• Bakı 29° C

    4.81 m/s

  • USD - 1.7

    EUR - 1.9751

    RUB - 2.173

150 illik mətbuat tariximiz: Zərdabidən informasiya cəbhəsinə - MÜSAHİBƏ

LAYİHƏ

18 Iyul 2025 | 11:56

150 illik mətbuat tariximiz: Zərdabidən informasiya cəbhəsinə - MÜSAHİBƏ

6.3.2. fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi;

2025-ci il Azərbaycanın milli mətbuat tarixi üçün əlamətdar bir mərhələdir. Bu il milli mətbuatımızın əsası qoyulmasının 150 illiyi qeyd olunur. Əsası görkəmli maarifçi və publisist Həsən bəy Zərdabi tərəfindən qoyulan milli mətbuat, 1875-ci il iyulun 22-də “Əkinçi” qəzetinin nəşri ilə təməlini atdı. Bu qəzet təkcə bir mətbuat orqanı deyil, həm də bir millətin maariflənməsi, öz tarixi kimliyini dərk etməsi və mədəni intibahı yolunda atılan ilk addım idi.

Azərbaycan mətbuatı ötən 150 ildə çətinliklərə sinə gərərək, müxtəlif dövrlərdə senzura, siyasi təzyiqlər, iqtisadi sıxıntılar və ideoloji məhdudiyyətlərə baxmayaraq, inkişafını davam etdirib. Bu gün isə ölkə mətbuatı rəqəmsallaşma dövründə informasiya mübarizəsinin ön cəbhəsində yer alır.

Prezident İlham Əliyevin imzaladığı “Azərbaycan milli mətbuatının 150 illik yubileyinin keçirilməsi haqqında” sərəncam əsasında bu əlamətdar tarix dövlət səviyyəsində qeyd olunur. Yubiley münasibətilə müxtəlif tədbirlər, konfranslar, layihələr həyata keçirilir. Bu, həm də medianın gələcək inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi baxımından strateji əhəmiyyət daşıyır.

Bakıvaxtı.az olaraq Milli Məclisin deputatı, Əməkdar jurnalist Vüqar Rəhimzadə ilə bu tarixi mərhələnin önəmi, milli mətbuatın keçdiyi yol və qarşıda duran vəzifələr barədə geniş söhbətləşdik.

“Əkinçi” – maarifçi düşüncənin başlanğıcı

Zərdabinin yaratdığı “Əkinçi” qəzetinin tarixi əhəmiyyəti nə ilə bağlıdır?

– “Əkinçi” 1875-ci il iyulun 22-də nəşrə başladı və redaktoru maarifçi ziyalı Həsən bəy Zərdabi idi. Qəzetin cəmi 56 sayı işıq üzü görsə də, onun təsiri çox böyük oldu. “Əkinçi” xalqın maariflənməsinə, kəndlilərin savadlanmasına, elmə və təhsilə marağın artmasına xidmət edən ilk platforma idi. Onun ideyaları daha sonra “Ziya”, “Kəşkül”, “Füyuzat”, “Həyat”, “Molla Nəsrəddin” kimi qəzet və jurnallarda davam etdirildi. Bu nəşrlər Azərbaycanın milli ideyasının formalaşmasına, cəmiyyətin ictimai və mədəni oyanışına ciddi təsir göstərdi.

Senzuranın ləğvindən media azadlığına

Müstəqillik dövründə medianın inkişafında Ulu Öndər Heydər Əliyevin rolu nədən ibarətdir?

– Ümummilli Lider Heydər Əliyev hər zaman mətbuata xüsusi önəm verib. 1998-ci ildə senzuranın ləğv edilməsi, 1999-cu ildə “Kütləvi informasiya vasitələri haqqında” Qanunun qəbul edilməsi onun media siyasətinin əsas sütunlarını təşkil edir. Bu qərarlar Azərbaycan mediasının müstəqil şəkildə fəaliyyət göstərməsinə imkan yaratdı. Eyni zamanda jurnalistlərin sosial rifahı, mənzil təminatı, peşəkarlıq səviyyəsinin artırılması da Heydər Əliyevin diqqət mərkəzində idi. O, mətbuatı cəmiyyətin inkişafında əvəzsiz rol oynayan institut kimi dəyərləndirirdi.

