• Bakı 29° C

    4.39 m/s

  • USD - 1.7

    EUR - 1.9844

    RUB - 2.125

Minsk qrupu söhbətinə Vaşinqtonda nöqtə qoyulacaq - AÇIQLAMA
SİYASƏT
07 Avqust 2025 | 14:42

Minsk qrupu söhbətinə Vaşinqtonda nöqtə qoyulacaq - AÇIQLAMA

 “Fikrimcə, Vaşinqton görüşü sülh sazişinin imzalanması istiqamətində önəmli addım ola bilər. Vaşinqtonda ya sülh sazişinin paraflanması baş tutacaq, ya da anlaşma memorandumu qəbul olunacaq”.

Bunu Bakıvaxtı.az-a “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Vaşinqtonda baş tutacaq Donald Tramp-İlham Əliyev -Paşinyan görüşünü şərh edərkən bildirib

Onun sözlərinə görə, bu, tam sülh müqaviləsi olmayacaq. Çünki Ermənistan Azərbaycanın iki tələbini yerinə yetirməyib:

“Yəni konstitusiyada zəruri dəyişikliklər etməyib və Minsk qrupundan imtina məsələsi həllini tapmayıb. Hesab edirəm ki, ikinci məsələ - Minsk qrupundan imtina Vaşinqtonda yoluna qoyula bilər. Ermənistanın baş naziri Nikol Paşinyana Vaşinqtonda öz ölkəsinin Minsk qrupundan imtinasını elan etməsinə heç nə mane olmur. Onsuz da faktiki olaraq, bu qrup yoxdur, bu qrupa heç ehtiyac da qalmayıb. Çünki Azərbaycan Qarabağ məsələsini həll edib. Üstəlik, həmsədrlərin özləri də etiraf edirlər ki, Minsk qrupu fəaliyyəti yoxdur. Məlum məsələ Vaşinqtonda qeyd olunarsa, bu, artıq irəliyə doğru atılmış addım sayıla bilər”.

Politoloq qeyd edib ki, Minsk qrupundan imtina məsələsi Vaşinqtonda həll oluna bilər:

“Paşinyan ortaya iradə qoyarsa, məsələ həllini tapar. Düzdür, Paşinyan bildirir ki, sülh sazişi imzalanan gün Minsk qrupundan imtina etməyə hazırdır, amma bunu uzatmağın məntiqini izah etmir. Bu məsələ həll olunsa, yalnız konstitusiya dəyişikliyi qalır. O da gələn ilin may ayından sonraya -  Ermənistanda baş tutacaq parlament seçkilərindən sonraya saxlanılıb”.

Elxan Şahinoğıu, politoloq

E.Şahinoğlu hesab edir ki, əslində bu məslənin gecikdirilməsinin yalnız Ermənistana ziyanı var. Azərbaycan torpaqlarını azad edib, quruculuq işləri aparılır, sərhədlərimizi müəyyən etmişik:

“Əslində Paşinyan sülhə tələsməlidir. Ona qarşı daxildən təzyiq var. Rusiyadakı şovinist dairələr onu devirməyə çalışır. Azərbaycanla Ermənistan arasında yekun sülh nə qədər tez imzalansa, Paşinyan ölkəsinə bir o qədər tez və çox xeyir vermiş olar”.

Müsahibimiz diqqətə çatdırıb ki, Amerika prezidenti Donald Trampa uğur hekayəsi lazımdır:

“Çünki verdiyi vədlərə uyğun olaraq, Rusiya-Ukrayna müharibəsini dayandıra, Yaxın Şərqə sülh gətirə bilmir. Bu mənada Vaşinqtonda Azərbaycan və Ermənistan rəhbərləri arasında hər hansı bir sənədin qəbulunu Tramp özünün uğuru kimi qələmə verəcək”.

Vaşinqton görüşünün Moskva və İranda doğuracağı reaksiyalara diqqət çəkən Şahinoğlu vurğulayıb ki, Amerikanın Cənubi Qafqazda fəallaşması onları qıcıqlandırır:

“Amma buna Azərbaycan və Ermənistan qərar verir. Rusiya Azərbaycanla münasibətləri korlayıb. Amerikada Zəngəzur dəhlizi ilə bağlı da fikir mübadiləsi aparılacaq. Rəsmi Vaşinqton istəyir ki, bu dəhlizi şirkətlərindən biri icarəyə götürsün. İran bunun əleyhinədir, amma Zəngəzur dəhlizinin İrana heç bir aidiyyəti yoxdur. Bu dəhlizlə bağlı Azərbaycan və Ermənistan qərar verməlidir. Vaşinqtonda sözügedən məsələ həll olunmasa da, bu istiqamətdə fikir mübadiləsinin aparılmasını proqnozlaşdırmaq olar. Vaşinqton görüşü sülh müqaviləsinin imzalanması yolunda önəmli bir məsafənin qət edilməsi olacaq”.

Aydın Baxış


SON XƏBƏRLƏR