• Bakı 25° C

    2.51 m/s

  • USD - 1.7

    EUR - 1.9627

    RUB - 2.3231

Yeni yaradılan sistem həkimlərin işini asanlaşdıracaq

CƏMİYYƏT

10 Iyun 2026 | 15:15

Yeni yaradılan sistem həkimlərin işini asanlaşdıracaq

Tibb Rəqəmsal Əkiz Sistemi yalnız vətəndaşlar üçün deyil, həm də həkimlər və tədqiqatçılar üçün mühüm imkanlar yaradacaq.

Bakıvaxtı.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin rəsmi “Instagram” hesabında keçirilən canlı yayım zamanı Rəqəmsal Səhiyyə Mərkəzinin mütəxəssisi Sevinc Məhərrəmova deyib.

Onun sözlərinə görə, vətəndaşların bütün sağlamlıq məlumatlarının vahid platformada cəmlənməsi səhiyyə sisteminin inkişafı baxımından böyük əhəmiyyət daşıyır.

Mütəxəssis bildirib ki, sistem gələcəkdə tibbi elmi tədqiqatların aparılmasına, əhalinin sağlamlıq vəziyyətinin daha dəqiq təhlil edilməsinə və müxtəlif xəstəliklərin monitorinqinə əlavə imkanlar yaradacaq. O qeyd edib ki, əhali sağlamlığının təhlili və monitorinqi səhiyyə sisteminin əsas istiqamətlərindən biridir və rəqəmsal ekosistem bu prosesləri daha effektiv həyata keçirməyə imkan verəcək.

Sevinc Məhərrəmovanın sözlərinə görə, sistem yalnız məlumatların toplanmasını deyil, həm də onların analitik təhlilini asanlaşdırır. Bu isə həm həkimlər, həm də tibbi araşdırmalarla məşğul olan mütəxəssislər üçün mühüm üstünlük hesab olunur.

O vurğulayıb ki, Tibb Rəqəmsal Əkiz Sistemi həkimlərin müalicə prosesini daha səmərəli qurmasına da kömək edəcək. Belə ki, pasiyentin əvvəlki analiz nəticələri, laborator müayinələri və digər tibbi məlumatları vahid platformada əlçatan olacaq, bu da bəzi müayinələrin və analizlərin təkrar aparılması ehtiyacını azaldacaq.

Mütəxəssis qeyd edib ki, sistem vasitəsilə həm həkimlər, həm də vətəndaşlar tibbi məlumatları rahat şəkildə izləyə biləcəklər. Mobil tətbiq üzərindən əldə olunan məlumatlar pasiyentin sağlamlıq tarixçəsini daha aydın şəkildə təqdim edəcək.

Onun sözlərinə görə, pasiyentin razılığı əsasında təqdim olunan məlumatlar həkimlərə daha düzgün diaqnoz qoymağa, daha keyfiyyətli müalicə üsulu seçməyə və nəticədə pasiyentin sağalma prosesinə daha effektiv şəkildə dəstək verməyə imkan yaradacaq.

Zeynəb Rzayeva


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR