Bayır şəhərin bir hissəsi, Təzə Pir məscidinin ətrafında 73 tarixi mədəniyyət abidəmiz var.
Bakıvaxtı.az xəbər verir ki, bunu Mədəniyyət Nazirliyinin yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Səbinə Hacıyeva deyib.
O bildirib ki, 73 abidədən yalnız 8-i digər funksiyalar üzrə fəaliyyət göstərir:
"Məsələn, hamam, məscid kimi fəaliyyətdə olanlar var. Onlar daimi istifadə olunduqlarına görə müxtəlif qorunma səviyyəsində bu günə çatıb. Hər biri dövlət tərəfindən qorunur. Binanın qorunması üçün bizim siyahıda memarlıq abidələri, arxeoloji abidələr, daşınmaz tarixi abidələr, bədii əsərlər kimi meyarlar var. Siyahımızda abidələr üç yerə bölünüb. Üç siyahıdan hər birində abidələr öz əhəmiyyət dərəcəsinə görə bölünür. Bunlar dünya əhəmiyyətli abidələr, ölkə əhəmiyyətli abidələr və yerli əhəmiyyətli abidələrdir".
O deyib ki, Ağabala Quliyevin malikanəsi ən gözəl memarlıq nümunəsidir:
"Bu bina inqilabdan sonra da istifadədə olub. O vaxtın ən möhtəşəm binalarından sayılan bu malikanə Bakı-Abşeron memarlıq üslubunda tikilib. Onun detallarındakı bir çox elementlər Şirvanşahlar sarayından götürülüb. Dövlət tərəfindən mühafizəyə alınmış abidələrin siyahısında Ağabala Quliyevin malikanəsi 172 inventar nömrəsi altında saxlanılır. Bayır şəhərin bir hissəsində, Təzəpir məscidinin ətrafında yerləşən abidələr içərisində ən yüksək qiymətləndirilən binalardan biridir. 1976-cı ilə qədər bu bina Şirvanşahlar sarayının əsas qoruq idarəsinin yeri kimi istifadə olunub. Sonra isə Memarlar İttifaqına verilib. Yəni, hazırda ictimai bina kimi istifadədədir. Abidələrin bəziləri dağılıb, bəziləri qorunub-saxlanılıb, bir çoxu yaşayış abidəsi kimi hələ də istifadədədir. Bu gün bizim əsas məqsədimiz bu cür binaları qoruyub saxlamaqdır".
Səbinə Hacıyeva onu da qeyd edib ki, o dövrdə tikilmiş ən parlaq nümunələrdən biri də Əlibəyov qardaşlarının evidir:
"Bu üçmərtəbəli binanın fasadları, giriş qapısından tutmuş içəriyə aparan pilləkənləri, ətrafları freskalarla işlənmiş divarları var. Günümüzə çox da yaxşı vəziyyətdə olmadan çatmasına baxmayaraq, dövlət tərəfindən qorunmaqdadır. Bu ev yaşayış binası olaraq öz funksiyasını qoruyub saxlayır. Tarixi memarlıq abidələrinin ən parlaq nümunələrdən sayıla bilər"./Apa
Bakı 










