• Bakı 27° C

    5.33 m/s

  • USD - 1.7

    EUR - 1.9894

    RUB - 2.1364

Azərbaycan manatı: Milli müstəqilliyin və dövlətçiliyin simvolu

İQTİSADİYYAT

15 Avqust 2025 | 12:00

Azərbaycan manatı: Milli müstəqilliyin və dövlətçiliyin simvolu

Azərbaycan manatının dövriyyəyə buraxılması, ölkəmizin müasir iqtisadi tarixində mühüm bir mərhələni təşkil edir və onun tarixi əhəmiyyəti çoxşaxəlidir.

Bakıvaxtı.az xatırladır ki, Sovet İttifaqının dağılmasından sonra Azərbaycan iqtisadiyyatı da daxil olmaqla, bütün keçmiş sovet respublikaları üçün ciddi maliyyə böhranı yaranmışdı. O dövrdə ölkədə pul kütləsi çox sürətlə devalvasiyaya uğrayır, inflyasiya səviyyəsi yüksəlirdi və milli iqtisadi siyasətin formalaşdırılması üçün ciddi maneələr yaranırdı.

1992-ci ilin avqustunda milli valyuta olan manatın dövriyyəyə buraxılması Azərbaycan üçün həm iqtisadi, həm də siyasi müstəqilliyin simvolu oldu. Milli valyutanın tətbiqi ilə dövlət öz pul-kredit siyasətini müstəqil şəkildə həyata keçirməyə başladı, inflyasiyanın idarə olunması, qiymət stabilliyinin təmin olunması və xarici ticarət əməliyyatlarının milli valyutada aparılması kimi imkanlar yarandı. Sözügedən hadisə həmçinin ölkənin beynəlxalq iqtisadi münasibətlərdə öz mövqeyini gücləndirməsinə şərait yaratdı.

Dövlət və vətəndaşlar üçün manatın tətbiqi yalnız iqtisadi alət deyildi; o, milli suverenliyin, dövlətçiliyin və iqtisadi təhlükəsizliyin mühüm göstəricisi kimi qəbul edildi. Milli valyutanın yaradılması və uğurla dövriyyəyə buraxılması, Azərbaycan iqtisadiyyatının formalaşmasında və modernləşməsində əsas sütunlardan biri oldu, ölkənin gələcək inkişaf strategiyasının təməlini qoydu.

Mövzu ilə bağlı Bakıvaxtı.az-a danışan iqtisadçı-ekspert Xalid Kərimli bildirib ki, Azərbaycan manatının dövriyyəyə buraxılması yalnız iqtisadi addım deyil, eyni zamanda ölkəmizin müstəqilliyinin rəmzidir. Onun sözlərinə görə, milli valyuta dövlət üçün eyni dərəcədə önəmli atributdur - bayraq, gerb və himn kimi.

Xalid Kərimli, iqtisadçı

“Manatın tətbiqi Azərbaycanın suverenliyini göstərən mühüm göstəricidir və ölkənin iqtisadi müstəqilliyini möhkəmləndirir. Bu addım olmadan milli iqtisadi siyasətini sərbəst qurmaq mümkün olmazdı”, - Kərimli vurğulayıb.

O əlavə edib ki, milli valyuta vətəndaşların maliyyə etibarını gücləndirir və ölkənin beynəlxalq iqtisadi münasibətlərdə mövqeyini möhkəmləndirir, bu baxımdan onun tarixi və strateji əhəmiyyəti çox böyükdür.

Qeyd edək ki, Azərbaycan bu gün milli valyutası olan manatı dövriyyəyə buraxmasının 33 illiyini qeyd edir.

Manatın hazırlanmasına ölkənin ilk prezidenti Ayaz Mütəllibovun hakimiyyəti dövründə başlanılsa da, prosesin yekunlaşması növbəti prezident Əbülfəz Elçibəyin  vaxtına - 15 avqust 1992-ci ilə təsadüf edib.

Manatın ilk eskizlərinin müəllifi Eldar Mikayılzadə olub. Əvvəlcə 1, 10 və 250 manatlıq, 1992-ci ilin noyabr ayında 5, 10, 20 və 50 qəpiklik, dekabr ayında 5 manatlıq, 1993-cü ilin mart ayında isə 50, 100, 500 və 1 000 manatlıq pul vahidləri dövriyyəyə buraxılıb.

2005-cı ildə isə Azərbaycan denominasiya barədə qərar qəbul edib və 2006-cı ildən yeni nəsil pul nişanlarını dövriyyəyə buraxıb. Bu zaman 1 yeni manat 5 000 köhnə manata bərabər tutulub.

Azərbaycan manatı müstəqilliyin ilk illərində sürətlə ucuzlaşıb. 1993-cü ilin sonunda ölkədə ABŞ dollarının rəsmi məzənnəsi köhnə pulla 118 manat olduğu halda, 1994-cü ilin sonunda 4 182 manata çatıb. Bundan sonra milli valyutanın məzənnəsi sabitləşib və uzun illər dolların qiyməti köhnə pulla 4 000 manat, yeni pulla isə 0,8 manat ətrafında dəyişib.

2015-ci ildə isə Azərbaycan Mərkəzi Bankı dünya bazarında neftin kəskin ucuzlaşdığını nəzərə alaraq, dolların məzənnəsini əvvəlcə 1,05 manata, daha sonra isə 1,55 manata bərabər müəyyən edib. Qurum 1-ci devalvasiyanın səbəbini valyuta ehtiyatlarını qorumaq istəyi ilə izah edib, 2-ci devalvasiyanın səbəbini isə “üzən məzənnə” rejiminə keçidlə əsaslandırıb. Bundan sonra Amerika valyutasının məzənnəsi 1,49-1,92 manat arasında dəyişib, 2017-ci ilin aprel ayından isə 1,7 manat olmaqla sabitləşib.

Əli Hüseynov


SON XƏBƏRLƏR

14 Avqust 2025