• Bakı 18° C

    7.03 m/s

  • USD - 1.7

    EUR - 1.9122

    RUB - 2.1087

Azərbaycan-İtaliya hərbi əməkdaşlığı: Strateji tərəfdaşlıqdan praktiki layihələrə
SİYASƏT
20 May 2025 | 16:24

Azərbaycan-İtaliya hərbi əməkdaşlığı: Strateji tərəfdaşlıqdan praktiki layihələrə

Azərbaycanla İtaliya arasında münasibətlər yalnız diplomatik və iqtisadi sahələrlə məhdudlaşmır, bu əlaqələrin mühüm komponentlərindən biri də hərbi əməkdaşlıqdır.

Bakıvaxtı.az-ın məlumatına görə, son illərdə bu sahədə əlaqələrin intensivləşməsi, qarşılıqlı səfərlərin və görüşlərin artması, təcrübə mübadilələrinin genişləndirilməsi bu əməkdaşlığın strateji xarakter daşıdığını göstərir.

Azərbaycanın İtaliyada hərbi attaşeliklə təmsil olunması bu sahəyə verilən önəmin göstəricisidir. Müdafiə Nazirliyinin yüksək səviyyəli nümayəndələrinin, o cümlədən, Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyevin İtaliya hərbi rəhbərliyi ilə dəfələrlə keçirdiyi görüşlər, tərəflər arasında formalaşmış strateji etimadın təzahürüdür.

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən hərbi ekspert, ehtiyatda olan polkovnik Üzeyir Cəfərov bildirib ki, İtaliya ilə hərbi sahədə əməkdaşlığın önəmli istiqamətlərindən biri hərbi təhsildir. İtaliyalı mütəxəssislərin Azərbaycanda tədris və təlimlə tanış olması, qarşılıqlı şəkildə təcrübə öyrənməyə imkan yaradır. Bu, yalnız texniki biliklərlə deyil, həm də idarəetmə və planlaşdırma təcrübəsinin mübadiləsi ilə nəticələnir. Həmçinin hərbi tibb sahəsində də əməkdaşlıq perspektivləri genişlənir – bu sahə xüsusilə münaqişə sonrası reabilitasiya və tibb xidməti sahələrində böyük əhəmiyyət kəsb edir.

Üzeyir Cəfərov: Bu əməkdaşlıq həm də regional təhlükəsizliyin və sabitliyin qorunmasına xidmət edir

Həmsöhbətimizin sözlərinə görə, Azərbaycan ilə İtaliya arasında texniki və hərbi-texnoloji əməkdaşlıq təkcə Müdafiə Nazirliyi çərçivəsində aparılmır. Müdafiə Sənayesi Nazirliyi də bu istiqamətdə əhəmiyyətli addımlar atır. Tərəflər arasında birgə layihələr hazırlanır, müdafiə sahəsində istehsal və modernləşmə yönündə əməkdaşlıq imkanları nəzərdən keçirilir. Bu kontekstdə, İtaliya nümayəndə heyətinin Azərbaycanda keçirdiyi çoxsaylı görüşlər xüsusi əhəmiyyət kəsb edir:

"İki ölkə arasında əməkdaşlığın daha sistemli şəkildə aparılması üçün Müdafiə Nazirliyi nəzdində müvafiq işçi qruplar yaradılıb. Bu qruplar birgə layihələrin koordinasiyası, təcrübə mübadiləsinin təşkili və icra proseslərinin izlənməsində mühüm rol oynayır. Əlavə olaraq, texniki inspeksiya və nəzarət mexanizmləri vasitəsilə əməkdaşlığın effektivliyi təmin edilir".

Müsahibimiz diqqətə çatdırıb ki, Azərbaycan-İtaliya hərbi əməkdaşlığı yalnız simvolik və nümayişkaranə səviyyədə deyil, real məzmun və strateji hədəflərlə zəngindir:

"Bu əməkdaşlıq təkcə ölkələrin hərbi imkanlarının gücləndirilməsinə deyil, həm də regional təhlükəsizliyin və sabitliyin qorunmasına xidmət edir. İki tərəf arasında formalaşmış qarşılıqlı etimad, gələcəkdə daha irimiqyaslı və dərin layihələrin reallaşacağına əsaslı zəmin yaradır".

Əli Hüseynov


SON XƏBƏRLƏR