Azərbaycanda 2024-2025-ci tədris ilinin əvvəlində 4324 məktəb olub.
Bakıvaxtı.az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata görə, məktəblərin sayı ötən illə müqayisədə azalıb.
Belə ki, 2023-2024-cü tədris ilinin əvvəlində 4388 məktəb fəaliyyət götərib. Yəni, 1 il ərzində ölkədə olan məktəblərin sayı 64 ədəd azalıb.
Rayonlar üzrə məktəb sayına gəldikdə, rəsmi statistik məlumatlara görə, Lerikdə 9, Ağsuda 8, Qubada 7, Füzuli, Qax, Yardımlı, Ağdaş rayonlarında 4, Şamaxı, Şəmkir, Balakən rayonlarında 3 məktəb bağlanıb. Bir neçə rayonda isə məktəblərin sayında 1-2 azalma qeydə alınıb.
Azalma əsasən ibtidai məktəblərdə qeydə alınıb. Məlumata görə, ötən tədris ilinin əvvəlində 292 ibtidai məktəb, bu tədris ilinin əvvəlində isə 245 ibtidai məktəb olub.
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən ötən ilin sonu verilən məlumata görə, müəssisələrdəki şagird sayı və kadr təminatı məsələləri nəzərə alınaraq təhlillər aparılır, təhsil müəssisələrinin rasionallaşdırılması prosesi həyata keçirilir.
Rasionallaşdırılmanın həyata keçirilməsində məqsəd mövcud məktəb şəbəkəsinin optimallaşdırılması, mövcud resursların və ayrılan xərclərin səmərəli bölüşdürülməsi, eləcə də daha dayanıqlı təhsil infrastrukturunun və keyfiyyətli təhsil mühitinin formalaşdırılmasıdır.
Rasionallaşdırma prosesi zamanı bəzi məktəblərin fəaliyyəti dayandırılsa da, bəzi məktəblərin tipinin dəyişdirilməsi və ya birləşdirilməsi, eləcə də peşə təmayüllü siniflərin açılması həyata keçirilib. /modern.az