Azərbaycanda Ramazan ayı başlayıb.
Bakıvaxtı.az xəbər verir ki, bu gün on bir ayın sultanı - Ramazanın ilk gündür.
Bu gün bir çox insan oruc tutmaq üçün səhər oyanıb, duasını edib. Lakin cəmiyyət arasında orucluq ayının bu gün başlamadığı ilə bağlı iddialar var. Belə ki, bir qisim insan Ay görünmədiyi üçün bu gün oruc tutulmasının yanlış olduğunu iddia edir.
Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Hacı Fuad Nurullayev Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, Qafqaz Müsəlmanları İdarəsi Şamaxı Rəsədxanasına qabaqcadan sorğu göndərir:
“O sorğunun əsasında bizə cavab məktubu gəlir. Cavab məktubuna əsasən, Azərbaycan üfüqündə Ramazan ayının 1-i bu günə - yəni martın 11-nə düşür”.
Müsahibimiz qeyd edib ki, dünyada 1-2 ciddi rəsədxana varsa, onlardan biri də Şamaxı Rəsədxanasıdır:
“Biz daha o nə dedi, bu nə dedi, kim necə danışdı və s. o şeylərə qulaq asmırıq. Biz elmi əsaslara və məntiqə söykənirik, onu da sübutlar əsasında fətfada elan edirik. Hər il eyni qaydada həm Ramazan, həm Məhərrəm, həm də digər müsəlman aylarının başladığını fətfa veririk”.

Hacı Fuad Nurullayev:Biz o nə dedi, bu nə dedi, kim necə danışdı və s. o şeylərə qulaq asmırıq
“Biz elmə əsaslanırıq, elmə əsaslanmayan insanların nəyə əsaslandığının arxasınca getməyə nə vaxtımız var, nə də marağımız”, - deyə Hacı Fuad Nurullayev əlavə edib.
Aytac Aslan
















