“İranın Zəngəzur dəhlizinin açılması ilə bağlı prosesin sürətlənməsindən narahatlığı bizim üçün təəccüblü deyil".
Bunu Bakıvaxtı.az-a açıqlamasında politoloq Turab Rzayev deyib.
Ekspert vurğulayıb ki, faktiki olaraq İran Zəngəzur dəhlizinin açılmasına qarşı çıxır:
"Tehran rejimi Zəngəzur dəhlizini hər şeydən öncə Azərbaycan və Türkiyənin birləşməsi, türk dünyasının güclənməsi kimi görür və buna mane olmağa çalışır. İran hər zaman çalışıb ki, Azərbaycan Naxçıvana və Türkiyəyə gediş-gəlişdə Tehrandan asılı olsun. Elə buna görə dəhliz söhbəti gündəmə gələndə "qırmızı xətt" söhbətini ortalığa atırdı”.
Müsahibimiz qeyd edib ki, düzdür, son hadisələr fonunda İran bu məsələdə geriyə addım atmağa məcbur oldu. Xüsusən, İsrail-İran müharibəsində ağır zərbələr alması və öz müttəfiqlərindən yetərli dəstək görə bilməməsi səbəbindən mövqelərində yumşalma nəzərə çarpdı. İndi dəhlizin "Tramp marşrutu" adlandırılması da İranı və Rusiyanı narahat etməkdədir.
Turab Rzayev: Dəhlizin "Tramp marşrutu" adlandırılması da İranı və Rusiyanı narahat etməkdədir
Analitik qeyd edib ki, Tehran hökuməti dəhlizin ümumən əleyhinə olmadıqlarını açıqlasa da, yola ABŞ-yə məxsus şirkətin nəzarət etməsinin onların maraqlarına zidd olduğunu iddia edir:
"İran düşünür ki, ABŞ-nin bölgəyə gəlməsi ilə Ermənistan üzərindən Gürcüstana, Qara dənizə və dünyaya çıxışı əngəllənə bilər. Hesab edir ki, ABŞ bölgəyə öz kəşfiyyatçılarını gətirəcək və s. Bunu özünə təhdid kimi görən İran dolayı yollarla prosesə əngəl törətməyə, yubatmağa, qarşısını almağa çalışır və çalışacaq. Buna nail olub-olmayacağını isə zaman göstərəcək".
Aydın Baxış