Demək olar, hər ay COVID-19 epidemiyasının yeni mutasiyaya uğramış forması ilə qarşılaşırıq. SARS-COV-2-nin çoxsaylı mutasiyalarından biri olan delta ştammı da son günlər hər kəsin Azərbaycana gəlməsindən qorxduğu virus növüdür. Bəs Hindistan ştammının göstəriciləri nələrdir? Bu virusdan qurtulmaq üçün doğrudanmı eyni anda iki fərqli vaksin vurulacaq?
Mövzu ilə bağlı Bakıvaxtı.az saytına açıqlama verən tibb üzrə elmlər doktoru Adil Qeybulla Hindistan ştammının artıq 98 ölkədə qeydə alındığını bildirib:
“Delta ştamm SARS-COV-2-nin çoxsaylı mutasiyalarından biridir. Birinci dəfə Hindistanda tapıldığı üçün, Hindistan ştammı da adlanır. Bu virusda P681R mutasiyası qeyd olunur. Bu zaman səthdə olan tikanlı zülalın bir fraqmenti dəyişikliyə uğrayır və virus daha yoluxucu xarakter alır. Virus 12-20 yaş qrupları da daxil olmaqla bütün yaş qruplarında olur. Xəstəliyin gizli dövrü artıq 7 günə qədər deyil, 3 günə qədərdir. Ona görə də, xəstəlik daha tez aşkar olunur. Xəstəliyin əsas əlamətləri halsızlıq, yüksək temperatur, miqren tipli baş ağrıları, boğaz ağrısı, öskürək və burun iltihabıdır. Britaniya ştammı ilə müqayisədə 1.85 dəfə yoluxucu sayılır. Artıq bu, 98 ölkədə qeydə alınıb və artım hələ də davam edir. Ən dəhşətli epidemoloji vəziyyət isə Hindistandadır. Hindistandakı sosial şəraiti nəzərə alsaq, əhali sıxlığı və təmas çox olduğundan yoluxma da çox olur. Milyonlarla insan bu virusa yoluxub, dörd yüz mindən çox insan isə həyatını itirib. Nəticədə çox ciddi bir vəziyyət yaranıb. Dünyada 4-cü dalğanın və yeni növ pandemiyanın qarşısını almaq üçün artıq xeyli işlər görülür və kütləvi vaksinasiya gedir.”

Həmiçinin, o, vurğulayıb ki, karantin tədbirlərinə hazır olmalıyıq:
“Delta ştammına qarşı qeyd olunur ki, dünya səhiyyə təşkilatının qeydə aldığı vaksinlər pfizer-BioNTech, MRNA-1273, Conson və AstraZenecadır. Hətta Əgər epidomoloji vəziyyət pisləşsə, bu vaksinlərin 3-cü dozasının vurulması ehtimalı da nəzərə alına bilər. Bütün qərarların verilməsi və karantin qaydalarının sərtləşdirilməsinə epidemoloji vəziyyətdən asılı olaraq qərar veriləcək. Ümumiyyətlə, bu gün Azərbaycanı əhatə edən ölkələrdə - Rusiya, Gürcüstan və Türkiyədə bu ştamm tapılıb. Rusiyada situasiya artıq xeyli ciddiləşib. Hesab edirəm ki, Azərbaycan da bunu nəzərə almalı və müəyyən karantin tədbirlərinə hazır olmalıdır. Təəssüflər olsun ki, bu gün əhali sanki karantinin bitdiyini düşünürmüş kimi görünür. Çünki restoran, şadlıq evləri və başqa yerlərdə bunu müşahidə edirik. Əlbəttə, bu yolverilməzdir. Hesab edirəm ki, biz pandemiyanın davam etdiyini nəzərə alıb sonrakı problemlərin qarşısını almalıyıq”.
Aytac Aslan
















