6.3.14. diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyi
Azərbaycanın diaspor siyasətində gənclərlə bağlı layihələrin xüsusi yeri var.
Xaricdə yaşayan azərbaycanlı gənclərin milli kimliklərini qoruyub saxlamaları, Azərbaycanla əlaqələrinin gücləndirilməsi və fəal diaspor nümayəndələrinə çevrilmələri istiqamətində son illər əhəmiyyətli addımlar atılır.
Bakıvaxtı.az-ın məlumatına görə, bu məqsədlə həyata keçirilən ən uğurlu layihələrdən biri isə Diasporla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə keçirilən Diaspor Gənclərinin Yay Düşərgəsidir. Artıq altıncı dəfə təşkil edilən bu düşərgə dünyanın müxtəlif ölkələrində yaşayan soydaş gəncləri bir araya gətirərək, onları ortaq dəyərlər ətrafında birləşdirmək, Azərbaycan həqiqətlərini yerində öyrətmək və gələcək üçün şəbəkələşməni təşviq etmək baxımından strateji əhəmiyyət daşıyır.
Builki düşərgə də müxtəlif ölkələrdən gəlmiş gənclərin iştirak etdiyi, zəngin proqram və ideya mübadiləsi ilə yadda qalan bir tədbirə çevrilib. Regionların tanıdılması, yerli icmalarla ünsiyyət, Qarabağ və Şərqi Zəngəzur reallıqlarının təbliği, həmçinin vətənpərvərlik ruhunun aşılanması bu düşərgənin əsas istiqamətləri sırasındadır.
Lakin bu cür tədbirlərin yalnız təşkilati tərəfi deyil, həm də siyasi-strateji əhəmiyyəti və dövlət qurumları ilə koordinasiyası da diqqətəlayiqdir. Xüsusilə, Milli Məclis deputatlarının bu prosesdə rolu və baxış bucağı, gələcək layihələrin planlaşdırılmasında vacib məqamlardandır.
Məhz bu səbəbdən, Diaspor Gənclərinin 6-cı Yay Düşərgəsinin əhəmiyyəti, nəticələri və gələcək prespektivlərini daha dərindən araşdırmaq məqsədilə Bakıvaxtı.az olaraq Azərbaycan Respublikası Milli Məclisinin deputatı Naqif Həmzəyevə müraciət etdik.
Parlament üzvü diqqətə çatdırıb ki, bu gün Xankəndi şəhərində keçirilən Diaspor Gənclərinin VI Yay Düşərgəsi Azərbaycanın diaspor siyasətində yeni və önəmli bir mərhələnin başlanğıcıdır. Bu tədbirin məhz Xankəndidə təşkil olunması təsadüfi deyil. Xankəndi bizim üçün Azərbaycanın ərazi bütövlüyünün bərpasının və Qarabağ Zəfərinin canlı simvoludur. Burada, azad edilmiş torpaqlarda gənclərimizin bir araya gəlməsi, onların Vətən uğrunda aparılan mübarizənin şahidi olmaları deməkdir:
"44 günlük Vətən müharibəsindən sonra bu ərazilərdə belə mənalı tədbirlərin keçirilməsi ölkəmizin gücünü və dövlətimizin öz tarixi torpaqlarında davamlı mövcudluğunu nümayiş etdirir. Bu, həm də dünyaya mesajdır ki, Azərbaycan burada davamlıdır və normal həyat bərpa olunub".
