• Bakı 12° C

    5.14 m/s

  • USD - 1.7

    EUR - 1.9811

    RUB - 2.2291

Avropanın Rusiyaya qarşı sanksiyaları: Kim uddu, kim uduzdu?
SİYASƏT
05 Dekabr 2025 | 16:36

Avropanın Rusiyaya qarşı sanksiyaları: Kim uddu, kim uduzdu?

Avropa Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalara görə ümumilikdə 1,6 trilyon avroya qədər itkiyə məruz qalıb.

Bakıvaxtı.az xəbər verir ki, bu iddia ilə Rusiyanın Türkiyədəki müvəqqəti işlər vəkili Aleksey İvanov BMT-nin Beynəlxalq Birtərəfli Məcburiyyət Tədbirlərinə Qarşı Mübarizə Gününü qeyd etmək üçün Ankarada Rusiya Evi tərəfindən təşkil edilən tədbirdə çıxış edib:

"2022-ci ildən 2025-ci ilə qədər Rusiyaya qarşı birtərəfli sanksiyalar nəticəsində Avropa ölkələrinin ümumi iqtisadi itkilərinin 1,3 ilə 1,6 trilyon avro arasında olduğu təxmin edilir. Əlbəttə ki, Rusiyada fəaliyyət göstərən, lakin inkişaf edən Rusiya bazarını tərk etməyə məcbur olan Avropa şirkətləri də zərər çəkib. Bu şirkətlərin ümumi itkiləri təxminən 400 ilə 500 milyard avro arasındadır. Almaniya, Fransa, İtaliya və Hollandiya birtərəfli anti-Rusiya sanksiyalarının zərbəsini hiss edən ölkələr arasındadır".

İvanovun iddiasına görə, Almaniya anti-Rusiya siyasətinə görə bəlkə də qlobal bazarda ən böyük itirəndir, çünki Almaniyanın bütün sənayesi və böyüməsi Rusiyadan aldığı ucuz enerji resurslarından asılıdır:

"Amma indi Almaniya, əlbəttə ki, bundan məhrumdur və Avropa iqtisadiyyatının sərhədi kimi rolunu itirir. Almaniyada iflas dalğasını və yenə də çox aşağı ÜDM artımını görə bilərsiniz".

Avropada dondurulmuş Rusiya aktivlərindən danışan İvanov deyib ki, bu, soyğunçuluqdur:

"Rusiyanın təxminən 300 milyard dollarlıq suveren aktivləri Avropa ölkələri, xüsusən də Euroclear depozitari tərəfindən dondurulub. Gəlin bu fenomen barədə açıq danışaq - bu, açıq soyğunçuluqdur. Və bu, bizi təəccübləndirmir, çünki avropalılar əsrlər boyu soyğunçuluqla məşğul olublar. Onlar digər suveren ölkələri, onların müstəmləkələrini və sərvətlərini soyublar. Bu, onların məntiqidir".

Onun sözlərinə görə, Avropa indi "ciddi hüquqi nəticələrə yol vermədən Rusiya pullarını necə əldə etmək barədə açıq müzakirələr aparır": "Onlar bir yol tapa bilmirlər. Avropada hələ də çox az olsa da, bir neçə ağıllı insan var. Və onlar başa düşürlər ki, daha da irəli gedib bu son cəhdi edib Rusiyanı suveren aktivlərindən məhrum etsələr, qırmızı xətti keçəcəklər və bütün nüfuzlarını itirəcəklər. Və onlar üçün nəticələr daha pis olacaq".

Politoloq Tural İsmayılov Bakıvaxtı.az-a bildirib ki, İvanovun səsləndirdiyi 1,6 trilyon avroluq itki rəqəmi daha çox siyasi ritorika xarakteri daşıyır və müstəqil iqtisadi hesabatlarla tam təsdiqlənmir.

Onun sözlərinə görə, doğrudur, Avropa ölkələri sanksiyalar nəticəsində enerji böhranı, inflyasiya və istehsal xərclərinin artımı ilə üzləşdi. Xüsusilə Almaniya sənayesi ucuz Rusiya qazından məhrum olduqdan sonra rəqabət qabiliyyətində itkilər yaşadı:

“Lakin Avropa bu prosesi struktur islahatları və alternativ enerji mənbələrinə keçidlə kompensasiya etməyə çalışdı. Digər tərəfdən, sanksiyaların əsas və birbaşa zərbəsi Rusiyanın öz iqtisadiyyatına dəyib. Rusiya maliyyə sisteminin qlobal bazarlardan kənarlaşdırılması uzunmüddətli inkişaf imkanlarını ciddi şəkildə məhdudlaşdırıb. Texnologiya, aviasiya, enerji avadanlıqları və yüksək dəqiqlikli istehsal sahələrində Rusiyanın asılılığı açıq şəkildə ortaya çıxıb”.

Tural Rzayev: Rusiyanın yalnız Avropanın itkilərini önə çəkməsi obyektiv iqtisadi mənzərəni tam əks etdirmir

 Onun sözlərinə görə, xarici investisiyaların kəskin azalması Rusiyada iqtisadi durğunluğu dərinləşdirib. Rublun sabitliyi inzibati metodlarla qorunur və bu, real iqtisadi gücü əks etdirmir. Avropa şirkətlərinin bir hissəsi Rusiyanı tərk edərək qısa müddətli itki versə də, yeni bazarlara çıxmaqla alternativ gəlir mənbələri formalaşdırıb. Rusiya isə bazarlarını əsasən Çin və məhdud sayda regional tərəfdaşlara bağlamağa məcbur qalıb. Bu isə rəsmi Moskvanın iqtisadi manevr imkanlarını daraldır. Geosiyasi mənada sanksiyalar Moskvanın Qərbdəki təsir alətlərini zəiflədib.

Analitik əlavə edib ki, Avropa isə təhlükəsizlik və enerji şaxələndirilməsi baxımından daha müstəqil mövqeyə çıxmağa çalışır:

"Qısamüddətli perspektivdə Avropa müəyyən iqtisadi ağrılar yaşasa da, uzunmüddətli strategiyada üstünlüyü qorumağa yönəlib. Rusiya tərəfinin yalnız Avropanın itkilərini önə çəkməsi obyektiv iqtisadi mənzərəni tam əks etdirmir. Reallıq ondan ibarətdir ki, sanksiyalar qarşılıqlı itkilər yaradıb, lakin struktur və strateji baxımdan ən ağır zərbə yenə də Rusiya iqtisadiyyatına dəyib".

Aynur Babazadə


SON XƏBƏRLƏR