“İşə qəbul prosesinin vahid platforma üzərindən həyata keçirilməsi məqsədilə İşə qəbul modulu qurulub”.
Bakıvaxtı.az xəbər verir ki, bunu TƏBİB-in 2024-cü ilin yekunlarına və 2025-ci ilin planlarına dair mətbuat konfransında qurumun icraçı direktoru Vüqar Qurbanov deyib.
O qeyd edib ki, sistemin əsas funksionallığı TƏBİB tabeli tibb müəssisələrinə aid vakansiyaların vahid mərkəzi sistem üzərindən paylaşılaraq işə qəbulun sürətləndirilməsi və əlçatanlığın asan şəkildə təmin edilməsidir:
“Bundan əlavə, "Müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların tibbi şəhadətləndirilməsi sahəsində fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında" fərmanının icrası ilə əlaqədar, çağırışçıların yekun tibbi qiymətləndirilməsi işləri üzrə proseslərin idarə edilməsi üçün müvafiq altsistem qurulub”.
Nəzərə çatdırıb ki, qurulan sistem çərçivəsində çağırışçıların tibbi göndərişləri Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin elektron informasiya sistemindən elektron qaydada qəbul olunur.
Vurğulayıb ki, TƏBİB-in tabeliyində olan tibb müəssisələrində zəruri bütün tibbi yoxlamalar aparılır və yoxlamaların nəticələri elektron qaydada Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin elektron informasiya sisteminə ötürülür.
“Əlavə olaraq Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəyinə əsasən təkrar müayinələrə ehtiyac yaranarsa, müvafiq qaydada elektron sistem üzərindən yenidən göndərişlər qəbul edilib, zəruri bütün tibbi yoxlamalar aparılır və yoxlamaların nəticələri elektron qaydada Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin elektron informasiya sisteminə ötürülür. 2024-cü ildə 100 minə yaxın elektron müraciət icra edilib”.
Mina Mikayılova