Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən Türkiyədə olan Fövqəladə Hallar Nazirliyinin çevik xilasetmə qüvvələri qardaş ölkədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarını fasiləsiz davam etdirirlər.
Bu barədə Bakıvaxtı.az-a FHN-dən bildirilib.
Qeyd olunub ki, Azərbaycan FHN-in xilasedicilərinin Türkiyə və Belarusdan olan həmkarları ilə birgə həyata keçirdikləri xüsusilə mürəkkəb xilasetmə əməliyyatı nəticəsində Kahramanmaraşda dağıntılar altında 198 saat qalmış 2 qardaş – 17 yaşlı Muhammed Enes və 21 yaşlı Abdulbaki sağ xilas olunublar.
Əməliyyatların gedişi barədə əlavə məlumat veriləcək.
***
10:32
“Əsrin fəlakəti” olaraq xarakterizə edilən Kahramanmaraş mərkəzli zəlzələlərin dağıntıları altında qalanların axtarış-xilasetmə işləri davam edir.
Bakıvaxtı.az xəbər verir ki, zəlzələ ilə bağlı qardaş ölkəyə gedən Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin (FHN) bir qrup əməkdaşı Kahramanmaraş şəhərində axtarış-xilasetmə əməliyyatların zamanı 198 saatdan sonra binanın dağıntılar altından 2 nəfəri sağ çıxarıb.
"Anadolu" Agentliyinin məlumatına görə, Salman Zülkadiroğlu Bulvarında Pınar Mənzilinin dağıntıları üzərində çalışan axtarış-xilasetmə qrupu, 17 yaşlı Məhəmməd Enes Yeninar və sonra onun böyük qardaşı 21 yaşlı Baki Yeninarı sağ çıxarıblar.
Yaralı qardaşlar təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıb.
Hazırda axtarış-xilasetmə əməliyyatlarını davam etdirir.
Murad Məmmədli
















