“Erməni quldurları, separatçılar "qələbə dalğası"nda siyasi hakimiyyətə yiyələnmişdilər”.
Bunu Bakıvaxtı.az-a açıqlamasında politoloq İlyas Hüseynov deyib.
Onun sözlərinə görə, onlar uzun müddət hakimiyyəti zəbt edərək "beynəlxalq toxunulmazlıq" qazanmışdılar:
"Məhkəmə prosesində ortaya çıxan faktlar Azərbaycan tərəfinə kifayət qədər əsaslar yaradır ki, cinayət törətmiş ermənilər beynəlxalq cinayət təqibinə məruz qalsınlar, axtarışa verilsinlər, məsuliyyətə cəlb olunsunlar. Əvvəlki dövrlərdə də çoxları elə zənn edirdi ki, separatçılar burada saxlanılmayacaqlar, cəza almayacaqlar. Bir çoxları, o cümlədən onların özü üçün bu, bir qədər xəyal kimi görünürdü. Lakin bu gün bütün separatçıların rəhbərləri, onlara sponsorluq edən, maliyyə dəstəyi göstərən şəxslər məhkəmə qarşısında ifadə verirlər”.
Müsahibimiz hesab edir ki, gün gələcək, məhz Ermənistanın keçmiş rəhbərləri, Azərbaycan xalqına qarşı çoxsaylı cinayətlər törətmiş canilər də məhkəmə prosesinin iştirakçıları kimi məsuliyyətə cəlb olunacaqlar. Azərbaycan tərəfi siyasi və hüquqi tədbirləri daha da genişləndirməlidir.
İlqar Hüseynov: Gün gələcək Ermənistanın keçmiş rəhbərləri də məsuliyyətə cəlb olunacaqlar
İ.Hüseynov əlavə edib ki, kütləvi məzarlıqların yerlərinin aşkarlanması separatçılar tərəfindən törədilmiş dəhşətli cinayətlərin etirafı kimi anlaşılır:
"Burada Ermənistanın hazırkı siyasi rəhbərliyinin riyakarlığı da üzə çıxır. Əgər iddia etdikləri kimi "Qarabağ klanı"na müxalifdirlərsə, real siyasi mübarizənin iştirakçılarıdırsa, özündən əvvəlki rəhbərliyi ifşa etmək, onları daha rəzil duruma salmaq üçün İrəvan hökuməti kütləvi məzarlıqların yerini Azərbaycan tərəfinə bildirərdilər. Bununla sülhə daha yaxın olduqlarını, sülh müqaviləsinin imzalanmasında daha istəkli olduqlarını isbat etmiş olardılar. Təəssüflər olsun ki, biz bu addımları, rasional, praqmatik düşüncəni indiki Ermənistan rəhbərliyindən görmürük. Bu da onların real sülhdə maraqlı olmadıqlarını göstərir".
Aydın Baxış