2025-ci ilin avqust ayında qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 0,3 faiz, yanvar-avqust aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 6,6 faiz artıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin məlumatında bildirilib.
Qeyd olunub ki, cari ilin avqust ayında əvvəlki aya nisbətən ayrı-ayrı qida məhsullarından daha çox bahalaşma mal və qoyun ətinin, südün, yumurtanın, günəbaxan və qarğıdalı yağlarının, bananın, albalının, əriyin, qarpızın, ağ kələmin, göyərtinin, xiyarın, göy lobyanın, yerkökünün, sarımsağın, şokolad məmulatlarının, ucuzlaşma isə limonun, almanın, armudun, yemişin, üzümün, gül kələminin, brokkolinin, pomidorun, şirin bibərin, badımcanın, süfrə çuğundurunun, soğanın, kartofun qiymətlərində müşahidə olunub.
Qida məhsullarının bahalaşmasına hansı amillər təsir edib? Bu bahalaşma hansı səviyyəyə qədər davam edə bilər?
Mövzu ilə bağlı Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri, iqtisadçı ekspert Vüqar Oruc Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, ərzaq və qeyri-ərzaq məhsullarında baş verən qiymət artımı manatın alıcılıq qabiliyyətində yaranan dəyişikliklərlə, inflyasiya ilə bağlıdır.
Onun sözlərinə görə, il ərzində müəyyən inflyasiya faizi həddləri mövcud olur. Bu, təkcə Azərbaycanda deyil, dünya dövlətlərinin hər birində yaşanır. İnflyasiya yalnız manata deyil, digər valyutalara da təsir göstərir:
"10 il əvvəlki ABŞ dolları bugünkü ABŞ dolları deyil. Yəni, alıcılıq qabiliyyətində çox ciddi fərqlər yaranıb. Bu dəyişikliklər aylarla və illərlə baş verir. Nəticədə ərzaq və qeyri-ərzaq məhsullarının, enerji daşıyıcılarının qiymətində, istehlak səbətinin mövcud dəyərində fərq yaranır. Qiymətin artması ölkə iqtisadiyyatının böyüməsi və inflyasiya həcminin artması ilə bağlıdır. Ölkə iqtisadiyyatının böyüməsi o deməkdir ki, dövriyyədə olan pul kütləsinin həcmi artır və pulun alıcılıq qabiliyyətində dəyişiklik baş verir. Bu isə məhsulların qiymətinə birbaşa təsir edir".
İqtisadçı vurğulayıb ki, hazırda Rusiya və Azərbaycan arasındakı münasibətlər, o cümlədən Azərbaycan-İran münasibətləri, quru sərhədlərinin bağlı olması ölkəyə müəyyən ərzaq və qeyri-ərzaq məhsullarının gətirilməsində müəyyən problemlər yaradır. Bu problemlər qiymətə təsir edən amillərdən biridir. Digər amil isə mövsümi qiymət artımlarıdır.
Vüqar Oruc: Süni olaraq qiymət artımının qarşısını almaq ölkənin iqtisadi inkişafına xeyir gətirmir
"Əslində 0,3 faizlik artım o qədər də böyük rəqəm deyil. Ay ərzində olan bu rəqəm il ərzində 6.6 faizdirsə, ilin əvvəlində verilən inflyasiya proqnozlarını arxada qoymur. Əksinə proqnozlara tamamilə uyğundur. Azərbaycan iqtisadiyyatı öz dayanıqlığı baxımından qonşu ölkələrin iqtisadiyyatından öndədir. Bu baxımdan orta kredit faizləri və manatın hazırda xarici valyutalara nisbətdə məzənnəsinin sabit qalması ölkə iqtisadiyyatının stabil inkişafı və dayanıqlılığı üçün vacibdir. Aparılan manitar pul-maliyyə siyasət və düşünülmüş pul-kredit siyasəti mövcud stabilliyin təminatçısıdır", - deyə V.Oruc əlavə edib.
Müsahibimizə görə, yaxın zamanlarda da qiymət artımı davam edəcək. Çünki qeyd olunan səbəblərə görə qiymətlərin geriyə dönüşü yoxdur:
"Bu artım hansısa böyük iqtisadi problemlərlə bağlı deyil. Əksinə normal iqtisadi münasibətlərin göstəricisidir. Hər bir dövlət bu artımın qarşısını almağa yox, artıma paralel olaraq iş yerləri və istehsalın, eyni zamanda istehsal olunan məhsulların ixracının artırılması, yerli istehlakın tələblərinin ödənməsi istiqamətində ciddi addımlar atmalıdır. Süni olaraq qiymət artımının qarşısını almaq ölkənin iqtisadi inkişafına xeyir gətirmir".
Gülşən Şərif