Səhiyyə Nazirliyi tərəfindən işğaldan azad edilmiş ərazilərdə “Böyük Qayıdış” Dövlət Proqramı çərçivəsində səyyar tibbi aksiyalar davam etdirilir.
Bakıvaxtı.az xəbər verir ki, növbəti aksiya Laçın Rayon Mərkəzi Xəstəxanasında təşkil olunub.
Səhiyyə Nazirliyinin təşkilatçılığı və Azərbaycan Tibb Universitetinin Tədris Stomatoloji Klinikasının həkim briqadasının iştirakı ilə keçirilən aksiya zamanı Laçın sakinləri, eləcə də “Böyük Qayıdış” proqramı çərçivəsində bölgədə çalışan mütəxəssislər ödənişsiz stomatoloji müayinələrdən keçirilib və onlara konsultativ tibbi xidmət göstərilib.
Aksiya zamanı müasir tibbi texnologiyalardan biri olan BPR Swiss SMART-PORT portativ stomatoloji qurğusundan istifadə edilib. Tam avtonom iş rejiminə malik qurğu səyyar şəraitdə stomatoloji xidmətlərin göstərilməsinə imkan verib.
Bildirilib ki, portativ sistemin qısa müddətdə quraşdırılması və zəruri stomatoloji avadanlıqlarla təchiz olunması müayinə və müalicə prosesinin operativ təşkilinə şərait yaradıb.
Aksiyanın əsas məqsədi əhalinin ağız və diş sağlamlığının qiymətləndirilməsi, stomatoloji xəstəliklərin erkən aşkarlanması, profilaktik tədbirlərin həyata keçirilməsi və sağlam həyat tərzinin təşviq olunması olub.
Azərbaycan Tibb Universitetinin Tədris Stomatoloji Klinikasının direktoru İmran Ağayevin rəhbərlik etdiyi həkim briqadasında stomatoloq-terapevt, ortodont, ortoped, cərrah və uşaq stomatoloqları iştirak edib.
Ümumilikdə, 90-a yaxın vətəndaş tibbi müayinədən keçirilib. Ehtiyac olan şəxslərə müvafiq müalicə prosedurları tətbiq olunub, profilaktik tövsiyələr və fərdi konsultasiyalar verilib.
Səyyar tibbi aksiyaların işğaldan azad edilmiş ərazilərdə səhiyyə xidmətlərinin əlçatanlığının artırılmasına və əhalinin sağlamlığının qorunmasına xidmət etdiyi bildirilib.















