• Bakı 24° C

    7.13 m/s

  • USD - 1.7

    EUR - 1.9913

    RUB - 2.0786

Turistlərin Şəhidlər xiyabanında nalayiq hərəkətləri - Deputat ÇIXIŞ YOLUNU GÖSTƏRDİ

CƏMİYYƏT

08 Sentyabr 2025 | 16:17

Turistlərin Şəhidlər xiyabanında nalayiq hərəkətləri - Deputat ÇIXIŞ YOLUNU GÖSTƏRDİ

Azərbaycanda daha bir xarici turist şəhidlərin ruhuna hörmətsizlik edib.

Belə ki, tanınmış iranlı bloger Milad Hadinejad Bakıda Şəhidlər xiyabanında qeyri-etik videolar çəkərək paylaşmaqla yanaşı, Əbədi Məşəl abidəsi barədə yanlış məlumat yayıb.

Bakıvaxtı.az xatırladır ki, bundan əvvəl də xarici turistlər tərəfindən şəhidlərimizə hörmətsilik edilib. Belə ki, avqustun 17-də üç Səudiyyə Ərəbistanı vətəndaşı Şəhidlər xiyabanında nalayiq hərəkətlər etməklə çəkdikləri videogörüntünü sosial şəbəkələrdə paylaşıblar.

Həmçinin bir neçə gün öncə Şəhidlər xiyabanına gətirilən bir qrup turist əbədi məşəl abidəsinin önündə rəqs etməyə cəhd edib. Ancaq hadisəyə şahid olan bir vətəndaş buna icazə verməyib. O, turist bələdçisinə sərt şəkildə xəbərdarlıq edib.

Sosial şəbəkədə yayılan bu görüntülər cəmiyyətdə ciddi narahatlıq yaradıb.

Xüsusilə Şəhidlər xiyabanı kimi müqəddəs bir məkanda baş verənlər ictimai qınağa səbəb olmaqla yanaşı, belə halların qarşısının alınması zərurətini də gündəmə gətirib.

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirib ki, bəzi hallarda insanlar bu məsələləri bir qədər dramatikləşdirir və faciələşdirirlər.

Bununla yanaşı deputat qeyd edib ki, şəhidlər bizim üçün çox önəmlidir, bizim həssas yerimizdir və biz onlara hörmətlə, ehtiramla yanaşmalıyıq. Ölkəmizə gələn insanlar da bunu nəzərə almalıdır.

“Mən düşünürəm ki, bu məqsədlə Şəhidlər xiyabanının qarşısında müxtəlif dillərdə geniş məlumatların verilməsinə ehtiyac var. Çünki bu şəhidlər bizim üçün müqəddəsdir, lakin başqa xalqlar üçün eyni emosional anlam daşımaya bilər. Onlar bizim şəhidlərimizdir. Ona görə də hadisələri həddən artıq dramatikləşdirmədən, sadəcə maarifləndirmə və təbliğat aparmaq lazımdır”.

Turizmin də bizim üçün önəmli olduğunu deyən C.Məmmədov əlavə edib ki, ölkəmizdə bu sahənin inkişaf etməsi üçün hər birimiz çalışmalı və səy göstərməliyik.

Ceyhun Məmmədov: Hadisələri dramatikləşdirmədən, sadəcə maarifləndirmə və təbliğat aparmaq lazımdır

Müsahibimizin sözlərinə görə, turistlərlə birlikdə onları müşahidə edən insanlar olur ki, onlara da düzgün məlumat çatdırılmalıdır.

Deputata görə, elə bir mexanizm düşünmək olar ki, Azərbaycana daxil olan kimi turistlərə ölkəmiz haqqında avtomatik olaraq müəyyən məlumatlar göndərilsin:

“Bunun üçün müxtəlif QR kodlar və texnologiyalar mövcuddur. Onların vasitəsilə turistlər ölkəmiz haqqında faydalı məlumat və bilgilərə asanlıqla sahib ola bilərlər. Bu istiqamətdə bizim üzərimizə düşən əsas məsələ girişdə məlumatlandırıcı lövhələrin, şəkillərin və digər maarifləndirici vasitələrin qurulmasıdır”.

Mina Mikayılova


SON XƏBƏRLƏR