Yeni mərhələ: Rəqəmsal jurnalistika və struktur islahatları

Hazırda medianın inkişafı hansı istiqamətlər üzrə aparılır?

– Prezident İlham Əliyev Ulu Öndərin bu sahədəki siyasətini yeni çağırışlara uyğun formada davam etdirir. 2021-ci ildə “Media haqqında” Qanunun qəbul edilməsi və Medianın İnkişafı Agentliyinin yaradılması sistemli islahatların başlanğıcı oldu. Bu qurumun fəaliyyəti həm hüquqi mühitin təkmilləşdirilməsi, həm də media subyektlərinin dəstəklənməsi baxımından mühümdür. Jurnalistlərə ipoteka imkanlarının yaradılması, vergi və rüsum güzəştləri, texniki avadanlıqla təminat dövlətin medianın inkişafına verdiyi önəmin göstəricisidir.

Müharibə zamanı informasiya öncüsü

Vətən müharibəsi dövründə mediamızın fəaliyyəti necə dəyərləndirilir?

– 44 günlük Vətən müharibəsi zamanı media informasiya cəbhəsində əsas döyüşçü oldu. Daxili auditoriyaya motivasiya verilməsi, xalqın əhval-ruhiyyəsinin yüksəldilməsi, eyni zamanda xarici mediaya Azərbaycanın haqlı mövqeyinin çatdırılması media orqanlarının məsuliyyətini daha da artırdı. Prezident İlham Əliyevin dünyanın aparıcı telekanallarına verdiyi müsahibələr informasiya blokadasını yararaq, Azərbaycanın həqiqətlərini dünyaya tanıtdı. Bu gün isə media Qarabağın yenidən qurulması prosesini işıqlandırmaqla tarixə şahidlik edir.

Şuşada sözün gücü: Qlobal Media Forumu

Qlobal Media Forumunun informasiya siyasətindəki rolu nədən ibarətdir?

– Şuşada keçirilən Qlobal Media Forumu Azərbaycanın beynəlxalq informasiya mübarizəsində fəal rol oynadığını nümayiş etdirir. Forum dünyanın müxtəlif ölkələrindən jurnalistləri, ekspertləri, siyasətçiləri bir araya gətirir və Azərbaycan reallıqlarını birbaşa çatdırmaq imkanı yaradır. Prezident İlham Əliyevin çıxışları informasiya siyasətimizin əsaslarını beynəlxalq aləmdə paylaşmaq baxımından mühüm əhəmiyyətə malikdir. Bu forum informasiya mühitində Azərbaycanın fəallığını və strateji mövqeyini təsdiqləyir.

Müasir medianın çağırışları: Dezinformasiya, süni intellekt, sosial şəbəkələr

Bu gün media hansı risk və imkanlarla üz-üzədir?

– XXI əsr medianın həm imkanlarını, həm də məsuliyyətini artırıb. Süni intellektin yayılması, sosial şəbəkələrin təsiri, dezinformasiyanın sürətlə yayılması jurnalistin peşəkarlığını və məsuliyyətini daha da artırır. Mediamız bu çağırışlara uyğunlaşmalı, eyni zamanda milli dəyərləri və peşə etikasını qoruyaraq fəaliyyət göstərməlidir. Əsas vəzifə – informasiyanı dəqiq, operativ və obyektiv şəkildə təqdim etməkdir. Xalqın informasiya ehtiyacını ödəmək, ictimai rəyə təsir etmək jurnalistikanın əsas funksiyası olaraq qalır.

“Qələmləri iti, sözləri doğru olsun!”

Milli Mətbuat Günü münasibətilə sözünüz?

– Mətbuat tarixən cəmiyyətin güzgüsü olub və bu gün də həmin rolu uğurla davam etdirir. Bu gün Azərbaycan mətbuatı qalib xalqın, qüdrətli dövlətin informasiya ordusudur. Mən bütün jurnalistlərimizi bu əlamətdar gün münasibətilə təbrik edirəm. Qoy onların qələmləri daim iti, sözləri dürüst və təsirli olsun! Mediamız daim inkişaf etsin, informasiya savaşında qalib mövqeyini qorusun.

Əli Hüseynov

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb


SON XƏBƏRLƏR