“ABŞ ordusu Hörmüz boğazında İran limanlarını bloklamağa hazırlaşır. Prezident Donald Tramp açıq şəkildə bildirib ki, İran danışıqlara qayıtmasa, ABŞ üçün hərbi blokada variantı tamamilə qəbul ediləndir”.
Bunu politoloq Aydın Tağıyev Hörmüz boğazı ətrafında cərəyan edən gərginliyi Bakıvaxtış.az-a şərh edərkən bildirib.
Onun sözlərinə görə, ABŞ bölgəyə əlavə hərbi qüvvələr cəlb edib və İranla qarşıdurma fonunda boğazın bağlanması dünya enerji bazarlarına ciddi təsir göstərib. Bu, həm regional təhlükəsizlik, həm də qlobal iqtisadiyyat üçün kritik böhran nöqtəsinə çevrilib.
Müsahibimiz qeyd edib ki, İran parlamentində ABŞ və müttəfiqlərinin boğazdan keçidinə qadağa nəzərdə tutan qanun layihəsi müzakirə olunub. Onun fikrincə, bu, İranın boğazı strateji silah kimi istifadə etməyə hazır olduğunu göstərir:
“Bu cür gərginlik fonunda BƏƏ və digər ölkələr boğazı yenidən açmaq üçün beynəlxalq dəniz əməliyyatına qoşulmaq niyyətlərini açıqlayıblar.
Son günlərdə gərginlik nəticəsində Hörmüz boğazında hərəkət tamamilə dayandırılıb. Hesab edirm ki, bu, dünya enerji bazarlarında neft qiymətlərinin kəskin artmasına səbəb olacaq. Daha kritik vəziyyət hələ qabaqdadır, çünki fəsadsız müharibə olmur”.

Aydın Tağıyev: Daha kritik vəziyyət hələ qabaqdadır
Politoloq hesab edir ki, ABŞ-nin hərbi güc nümayişi İranı danışıqlara məcbur etmək məqsədi daşıyır. Bu, Vaşinqtonun enerji təhlükəsizliyi və İsrail ilə strateji ittifaqını qorumaq üçün sərt mövqeyini göstərir.
Dediyinə görə, nəticə etibarilə Boğazın bağlanması enerji qiymətlərini artırır, bu isə Avropa və Asiya iqtisadiyyatlarında inflyasiya riskini gücləndirir:
“Əgər ABŞ və İran arasında açıq hərbi toqquşma başlasa, bu, Yaxın Şərqdə genişmiqyaslı müharibə riskini artıracaq. Bu, həm enerji bazarlarını, həm də beynəlxalq ticarəti sarsıda bilər”.
“Hörmüz boğazında baş verənlər sadəcə regional böhran deyil, qlobal enerji təhlükəsizliyi və geosiyasi balans üçün kritik sınaqdır. ABŞ-nin sərt mövqeyi və İranın strateji müqaviməti qarşıdurmanı daha da dərinləşdirir. Əgər diplomatik kanallar açılmazsa, bu böhran uzunmüddətli iqtisadi və siyasi nəticələr doğura bilər”, - deyə Aydın Tağıyev əlavə edib.
Nərgiz Məmmədli
Bakı 




