Özbəkistanda Türkdilli dövlətlərin gənc energetikləri arasında "Peşə Ustalığı Yarışları" keçirilib.
Bakıvaxtı.az xəbər verir ki, "Azərişıq" ASC-nin komandası Səmərqənddə təşkil olunan yarışda Azərbaycanı uğurla təmsil edib.
Xatırladaq ki, Türk Dövlətləri Təşkilatının üzv ölkələrinin energetikləri arasında "Peşə ustalığı yarışları" ilk dəfə "Azərişığ"ın təşkilatçılığı əsasında Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibəti ilə Hadrutda keçirilib.
Özbəkistanda təşkil olunan tədbirin açılış mərasimində "Azərişığ"ın sədri Vüqar Əhmədov da iştirak edib.
Yarışda Azərbaycanla yanaşı, təşkilatçı ölkə Özbəkistan, Tatarıstan, Qırğızıstan, Türkiyə və Qazaxıstanın elektroenergetika sektorunun peşəkar mütəxəssisləri üç gün ərzində 3 mərhələdə bilik və bacarıqlarını nümayiş etdiriblər.
"Azərişığ"ın komandası yüksək peşəkarlıq, texniki bilik və çeviklik göstərərək bütün rəqiblərini üstələyib. Təmsilçilərimiz ölkəmizdə paylayıcı şəbəkələrdə tətbiq olunan innovativ yenilikləri nümayiş etdirməklə bütün mərhələləri ən yaxşı nəticə ilə başa vurublar. Tapşırıqları düzgün yerinə yetirdiyi üçün maksimum 600 bal qazanan komandamızın aktivinə münsiflər heyəti yarış şərtlərinə əsasən normativləri vaxtından tez yerinə yetirdiyi üçün daha 20 bal əlavə ediblər. Beləliklə, "Azərişıq" komandası 620 balla yarışların ali mükafatı olan Qran-Priyə layiq görülüb.
Türkdilli dövlətlərin gənc energetikləri arasında "Peşə Ustalığı Yarışları" növbəti dəfə 2026-cı ilin mayında Türkiyədə keçirilməsi planlaşdırılır.