Azərbaycana səfərə gələn Türkiyə Böyük Millət Məclisi üzvləri, hakim Ədalət və İnkişaf Partiyası təmsilçiləri, Kayseri bələdiyyəsinin yüksək vəzifəli şəxsləri, ali məktəb rektorları, alimlər və sahibkarların daxil olduğu Türkiyə nümayəndə heyəti II Şəhidlər Xiyabanını ziyarət edib, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən vətən oğullarının əziz xatirəsini ehtiramla yad ediblər.
Bakıvaxtı.az xəbər verir ki, nümayəndə heyəti Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovla görüşüb.
“Azərbaycan-Türkiyə dostluğu və strateji tərəfdaşlığı artıq bütün dünyada unikal bir nümunəyə çevrilib. Ölkələrimiz arasında qardaşlıq və müttəfiqlik münasibətləri bütün sahələrdə uğurla inkişaf edir, əlaqələrin bugünkü yüksək səviyyəsi tarixi köklərə, dərin siyasi-ideoloji prinsiplərə əsaslanır. Prezident İlham Əliyevin bizə tapşırığı ölkələrimiz və diasporlarımız arasında əməkdaşlığı daha da inkişaf etdirmək, vahid diasporun formalaşmasına töhfələr verməkdir. Sizin səfəriniz bu istiqamətdə müzakirələrin aparılması baxımdan da xüsusi əhəmiyyətə malikdir”- komitə sədri bu sözləri Türkiyə nümayəndə heyəti ilə görüşdə səsləndirib.
Görüşdə “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi”, Şuşa və Kayseri şəhərlərinin qardaşlaşması, Kayseridə Şuşa Azərbaycan Evinin uğurlu fəaliyyəti barədə danışılıb, diasporlarımız arasındakı əlaqələrin perspektivləri müzakirə olunub.
Türkiyə Böyük Millət Məclisinin üzvləri Hulusi Akar, Şamil Ayrım, Sayın Bayar Özsoy və digər şəxslər səfərin əhəmiyyətini yüksək qiymətləndiriblər.
Türkiyə ilə Azərbaycanın regionda və dünyadakı nüfuzuna, güclərimizi birləşdirməyin vacibliyinə diqqət çəkən Türkiyə Böyük Millət Məclisinin üzvü Hulusi Akar bu səfərdən böyük məmnunluq duyduğunu bildirib. Hulusi Akar, həmçinin Azərbaycan diasporunun informasiya müharibəsindəki rolunu xüsusi qeyd edib.
Türkiyə Böyük Millət Məclisinin üzvü Şamil Ayrım Kayseri və Şuşanın qardaşlaşmış şəhərlər olmasının önəmini vurğulayıb, Türkiyədə yaşayan və təhsil alan azərbaycanlıların iki ölkə arasında körpü rolunu oynadıqlarını nəzərə çatdırıb.
Görüşdə Türkiyənin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Birol Akgün iştirak edib.
Kayseri Talas bələdiyyəsinin sədri Mustafa Yalçına və Şuşa Azərbaycan Evinin rəhbəri Elşən Qənbərova təltif olunduqları “Diaspor fəaliyyətində xidmətə görə” medalı təqdim olunub.
Türkiyə nümayəndə heyəti Azərbaycanın işğaldan azad olunan ərazilərinə səfər edəcək.
Qeyd edək ki, səfər Kayseridə fəaliyyət göstərən Şuşa Azərbaycan Evinin təşəbbüsü, Diasporla İş üzrə Dövlət Komitəsinin və Azərbaycan Prezidentinin Şuşadakı xüsusi nümayəndəliyinin dəstəyi ilə təşkil edilib.