cəfərova deyib.

Ramid İbrahimov


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR