Bakıda Həsən bəy Zərdabi küçəsi ilə Heydər Hüseynov küçəsinin kəsişməsində mübahisəli vəziyyətin aradan qaldırılması, növbəli hərəkətin təşkili və piyadaların qeyd olunan küçələrdə təhlükəsiz şəkildə hərəkətinin təmin edilməsi məqsədi ilə yeni layihə icra olunur.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.
Qeyd edilib ki, buna qədər Heydər Hüseynov küçəsindən metronun “20 Yanvar” stansiyası istiqamətində hərəkət olmadığından sürücülər bu küçədən gəlib sağa dönərək Məmmədşərif Həmidov küçəsini keçdikdən sonra geriyə dönmək məcburiyyətində qalırdılar. Sözügedən trayektoriya uzun məsafə qət edilməsinə və əlavə vaxt itkisinə səbəb olurdu. Bundan əlavə, həmin ərazidə piyada keçidi olmadığından piyadaların təhlükəsizliyi təmin olunmurdu.
Yeni layihəyə əsasən, sözügedən kəsişməyə işıqfor obyektləri quraşdırılır. Bundan əlavə, Heydər Hüseynov küçəsindən metronun “20 Yanvar” stansiyası istiqamətində hərəkət təmin edilir.
Bakı 











