Tanınmış azərbaycanlı alim-kulturoloq, diaspor quruculuğunun fəallarından biri, Alman-Azərbaycan Cəmiyyətinin sədri, professor Çingiz Abdullayev Türkiyənin Amasya şəhərində yaşayan soydaşlarımızla görüşüb.
Bakıvaxtı.az xəbər verir ki, Amasya Bələdiyyə Başkanı Bayram Çelik, diaspor fəallarımızla birgə Amasya şəhərində Xocalı qətliamının qurbanlarının xatirəsinə salınan park ziyarət olunub, soyqırımda həyatını itirən insanların ruhları anılıb. Sonra İsmayıl Siracəddin Şirvaninin, Mir Həmzə Nigarinin türbələri, eləcə də azərbaycanlılar tərəfindən inşa edilən Şirvanlı məscidi ziyarət edilib.
Həmin gün professor Çingiz Abdullayev Amasya Universitetinin Suluova konfrans salonunda keçirilən “Türkiyə-Azərbaycan qardaşlığı” adlı konfransda iştirak edib. Türkiyə Cümhuriyyətinin 100 illiyinə həsr olunan tədbirə qardaş ölkənin nüfuzlu elm-mədəniyyət adamları, ictimai-siyasi xadimlər qatılıblar.
Riza Qarabağın moderatorluğu ilə keçən konfransda Türkiyənin bu tanınmış tədqiqatçı-alimin nəşr etdirdiyi “Azərbaycan türklərinin ictimai həyatına miqrasiya proseslərinin təsiri: sosial-tarixi araşdırma” kitabı ətrafında müzakirələr aparılıb.
Sabiq millət vəkili, Amasyada yaşayan soydaşlarımızın ağsaqqalı Orhan Kayihan tədbirin əhəmiyyətindən, iki qardaş ölkələr arasında əlaqələrin inkişafından, diaspora sahəsində görülən işlərdən danışıb, professor Çingiz Abdullayevin elmi və ictimai fəaliyyəti barədə tədbir iştirakçılarına geniş məlumat verib.
Konfrans çərçivəsində tanınmış azərbaycanlı alimin yeni nəşr etdirdiyi “Kardeş ülkeler” və “Türkiyənin çokkültürlü mühiti” (türk və ingilis dillərində) kitablarının təqdimat mərasimi keçirilib. Professor Çingiz Abdullayev kitablarının Türkiyə Cümhuriyyətinin 100 illiyi ərəfəsində qardaş ölkədə təqdim olunmasından qürur duyduğunu ifadə edib, tədbir təşkilatçılarına, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin rəhbərliyinə minnətdarlığını bildirib.
Kitabların təqdimat mərasiminin ardınca Çingiz Abdullayevin ssenarisi əsasında İsveçdə yaşayan diaspor fəalı rejissor Rahim Sadıqbəylinin çəkdiyi “Mühit” sənədli filmi nümayiş olunub, ekran əsərinin müzakirəsi təşkil olunub.
Sonda Amasya Universitetinin rektoru, professor Ahmet Haqqı Turabi və Suluova Bələdiyyə Başkanı Fatih Uçok azərbaycanlı alimə xatirə hədiyyələri təqdim edib, təbriklərini çatdırıblar.
Professor Çingiz Abdullayev həmin gün Amasyada soydaşlarımızın sıx yaşadığı Ayrınca kəndinin sakinləri ilə görüşüb. Sakinlər Qarabağda qazanılan tarixi zəfərimizlə bağlı təbriklərini Azərbaycan xalqına çatdırmağı qonaqdan xahiş ediblər.



















