Çinin Honkonq xüsusi inzibati ərazisində “Vifa” qasırğasına görə ilin ən yüksək həyəcan səviyyəsi - T8 elan edilib, 500-dən çox uçuş təxirə salınıb.
Bakıvaxtı.az Çin mediasına istinadla xəbər verir ki, gecəyarı qüvvəyə minən T8 xəbərdarlığı iyulun 20-də bütün günü qüvvədə olacaq. Proqnozlara görə “Vifa” səhər saatlarında Mirvari çayının deltasına olduqca yaxın, Honkonqdan təxminən 50 kilometr cənubda olacaq.
Honkonq beynəlxalq hava limanından bildiriblər ki, iyulun 20-də saat 6:00-dan axşam 12:00-dək heç bir təyyarə havaya qalxmayacaq. Bununla belə, hazırda uzaq məsafələrdən Honkonq istiqamətində uçuş yerinə yetirən az sayda təyyarənin enişinə icazə veriləcək. Ümumilikdə, qasırğa ilə əlaqədar iyulun 19-da 22, iyulun 20-də isə 497 uçuş (enmə və qalxma) ləğv edilib. Ləğv olunan və ya təxirə salınan uçuşların sərnişinlərə dəstək üçün 1000 işçi cəlb olunub.
Meteorologiya qurumu qasırğanın sahilyanı ərazilərdə daşqına səbəb ola biləcəyi barədə xəbərdarlıq edib. Təhsil müəssisələrində iyulun 20-nə nəzərdə tutulan bütün dərslər ləğv olunub, irimiqyaslı tədbirlər, o cümlədən kitab, idman və istirahət sərgiləri dayandırılıb. Sakinlər ərzaq və gündəlik tələbat malları ehtiyatı yığmaq üçün marketlərə axışıb.
Qeyd edək ki, ilin 6-cı qasırğası olan “Vifa”nın Honkonq ilə yanaşı Çinin materik hissəsindəki Quandon və Haynan əyalətlərində də fəsadlar törədəcəyi, küləyin sürətinin saniyədə 42 metrə çatacağı, leysan yağacağı gözlənilir. Çinin Meteorologiya Mərkəzi “sarı” həyəcan səviyyəsi elan edib. Haykou şəhərindəki 3 limandan gəmilərin hərəkəti ləğv edilib.