"Azərbaycan və Ermənistan arasında Zəngəzur dəhlizi açıldıqdan sonra bu yoldan keçəcək dəmiryol xətti Azərbaycanın mülkiyyətində olmalıdır".
Bunu politoloq Məhəmməd Əsədullazadə Bakıvaxtı.az-a açıqlamasında deyib.
Onun sözlərinə görə, Sovet vaxtı Zəngəzurdan keçən dəmiryol xətti Azərbaycan Dövlət Dəmiryolunun balansında olub:
"Zəngəzur dəhlizində Rusiyanın nəzarət etməsi qabardılır. Yəni Ermənistan dəmiryollarının ümumilikdə Rusiya şirkətinin balansında olduğu vurğulanmaqla, bir növ Zəngəzurdan keçən dəmiryol xəttinin də "Rusiyaya aid olduğu" qeyd olunur”.
Məhəmməd Əsədullazadə, politoloq
Müsahibimiz bildirib ki, Ermənistan tərəfi Zəngəzurda dəmiryol xəttinin bərpası ilə bağlı müəyyən işlərə başlayacağını qeyd edib. Azərbaycan tərəfi Zəngəzur dəhlizindən keçəcək dəmiryolunda öz hüququnu, mülkiyyət hüququnu tələb etməlidir.
“Xatırladım ki, üçtərəfli bəyannamə artıq gündəmdən düşüb. Hazırda Azərbaycan və Ermənistan arasında ikitərəfli razılaşma var və dəhlizlə bağlı bütün danışıqlar, müzakirələr məhz ikitərəfli qaydada aparılır. Rusiya bu prosesdən kənarda saxlanmalıdır", - deyə Məhəmməd Əsədullazadə əlavə edib.
Aydın Baxış