Rusiya Federasiyası Dövlət Duması ölkə universitetlərindən birində tələbəsinin neyron şəbəkədən istifadə edərək yazdığı diplom işinin universitet rəhbərliyi tərəfindən ləğv edilməsi məsələsinə reaksiya verib. Dövlət Dumasının Elm və Ali Təhsil Komitəsi sədrinin birinci müavini Aleksandr Majuqa bildirib ki, universitet rəhbərliyi neyroşəbəkə (süni intellekt) vasitəsi ilə yazılmış diplom işini ləğv etməməlidir.
Bu siruasiyada tələbə təbii ki, düzgün hərəkət etməyib, amma onun bu təcrübəsi elm-təhsil ictimaiyyəti üçün ciddi siqnal, xəbərdarlıq olmalıdır.
Diplom işi universitet tərəfindən “kafi” olaraq qiymətləndirilib. Məlum olub ki, süni intellekt əla reytinqə layiq elmi iş yazmağa hələ hazır deyil. Bu situasiyada müəllim tədqiqat işini daha diqqətlə nəzərdən keçirməli idi. Onun vəzifəsi tədqiqat mövzunu formalaşdırmaq və hər mərhələdə onun icrasına ciddi nəzarət etmək idi.
Müəllim bu işi nəzərdən qaçırıbsa, işin süni intellekt tərəfindən yazılmasını tuta bilməyibsə, deməli, həqiqətən də bu işdə nə isə müsbət, maraqlı məqam olub, bu səbəbdən də o, qiymət ala bilib. Bu, pedaqoji ictimaiyyət üçün bir təcrübədir, gələcəkdə belə halların qarşısını almaq üçün indidən müəyyən tədbirlər görülməlidir. Belə hallar gələcəkdə başqa ölkələrdə, o cümlədən bizdə də ola bilər. Tələbələrin tədqiqat işlərinin yazılması prosesində elmi rəhbərlər diqqətli olmalıdırlar.
Qeyd edək ki, süni intellekt əvvəllər də elmi jurnallarda dərc olunan və konfrans çıxışlarında istifadə olunan elmi məqalələr yazıb. Bu halda isə tələbə süni intellektin başqa bir imkanını göstərə bilib. Yəni, tələbə tədqiqat işi yazarkən süni intellektin imkanlarını göstərən yaxşı elmi eksperiment aparıb.
Hər bir tələbə öz diplom işində onun mövcud məlumatları təhlil etmək, məntiqi nəticələr çıxarmaq, ədəbiyyatla işləmək, elmi araşdırmalar aparmaq, nəticə göstərmək, bu barədə danışmaq, yazmaq bacarığını əyani göstərməlidir. Bu halda təbii ki, tədqiqat işini yazan tələbə özü deyildi. Bunu onun əvəzinə süni intellekt edib.
Prosesin necə baş verdiyinə diqqət etsək, görərik ki, tələbənin bu işdə müəyyən xidmətləri olub. O tapşırığı tərtib edib, işin hansı bölmələrində hansı mətnlərin olmasını, bu mətnlərin hansı məzmunda verilməsini sistemin anlayacağı formada qeyd edib. Daha sonra süni intellekt ədəbiyyatı axtarıb, təhlil edib və bunun əsasında orijinal mətnlər hazırlayıb.
Biz yeni texnologiyalar əsrində yaşayırıq. Bu gün həqiqətən də belə nəticələr verə biləcək texnologiyalar var. Amma çox vaxt ayrı-ayrı tələbələr müəllimlərindən, hətta bəzən universitetdən daha “uzaqgörən” olur, onları aldatmağa müvəffəq olur. Təbii ki, müəyyən vaxtdan sonra həqiqət üzə çıxır. Sadəcə, universitetlər, fənn müəllimləri belə faktlara diqqət yetirməli və şagirdlərlə daha fəal işləməlidirlər.
Bəs bu “cinayət” necə açılıb? Tələbə bu barədə sosial şəbəkədə danışıb. Yazıb ki, bütün işi tamamlamaq üçün mənə 23 saat lazım olub və əsərin orijinallığı 82% təşkil edib (antiplagiat yoxlaması nəticəsində). Bu etirafdan sonra sosial şəbəkə istifadəçilərindən bəziləri universitet rəhbərliyinə bu barədə məlumat verib və nəticənin ləğv edilməsini xahiş ediblər.
Dövlət Dumasının rəsmilərinin məsələyə qarışması, tələbəni xilas edib. Çünki, bu, həm də universitetlərə bir təcrübə, dərs oldu...
Bakıvaxtı.az