Bakının Binəqədi rayonu Biləcəri qəsəbəsi ərazisində ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Bakıvaxtı.az xatırladır ki, hadisə sentyabrın 6-da səhər saatlarında qeydə alınıb. Belə ki, hərəkətdə olan “KamAZ” markalı yük maşını idarəetmədən çıxaraq minik avtomobilinin üzərinə aşıb. Hadisə nəticəsində 3 nəfər dünyasını dəyişib, xəsarət alanlar olub.
Həmçinin bir neçə avtomobil tamamilə yararsız vəziyyətə düşüb.
Dünyasını dəyişənlərdən biri yük maşınının sürücüsüdür.
Əgər hadisədə təqsirli olan şəxs qəza zamanı dünyasını dəyişərsə, dəyən zərəri kim ödəyir?
Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən hüquqşünas Elvin Əliyev bildirib ki, hadisə baş verdiyi zaman fakta görə istintaq orqanında cinayət işi başlanılır, müvafiq ekspertiza rəyi alındıqdan sonra, yəni hadisənin kimin qayda pozuntusuna görə baş verməsi müəyyən olunduqdan sonra həmin şəxs təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunur.
Elvin Əliyev, hüquqşünas
Hüquqşünasın sözlərinə görə, istintaq yekunlaşdıqdan sonra iş aidiyyatı üzrə məhkəməyə göndərilir və məhkəmə həmin şəxsin təqsirli olması qənaətinə gələrsə təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsinin sanksiyasında nəzərədə tutulan cəzalardan biri tətbiq olunur.
E.Əliyev qeyd edib ki, cəza təyin olunarkən zərərçəkmiş şəxsin barışması, ona dəymiş zərərin ödənməsi və digər cəzanı yüngülləşdirən hallar nəzərə alınır:
“Əgər təqsirli bilinən şəxs hadisə zamanı ölübsə, zərərçəkmiş şəxsə dəyən zərəri təqsirli şəxsin idarə etdiyi avtomobilin sığortalandığı sığorta şirkəti nəzərdə tutulan məbləğdə ödəyir. Əgər vurulmuş maddi ziyan sığorta şirkətinin ödədiyi məbləğ ilə tam əhatə olunmursa, ölən təqsirli şəxsin vərəsələrindən həmin zərəri məhkəmə qaydasında tələb etmək mümkündür.
Mina Mikayılova