Prezident İlham Əliyevin İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkiana zəng etməsi təkcə diplomatik jest deyil, son dövrlərdə formalaşan siyasi xəttin davamı kimi dəyərləndirilməlidir.
İranla ABŞ arasında iki həftəlik atəşkəsin elan olunması region üçün gərginliyin qismən səngiməsi deməkdir və bu məqamda Azərbaycanın ilk reaksiyalar verən aktorlardan biri olması onun proseslərə necə baxdığını açıq göstərir. Bakı burada neytral müşahidəçi kimi deyil, sabitlik və qonşuluq münasibətlərini qorumağa çalışan tərəf kimi çıxış edir.
Son hadisələr göstərdi ki, münasibətlər yalnız bəyanatlar üzərində deyil, konkret davranışlar üzərində qurulur. İran üçün çətin və həssas mərhələdə Azərbaycanın sərhəd siyasəti xüsusi diqqət çəkdi. Bütün spekulyasiyalara baxmayaraq, Azərbaycan-İran sərhədi sabit və təhlükəsiz olaraq qaldı. Bu isə faktiki olaraq Bakının heç bir halda İrana qarşı platformaya çevrilməyəcəyini nümayiş etdirdi. Regionda tez-tez yaradılmağa çalışılan “təhlükə narrativləri” bu reallıq qarşısında zəifləyir.
Humanitar müstəvidə atılan addımlar da eyni xəttin davamıdır. Azərbaycanın İrana humanitar yardım göndərməsi, gərginlik dövründə siyasi deyil, insani yanaşmanı önə çıxardığını göstərdi. Bu, klassik geosiyasi rəqabət modelindən fərqli olaraq, daha çox qonşuluq və regional məsuliyyət məntiqinə əsaslanır. Eyni zamanda, İranın Ali Dini Lideri Əli Xameneinin vəfatı ilə bağlı ilk başsağlığı verən və səfirliyə gedən liderin Azərbaycan Prezidenti olması simvolik baxımdan da ciddi mesaj idi. Bu addım münasibətlərin emosional və siyasi qatlarını birləşdirən nadir nümunələrdəndir.
Atəşkəsdən dərhal sonra İranı təbrik edən ilk liderlərdən birinin yenə Azərbaycan Prezidenti olması bu xəttin ardıcıl olduğunu göstərir. Burada əsas məqam ondan ibarətdir ki, Bakı yalnız böhran anında deyil, böhrandan çıxış mərhələsində də eyni mövqeni qoruyur. Bu isə münasibətlərin situativ deyil, strateji xarakter daşıdığını ortaya qoyur.
Bütün bu addımların fonunda İranda Azərbaycanı təhlükə kimi təqdim etməyə çalışan çevrələrin arqumentləri zəifləyir. Uzun müddətdir formalaşdırılmağa çalışılan “xarici risk” təsəvvürü real faktlarla üst-üstə düşmür. Əksinə, Azərbaycan davranışı ilə göstərir ki, regionda sabitliyin qorunması onun birbaşa maraqlarına uyğundur və bu maraq qonşularla münasibətlərdə də özünü açıq şəkildə göstərir.
Nəticə etibarilə, son hadisələr Bakı-Tehran münasibətlərində yeni mərhələnin konturlarını cızır. Bu mərhələ qarşılıqlı ittihamlar üzərində deyil, etimadın tədricən bərpası üzərində qurulur. Əgər bu xətt davam edərsə, regionda süni gərginlik yaratmağa çalışan aktorların təsir imkanları daha da daralacaq. Bu isə yalnız iki ölkə üçün deyil, bütövlükdə region üçün daha sabit və proqnozlaşdırıla bilən mühit deməkdir.
Züriyə Qarayeva
Bakı 




