• Bakı 31° C

    4.66 m/s

  • USD - 1.7

    EUR - 1.9436

    RUB - 2.1726

Aİ-nin yeni sanksiyaları müharibənin taleyini dəyişəcəkmi?

SİYASƏT

24 Iyul 2026 | 10:10

Aİ-nin yeni sanksiyaları müharibənin taleyini dəyişəcəkmi?

Rusiya-Ukrayna müharibəsi dörd ildən artıqdır ki, qlobal təhlükəsizlik gündəminin əsas mövzularından biri olaraq qalır. Cəbhədə intensiv döyüşlərin davam etdiyi bir vaxtda diplomatik müstəvidə də proseslər sürətlənir.

Avropa İttifaqı Rusiyaya qarşı yeni sanksiyalar paketini qəbul edib, ABŞ isə müharibənin dayandırılması ilə bağlı müxtəlif diplomatik kanallar üzərindən təmaslarını davam etdirir. Bununla yanaşı, enerji bazarları, ərzaq təhlükəsizliyi və beynəlxalq ticarət marşrutları da müharibənin təsirini hiss etməkdədir.

Ekspertlər hesab edirlər ki, hazırkı mərhələdə həm hərbi, həm də iqtisadi amillər münaqişənin gələcək inkişaf istiqamətini müəyyənləşdirəcək.

Mövzu ilə bağlı Bakıvaxtı.az-a danışan politoloq Züriyə Qarayeva bildirib ki, Avropa İttifaqının yeni sanksiyalar paketi ilk növbədə Rusiyanın maliyyə və enerji imkanlarını daha da məhdudlaşdırmağa hesablanıb. Bu paket əvvəlkilərdən fərqli olaraq sanksiyalardan yayınma mexanizmlərinin qarşısını almağa daha çox diqqət yetirir. Xüsusilə bank sektoru, enerji daşımaları və müəyyən texnologiyaların ixracı istiqamətində əlavə məhdudiyyətlərin tətbiqi Moskva üçün əlavə iqtisadi yük yaradır.

Onun sözlərinə görə. bununla belə, əvvəlki təcrübə göstərir ki, sanksiyaların nəticəsi dərhal deyil, orta və uzun müddətdə özünü göstərir. Rusiya alternativ bazarlar və yeni tərəfdaşlar vasitəsilə itkilərin bir hissəsini kompensasiya etməyə çalışır. Buna görə də yeni sanksiyalar müharibənin gedişini bir anda dəyişməsə də, Rusiyanın iqtisadi dayanıqlığına təzyiqi artıran mühüm siyasi alət kimi qiymətləndirilməlidir.

Müsahibimizə görə, hazırkı vəziyyət göstərir ki, tərəflər hələ də hərbi üstünlük əldə etmək üçün mübarizəni davam etdirirlər. Cəbhənin müxtəlif istiqamətlərində qarşılıqlı hücumlar davam etsə də, qısa müddətdə həlledici nəticə verəcək dəyişiklik müşahidə edilmir. Bu isə müharibənin daha çox resurs və dözümlülük savaşına çevrildiyini göstərir:

“Paralel olaraq diplomatik kanallar tam bağlanmayıb və müxtəlif platformalarda təmaslar davam etdirilir. Beynəlxalq vasitəçilər mümkün danışıqlar üçün zəmin yaratmağa çalışsalar da, tərəflərin əsas məsələlər üzrə mövqeləri hələ də ciddi şəkildə fərqlənir. Məhz buna görə yaxın perspektivdə tammiqyaslı sülh sazişindən daha çox, lokal humanitar razılaşmaların əldə olunması ehtimalı yüksək görünür”.

Politoloq qeyd edib ki, müharibənin davam etməsi təkcə region ölkələrinə deyil, bütün dünya iqtisadiyyatına təsir göstərməkdədir. Enerji bazarlarında qeyri-müəyyənlik hələ də qalır və bu, neftlə yanaşı qaz qiymətlərinə də təsir edir. Avropa ölkələri enerji mənbələrinin şaxələndirilməsi istiqamətində mühüm addımlar atsalar da, risklər tam aradan qalxmayıb.

Züriyə Qarayeva: Müharibənin uzanması bütün dünya iqtisadiyyatına təsir göstərməkdədir

Dediyinə görə, eyni zamanda logistika marşrutlarının dəyişməsi beynəlxalq ticarətin maya dəyərinin artmasına səbəb olur. İnflyasiya, müdafiə xərclərinin yüksəlməsi və büdcə yükünün artması Avropa hökumətlərinin əsas çağırışlarından biri olaraq qalır:

“Bu baxımdan Rusiya-Ukrayna müharibəsi artıq təkcə hərbi qarşıdurma deyil, qlobal iqtisadi və siyasi proseslərə təsir edən uzunmüddətli geosiyasi amilə çevrilib”.

Həmsöhbətimiz bildirib ki, hazırkı mərhələdə tərəflərin mövqelərində ciddi yumşalma müşahidə olunmur və bu da müharibənin qısa müddətdə başa çatacağına dair nikbin proqnozlar verməyə imkan yaratmır. Bununla yanaşı, həm Avropa, həm də ABŞ diplomatik təşəbbüsləri tam dayandırmayıb və müxtəlif formatlarda təmaslar davam edir. Onun fikrincə, müharibənin uzanması bütün iştirakçılar üçün iqtisadi və siyasi xərcləri artırdığına görə müəyyən mərhələdə danışıqlara marağın güclənməsi istisna deyil. Lakin belə danışıqların uğurlu olması üçün tərəflərin təhlükəsizlik və ərazi məsələlərində kompromisə hazır olması əsas şərtdir.

“Hazırda isə bu istiqamətdə ciddi irəliləyiş müşahidə edilmir. Buna görə yaxın aylarda həm cəbhədə hərbi fəallığın, həm də diplomatik təmasların paralel şəkildə davam edəcəyi daha real ssenari kimi görünür”, - deyə Züriyə Qarayeva əıavə edib.

Zülfü Məmmədov


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Iyul 2026