• Bakı 27° C

    1.02 m/s

  • USD - 1.7

    EUR - 1.9849

    RUB - 2.1912

Azərbaycan Yaxın Şərq dövlətləri ilə ikitərəfli əlaqələri dərinləşdirir - AÇIQLAMA
SİYASƏT
12 Iyul 2025 | 17:14

Azərbaycan Yaxın Şərq dövlətləri ilə ikitərəfli əlaqələri dərinləşdirir - AÇIQLAMA

Azərbaycan Prezidenti İlham Əliyevin Suriyanın keçid dövrü Prezidenti Əhməd Əl Şaraa ilə Bakıda keçirdiyi görüş regionda yeni əməkdaşlıq səhifəsinin açılması baxımından mühüm əhəmiyyət daşıyır. 

Məsələni Bakıvaxtı.az-a şərh edən Milli Məclisin deputatı, hüquqşünas Bəhruz Məhərrəmov bu səfərin Bakı-Dəməşq münasibətlərində tam fərqli bir mərhələnin əsasını qoyduğunu bildirib.

Parlamentari deyib ki, Suriyanın keçid dövrü Prezidenti Əhməd Əl Şaraanın Azərbaycana işgüzar səfəri və Bakıda Prezident İlham Əliyevlə görüşü Bakı–Dəməşq münasibətlərində yeni və tam fərqli məzmunda mərhələnin başlanğıcıdır:

"Görüşdə dövlət başçımızın da qeyd etdiyi kimi, uzun illər ərzində Azərbaycana münasibətdə qeyri-dost siyasəti həyata keçirən Suriyadakı əvvəlki hökumətin vaxtında münasibətlərimizdə durğunluq olub və Suriyada yeni hakimiyyətin qurulmasından sonra əlaqələrimizin inkişafı üçün böyük perspektivlər açılıb".

Deputat əlavə edib ki, İlham Əliyevin aprelin 11-də Antalyada Əhməd Əl Şaraa ilə keçirdiyi görüş də bir daha göstərdi ki, Suriyada Əsəd rejiminin devrilməsi Bakı tərəfindən müsbət qarşılanıb və bu, iki ölkə arasında əməkdaşlıq üçün yeni imkanlar açıb.

Millət vəkili qeyd edib ki, Azərbaycanın həyata keçirdiyi tarazlaşdırılmış və çoxşaxəli xarici siyasət nəticəsində ölkəmiz bölgənin yeni hərbi-siyasi güc mərkəzinə çevrilib:

"Vətən müharibəsi və antiterror tədbirlərində əldə edilən hərbi-siyasi qələbələr sayəsində Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və milli maraqları tam şəkildə təmin olunub. Bu reallıqlar Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzunun əsas göstəricisidir".

Bəhruz Məhərrəmov vurğulayıb ki, Azərbaycan uzun illər etibarlı tərəfdaş kimi çıxış edib və indi regionda sağlam maraqları olan bütün aktorlar üçün Bakı ilə əməkdaşlıq strateji əhəmiyyət kəsb edir:

"Bu mənada, Yaxın Şərq dövlətləri ilə ikitərəfli əlaqələrin dərinləşdirilməsi Azərbaycanın xarici siyasət kursunun əsas istiqamətlərindən biridir".

Deputat həmçinin bildirib ki, Cənubi Qafqazda və Suriya ətrafında yaranan yeni təhlükəsizlik mühiti Azərbaycanın artan lider rolu ilə sıx bağlıdır:

"Prezident İlham Əliyevin qlobal nüfuzu və prinsipial siyasi xətti Bakını regional və beynəlxalq proseslərdə həlledici güc mərkəzinə çevirib".

Məhərrəmovun sözlərinə görə, Əsəd rejiminin təcavüzkar siyasəti Bakı-Dəməşq münasibətlərinin 10 ildən artıq müddətə iflic olmasına səbəb olub:

"Hətta bu rejim açıq şəkildə Ermənistanın işğal siyasətinə dəstək verirdi. Amma Suriyada baş verən dəyişikliklər fonunda Azərbaycan ilk olaraq nümayəndə heyəti göndərib və uzun müddətdir fəaliyyətsiz olan Suriyadakı səfirliyimizin işi bərpa olunub".

Millət vəkili əlavə edib ki, Əhməd Əl Şaraa istər Antalyadakı görüşdə, istərsə də Bakıya səfəri zamanı açıq şəkildə ölkəsinin Azərbaycanla siyasi, iqtisadi, mədəni və humanitar sahələrdə əməkdaşlıqda maraqlı olduğunu ifadə edib.

Deputat qeyd edib ki, Suriya hazırda ciddi enerji çatışmazlığı ilə üz-üzədir və Azərbaycan bu sahədə dəstək verməyə tam qadirdir:

"Türkiyə üzərindən Suriyaya qaz ixracı planlaşdırılır və bu layihə Azərbaycanın regionun enerji təhlükəsizliyinə töhfə verməsinin göstəricisidir".

Sonda parlamentari bildirib ki, Azərbaycanın Suriyaya yönəlik siyasəti yalnız enerji və diplomatik münasibətlərlə məhdudlaşmır:

"Humanitar, təhsil və mədəniyyət sahələrində əməkdaşlığın genişləndirilməsi, o cümlədən suriyalı tələbələrə təqaüdlərin verilməsi və mədəni irsin bərpası istiqamətində işlər aparılır. Eyni zamanda Azərbaycan Suriyada sabitliyin bərpası prosesində həm ikitərəfli, həm də Azərbaycan–Suriya–Türkiyə üçtərəfli əməkdaşlıq formatında iştirak etməyə hazırdır".

Əli Hüseynov


SON XƏBƏRLƏR