Avstriyada təlim-məşq toplanışında olan "Qarabağ" klubu növbəti yoxlama oyununda qalib gəlib.
Bakıvaxtı.az-ın məlumatına görə, Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv Niderland təmsilçisi "Tvente"ni məğlub edib.
Qarşılaşma Ağdam təmsilçisinin 3:2 hesablı qələbəsi ilə bitib.
"Köhlən atlar" bu gün eyni komanda ilə daha bir oyun keçirəcək. Həmin görüş saat 19:15-də başlayacaq.
Azərbaycan çempionu Avstriyadakı ilk qarşılaşmada Ukraynanın "Metallist" (Xarkov) kollektivinə uduzub - 4:5. "Köhlən atlar" Bakıdakı yoxlama matçında isə "Zirə"ni 4 cavabsız qolla üstələyib.
Qeyd edək ki, "Qarabağ" UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində "Şelburn" (İrlandiya) - "Linfild" (Şimali İrlandiya) cütünün qalibi ilə qarşılaşacaq. Bu raundun ilk görüşü iyulun 22-23-də, cavab qarşılaşması 29-30-da baş tutacaq.