Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı-Ələt-Qazax magistral avtomobil yolunun Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisindən keçən hissəsində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşların avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.
Bu barədə Bakıvaxtı.az-a FHN-in mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb edilib.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Mercedes Atego” markalı yük avtomobilinin “Shacman” markalı yük avtomobili ilə toqquşması nəticəsində yol-qəza hadisəsi baş verib və “Mercedes Atego” markalı yük avtomobilində vətəndaşlar müxtəlif dərəcəli bədən xəsarətləri alaraq deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılı vəziyyətdə qalıb.
Xilasedicilər xüsusi xilasetmə vasitələrinin köməyi ilə vətəndaşlar, 1972-ci il təvəllüdlü Məmmədov Namiq Xalid oğlu və 2000-ci il təvəllüdlü Babaşov Emil Ramiz oğlunu xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.
Bakı 




