Yunanıstan Baş naziri Kiryakos Miçotakis Fələstinin dövlət kimi tanınacağını bəyan edib. Bu açıqlama beynəlxalq arenada diqqət doğurub və xüsusən Yaxın Şərqdə baş verən proseslər kontekstində müxtəlif sualları gündəmə gətirib.
Mövzunu Bakıvaxtı.az-a şərh edən politoloq Züriyə Qarayeva bildirib ki, Fələstinin tanınması, regionda uzun illərdir davam edən münaqişənin diplomatik müstəviyə daşınmasına kömək edə bilər. Onun fikrincə, bu addım Fələstin tərəfinin beynəlxalq legitimliyini gücləndirəcək və onu sülh prosesində daha güclü tərəf kimi çıxış etməyə imkan verəcək:
“Eyni zamanda, tanınma aktı münaqişə tərəfləri arasında dialoqun genişlənməsinə stimul verə bilər. Lakin nəzərə almaq lazımdır ki, sabitliyin təmin olunması təkcə tanınma ilə mümkün deyil, həm də böyük güclərin siyasi iradəsindən asılıdır”.
Müsahibimiz bildirib ki, Yunanıstanın Fələstini tanıması, şübhəsiz, İsraildə narazılıqla qarşılanacaq. Dediyinə görə, İsrail bu addımı öz maraqlarına qarşı atılmış siyasi jest kimi qiymətləndirə bilər. Nəticədə iki ölkə arasında münasibətlərdə müəyyən soyuqluq müşahidə oluna bilər. Bununla belə, Yunanıstan Avropa İttifaqı çərçivəsindəki mövqeyini və beynəlxalq nüfuzunu nəzərə alaraq balans siyasəti yürütməyə çalışacaq.
Züriyə Qarayeva: Yunanıstanın Fələstini tanıması İsraillə münasibətlərdə soyuqluq yarada bilər
Politoloq hesab edir ki, rəsmi tanınmadan sonra Fələstinlə diplomatik münasibətlər qurulması mümkün olacaq. Z.Qarayeva deyib ki, tanınma aktı avtomatik olaraq diplomatik münasibətlərin qurulmasına zəmin yaradır:
“Bu, səfirliklərin açılması, diplomatik nümayəndəliklərin təsis edilməsi və rəsmi əməkdaşlıq formatlarının formalaşması ilə müşayiət oluna bilər. Bundan əlavə, Yunanıstan və Fələstin arasında iqtisadi və mədəni sahələrdə əməkdaşlıq imkanları da genişlənəcək. Beləliklə, tanınma təkcə siyasi deyil, həm də praktik nəticələr doğuracaq”.
Bu qərarın beynəlxalq müstəvidə əks-sədasına gəlincə, həmsöhbətimiz qeyd edib ki, Yunanıstanın Fələstini tanıması digər Avropa ölkələri üçün də nümunə ola bilər.
“Bu addım Fələstin məsələsinin yenidən beynəlxalq gündəmə çıxmasına xidmət edəcək. Eyni zamanda, ABŞ və Avropa İttifaqının reaksiyası prosesin gələcək istiqamətini müəyyən edəcək. Beləliklə, Yunanıstanın mövqeyi həm regional, həm də qlobal səviyyədə mühüm siyasi reverberasiya doğura bilər”, - deyə Züriyə Qarayeva əlavə edib.
Zülfü Məmmədov