“Anaların 30-40 yaşlı oğlanlarının yeməyinə, işinə, geyiminə və şəxsi həyatına müdaxilə etməsi yanaşmasında müəyyən həqiqətlər var. Bu günlərdə bu məsələ ilə bağlı ciddi müzakirələr apardıq”.
Bu sözləri Bakıvaxtı.az-a açıqlamasında tanınmış psixoloq Samirə Bağırova cəmiyyətdə infantil kişilərin sayının artması probleminə toxunarkən deyib.
O qeyd edib ki, Azərbaycanda qızlara erkən yaşlardan yatağını yığmaq, yaşına uygun yemək hazırlamaq, şəxsi və gigiyenik əşyalarına diqqət yetirmək kimi öhdəliklər məcburi aşılandığı halda, oğlanlar nədənsə bu məsuliyyətdən tam azad edilirlər:
“Rəsmi statistikaya görə, son bir ildə 937 azərbaycanlı qadın xarici ölkə vətəndaşı olan kişilərlə ailə həyatı qurub. Bunun ilkin səbəblərinə diqqət yetirsək, görərik ki, xarici modeldə kişi yatağını yığır, qadın yemək hazırlayırsa, kişi qabları yuyur. Uşaq dünyaya gələndə bərabər yuxusuz qalır, bezini dəyişir, yedizdirir və yatızdırırlar. Çünki bu, atalıq və ərlik borcudur. Məhz bu mövzu ətrafında geniş müzakirələrimiz oldu. Üç aydır Amerikadayam və müşahidə etdiyim əsas məsələlərdən biri budur: 10 ildən artıqdır burada yaşayan bəzi azərbaycanlı kişilər hələ də evdə bütün işləri qadının görməli olduğu düşüncəsindən azad ola bilməyiblər. Azərbaycandan Amerikaya köçən bir çox cütlük çox qısa müddətdə ciddi münasibət böhranı yaşayır, hətta boşanırlar. Əsas səbəb ailədə rollara və məsuliyyətlərə olan baxışın dəyişməməsidir”.
S.Bağırova vurğulayıb ki, müasir dövrdə qadın da, kişi də işləyir, yorulur, pul qazanır və hər ikisinin şəxsi inkişaf istəyi var:
“Bəzi kişilər qadının işləməsini qəbul etsələr də, ev daxilindəki əvvəlki gözləntilərini dəyişmirlər. Yemək, təmizlik, alış-veriş, evin təşkili və hətta kişinin şəxsi ehtiyacları belə qadının üzərində qalır. Bəzən kişi öz şəxsi gigiyenasına nəzarət etmir, yediyi qabı, masanı təmizləmir və bunları qadının etməsini normal sayır. Psixoloji baxımdan problem dərindir: kişi qadını bərabərhüquqlu tərəfdaş kimi deyil, ehtiyaclarını təmin edən xidmətçi kimi görür. Çünki uşaqlıqdan ailədə oğlan kimi fərqli yanaşma görüb. İnsan inkişaf etmiş ölkəyə köçəndə yalnız ünvanını deyil, sosial normalarını və münasibət modelini də nəzərdən keçirməlidir. Qadın gender rollarının bərabər bölüşdürüldüyü mühitə daxil olduqda, köhnə modeli qəbul etmir. Onun üçün evlilik xidmət deyil, məsuliyyəti bölüşməkdir. Konfliktin kökündə qadının dəyişməsi yox, kişinin dəyişən mühitə uyğunlaşmaması dayanır”.
Müsahibimizin sözlərinə görə, yeni ölkədə illərlə yaşayıb ailədə hələ də köhnə sosial modelin qaydaları ilə davranmaq gec-tez münasibətlərdə ziddiyyət yaradır:
“Əsas məsələ insanın yaşadığı həyatın məsuliyyətini nə qədər öz üzərinə götürə bilməsidir. Kişi elə bilir ki, pul qazanırsa, üzərinə düşən bütün işi görür. Halbuki maddi təminat məsuliyyətin yalnız bir hissəsidir. Məsuliyyət insanın özündən başlayır: gigiyenasına, geyiminə, yeməyinə, yaratdığı çirkinliyə özü cavabdeh olmaqdan. Öz boşqabını yumağı belə başqasının üzərinə qoyan insanın ailədə bütün məsuliyyəti daşıdığını demək çətindir. Əgər kişi kişiliyi yalnız 'pul qazanıram' cümləsi ilə izah edirsə, o, tərəfdaş deyil, sadəcə təminatçıdır. Əsl kişilik öz yükünü başqasının üzərinə qoymadan daşıya bilməklə ölçülür. Düşünürəm ki, oğlan analarına bu mövzuların psixoloji tərəflərinin izah olunması və təbliğ edilməsi artıq zərurətdir. Övladı sevmək onun yükünü ömür boyu daşımaq deyil, onu öz həyatının məsuliyyətini daşıya biləcək yetkinlikdə böyütməkdir”.
Aydın Baxış




