• Bakı 6° C

    0.97 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

“Azərbaycanda minimum əməkhaqqı ən ucuz kirayə evdən aşağıdır” - EKSPERT

İQTİSADİYYAT, CƏMİYYƏT

03 Noyabr 2021 | 13:09

“Azərbaycanda minimum əməkhaqqı ən ucuz kirayə evdən aşağıdır” - EKSPERT

Kirayə mənzil axtaranların sayı artdıqca mənzillərin qiyməti də bahalaşır. Sakinlər büdcələrinə uyğun mənzillər tapa bilmədiklərindən, təklif olunan mənzillərin dəyərindən olduqca baha olduğundan şikayətçidir.

Hazırda Azərbaycanda minimum əməkhaqqı 250 manatdır. Köhnə tikili mənzilin kirayə qiyməti isə minimum 300-350 manatdan başlayır. Son günlər qiymət artımını nəzərə aldıqda, hazırda bir gəncin kirayə mənzil və kommunal xidmətlərin ödənişini, aldığı 250-300, hətta 400-500 manat müavinətlə də ödəyə bilməsi mümkünsüzdür.

Kirayə evlərin qiymətinin bu qədər baha olmasına səbəb nədir?

Daşınmaz əmlak üzrə mütəxəssis Elnur Fərzəliyev Bakıvaxtı.az-a bildirib ki, bu gün Azərbaycanda minimum əməkhaqqı ən ucuz kirayə evdən aşağıdır:

“Hazırda kirayə evlərin qiyməti ilə vətəndaşın qazandığı müavinət heç üst-üstə düşməyən tendensiyadır. Köhnə tikili binalarda kirayə mənzilin qiyməti yeni tikililərə nisbətən iki dəfə aşağıdır. Bəs kirayə ev bazarında qiymət artımı nə ilə əlaqəlidir? Məsələn, hər il avqust ayında rayonlardan minlərlə tələbələr şəhərə gəlir. Deməli minlərlə ev də kirayələnir. Kirayə evlərin qiymətinin düşməsi məsələsi isə mümkünsüzdür. Çünki evlərin satışı 0.5% qiymətləri ilə hesablanır. Misal üçün, hazırda Elmlər Akademiyası metrosu yanındakı köhnə tikili evin qiyməti ortalama altımış min manatdır. Deməli, onun kirayə qiyməti də üç yüz manat olacaq. Yeni tikili binalar, obyektlər hamısı bu formda tənzimlənir və qiymətlər arta-arta gedir. İndi üç yüz manata kirayə mənzil tapmaq olursa, bir müddət sonra bu da olmayacaq. Çünki köhnə tikili binaların çox hissəsinin istismar müddəti bitib və onlar mütəmadi olaraq sökülür. Yeni tikili binalarda isə birotaqlı mənzilin qiyməti beş yüz manat, ikiotaqlı isə yeddi yüz-səkkiz yüz manat və yuxarı olur. Problem artıq başlayıb və yaşanır. Üç-dörd il sonra vəziyyət daha da mürəkkəb olacaq”.

Ekspert bildirib ki, bunun hansısa formada qarşısının alınması üçün, tələbə yataqxanaları bərpa olunmalıdır:

“Tələbə yataqxanaları tikilməli və minimal qiymətə kirayəyə verilməlidir. Hazırda tələbə yataqxanaları yararsızdır, çünki orda uzun illər bizim məcburi köçkünlər yaşadılar. Çox şükür Allaha ki, torpaqlarımız işğaldan azad olundu və həmçinin dövlət məcburi köçkünlər üçün evlər tikib. Buna görə də artıq tələbə yataqxanaları mütləq tikilməlidir. Günü-gündən Ali təhsil müəssisələri və tələbələrin sayı artır. Tək kirayə evlər yox, günü-gündən kommunal xidmətlərin qiyməti artır, tələbənin yol xərci də var. Belə olduğu halda, ya tələbə universiteti atıb gedəcək, ya da hansısa xoşagəlməyən hallar baş verəcək.

Tək tələbələr yox, bu gün gənclər də bu problemi yaşayır. Baxırsan ki, yaşı ötüb, amma kirayə mənzilin ödənişini edə bilmir, evi yoxdur deyə evlənmir.

Məsələn, Avropada belə bir layihə var ki, bələdiyyə sosial vəziyyəti yaxşı olmayan və işsiz şəxslərə tam gəlir əldə edənə qədər sosial evlərdə yaşamaq icazəsi verir. Məsələn, normalda bir mənzilin qiyməti beş yüz avrodursa, işsiz və ya sosial durumu aşağı olan şəxslər bu evlərdə yüz avro verərək yaşaya bilirlər. Təbii ki, bələdiyyə belə şəxslərin doğurdan da işsiz olub-olmadığını müəyyənləşdirdikdən sonra onlara bu icazəni verir. Bu layihə bizdə də həyata keçirilsə yaxşı olar.”

Nuranə Daxilqızı

 

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR