Son günlər sosial şəbəkələrdə bağçada uşağın döyülməsini əks etdirən bir video yayıldı və bu görüntülər cəmiyyətin hər təbəqəsində haqlı narahatlıq doğurdu. Təəssüf ki, bu kimi hallar nə məktəblər, nə də bağçalar üçün nadir hadisə deyil - bu vəziyyətlərlə tez-tez qarşılaşırıq.
Bəs bu kimi zorakılıq halları uşaqların psixologiyasına necə təsir edir?
Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən psixoloq Günay Kəriminin sözlərinə görə, təəssüflə qeyd etməliyik ki, məktəb və bağçalarda bəzən müəllimlərin uşaqlara qarşı qeyri-peşəkar davranışlarının, hətta şiddət və zorakılıq hallarının şahidi oluruq. Belə vəziyyətlər təkcə uşaqların fiziki deyil, psixoloji sağlamlığına da ciddi zərbə vurur. Halbuki sağlam cəmiyyətin əsasını qoyan amillərdən biri də uşaqların həm fiziki, həm də psixoloji baxımdan təhlükəsiz və dəstəkverici mühitdə böyüməsidir:
"Uşaqların psixoloji sağlamlığı heç də fiziki sağlamlıqlarından az önəm daşımır, bəzən isə daha vacib rol oynayır. Çünki uşaq bağça dövründən etibarən sosiallaşmağa başlayır və bu mərhələdə yaşadığı hər bir neqativ təcrübə onun gələcək psixoloji durumuna, davranışlarına və dünyaya baxışına birbaşa təsir edir".
Psixoloqun sözlərinə görə, bu kimi halların qarşısını almaq üçün təkcə müəllimlərin peşə bilikləri yox, onların psixoloji hazırlığı da diqqətlə yoxlanılmalıdır:
“Mən çox istərdim ki, müəllimlər necə sertifikasiya imtahanı verirlərsə, eləcə də psixoloji qiymətləndirmədən keçsinlər. Bir sinifdə 20-30, bağçada isə daha çox sayda uşaq olur. Bu qədər uşağın qarşısına yalnız sağlam psixologiyaya sahib, sabit emosional durumlu müəllim çıxmalıdır. Əks halda, bu zərər uzunmüddətli və bəzən geri dönüşü olmayan nəticələrə səbəb ola bilər”.
G.Kərimi vurğulayıbb ki, cəmiyyətdə belə bir fikir formalaşıb, guya uşağını döyməyən valideyn yoxdur. Dediyinə görə, amma burda incə və çox önəmli bir fərq var:
"İstər ananın, istər atanın emosional anda uşağa vurduğu bir şillə zamanla unudula, bağışlana bilər. Amma yad birinin, xüsusən də müəllim və ya baxıcı kimi güvənilən bir şəxsin uşağa fiziki təzyiq göstərməsi tamamilə fərqli bir məsələdir. Bu, sadəcə fiziki deyil, eyni zamanda ciddi psixoloji travmadır və uşaq bunu yaddaşında illərlə daşıyır”.
Həmsöhbətimiz vurğulayıb ki, bir valideynlə uşaq arasında mövcud olan emosional bağ, bu cür davranışların mənfi təsirini müəyyən qədər azalda bilər:
“Amma yad birinin zorakılığı uşağın “güvən” hissini sarsıdır, onu qorxutmaqla yanaşı, gələcəkdə insanlara qarşı inamsızlıq və özünü dəyərsiz hiss etmə kimi problemlərə yol aça bilər. Bu, uşağın gələcək həyatında formalaşacaq şəxsiyyətə, münasibətlərə, hətta həyat seçimlərinə belə təsir edə bilər".
Nuriyyə Musayeva