Müsahibimiz xatırladıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən genişmiqyaslı diaspor siyasəti uğurla davam edir. Bu siyasətin əsas istiqamətləri diaspor ilə işin sistemli və davamlı şəkildə qurulması, gənclərə xüsusi diqqətin göstərilməsi, milli mədəniyyətimizin dünya miqyasında tanıdılması, həmçinin diaspor nümayəndələrinin ölkəmizin iqtisadi həyatına inteqrasiyasıdır. Bu il düşərgəyə 61 ölkədən 128 gəncin qatılması diaspor siyasətinin geniş coğrafiyada uğurla reallaşdığını göstərir. Gənclər arasında Vətənə olan marağın artması və diaspor təşkilatlarının səmərəli fəaliyyəti bu prosesin davamlı olduğunu sübut edir:
"Belə tədbirlər gənclərimizin milli kimliklərinin qorunması və möhkəmləndirilməsi baxımından əvəzolunmazdır. Vətəndən uzaqda yaşayan gənclərimiz ana dillərini inkişaf etdirir, milli ənənələrimizi öyrənir, tariximiz və mədəniyyətimizlə yaxından tanış olur, həmvətənləri ilə əlaqələr qururlar. Bu, milli kimliyin gələcək nəsillərə ötürülməsi üçün böyük önəm daşıyır. Xatırlatmaq istəyirəm ki, 61 ölkədən olan diaspor gəncləri gələcəkdə öz yaşadıqları ölkələrdə Azərbaycanın təbii səfirləri kimi çıxış edəcək, ölkəmizin həqiqətlərini dünyaya çatdıracaq, milli imicimizin möhkəmlənməsinə, beynəlxalq əlaqələrin genişlənməsinə öz töhfələrini verəcəklər. Gənclərin bu düşərgəyə artan marağı onun doğru prinsiplər üzərində qurulduğunu və müasir çağırışlara cavab verdiyini göstərir. Bu platforma gənclərin ehtiyaclarını nəzərə alır, onlara praktik fayda verir və uzunmüddətli əlaqələrin qurulmasına imkan yaradır".
Naqif Həmzəyev: Azərbaycan diaspor siyasəti məqsədyönlü və sistemli şəkildə həyata keçirilir
Parlament üzvü onu da əlavə edib ki, müasir dünyada diaspora gəncləri ikili kimlik problemi ilə üzləşirlər və bu cür tədbirlər həmin problemin həllində mühüm rol oynayır. Belə görüşlər milli kimliyin qloballaşan dünyada qorunmasına, müxtəlif mədəniyyətlər arasında körpü yaradılmasına, Azərbaycan mədəniyyətinin beynəlxalq səviyyədə təqdim olunmasına və beynəlxalq dialoqun inkişafına xidmət edir:
"Azərbaycan diaspor siyasəti məqsədyönlü və sistemli şəkildə həyata keçirilir. Prezident İlham Əliyevin rəhbərliyi altında bu siyasət öz nəticələrini göstərir. Diaspor gənclərinin vətənlə əlaqələrinin möhkəmləndirilməsi, onların milli kimliklərinin qorunması və gələcək nəsillərə ötürülməsi Azərbaycanın uzunmüddətli strateji maraqlarına tam uyğun gəlir. Hər bir gənc diaspor səfiri olaraq öz missiyasını dərk etməli, ölkəmizi dünyada layiqincə təmsil etməlidir".
Sonda həmsöhbətimiz gələcəkdə bu cür tədbirlərin daha da genişləndiriləcəyinə, yeni formatlar tətbiq ediləcəyinə və beynəlxalq təcrübələrdən istifadə olunacağına ümid etdiyini vurğulayıb.
Diaspor Gənclərinin VI Yay Düşərgəsinin Xankəndidə keçirilməsi Azərbaycan üçün həm milli birliyin, həm də qələbə tariximizin canlı təzahürüdür. Bu tədbir diaspor gənclərinin vətənlə əlaqələrini möhkəmləndirməklə yanaşı, onların milli kimliklərinin qorunması və gələcəkdə ölkəmizi layiqincə təmsil etmələri üçün vacib platforma yaradır. Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən diaspora siyasətinin uğurları və davamlılığı Azərbaycanın güclü dövlət kimi dünyada mövqeyinin möhkəmlənməsinə əhəmiyyətli töhfə verir. Gənclərimizin bu cür layihələrdə iştirakı onların həm milli-mənəvi dəyərlərimizə bağlılığını artırır, həm də Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun yüksəlməsinə şərait yaradır. Bu səbəbdən, belə tədbirlərin davamlı olaraq təşkili və genişləndirilməsi ölkəmizin gələcək inkişafı üçün strateji əhəmiyyət daşıyır.
Əli Hüseynov
Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə hazırlanıb