• Bakı 17° C

    3.59 m/s

  • USD - 1.7

    EUR - 1.8205

    RUB - 0.0184

Bölgələrdə formalaşmış infrastruktur dəyərə çevrilir

LAYİHƏ

30 Sentyabr 2022 | 13:07

Bölgələrdə formalaşmış infrastruktur dəyərə çevrilir

6.3.11 regionların sosial-iqtisadi inkişafı

Müstəqil Azərbaycanın qısa zamanda əldə etdiyi böyük nailiyyətlər, ilk növbədə hər bir vətəndaşın mənafeyinə xidmət edən təkmil sosial-iqtisadi inkişaf strategiyasına əsaslanır.

Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş mütərəqqi islahatları bütün sahələrdə inamla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev son beş ildə regionların sosial-iqtisadi inkişafını xüsusi diqqət mərkəzində saxlamış, bu istiqamətdə kompleks tədbirlər həyata keçirib. "Bizim iş üslubumuz belədir: bölgələrdə problemi müəyyən etmək, onun həlli üçün lazım olan yolları müəyyən etmək, axtarmaq və tədbirlər planı hazırlamaq. Bunu etmək üçün artıq bizim maliyyə imkanlarımız da var" deyən dövlət başçısının həyata keçirdiyi uğurlu strategiya nəticəsində Azərbaycan qısa müddətdə dünyanın sürətlə inkişaf edən, bütün sahələrdə yeniləşən dövlətlərindən birinə çevrilib. 2004-cü ildən etibarən icra olunan regionların sosial-iqtisadi inkişafı dövlət proqramları hesabına ölkə əhalisinin 77 faizinin yaşadığı regionların sosial infrastrukturu köklü şəkildə yaxşılaşdırılıb, əhalinin rifah halı yüksəlib.

Ölkəmizin şəhər və rayonlarının davamlı və tarazlı inkişafının təmin olunması məqsədilə qəbul edilmiş Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı dövlət proqramlarının uğurlu icrası nəticəsində şəhər, qəsəbə və kəndlərimizin siması köklü şəkildə dəyişib, regionların iqtisadi potensialı artıb, infrastruktur təminatı, əhaliyə göstərilən dövlət xidmətlərinin keyfiyyəti, biznes və investisiya mühiti yaxşılaşıb, əhalinin rifah halı yüksəlib. Ardıcıl olaraq həyata keçirilmiş məqsədyönlü islahatlar və genişmiqyaslı tədbirlər ölkəmizin iqtisadi və hərbi-müdafiə qüdrətini daha da gücləndirib və 44 günlük Vətən müharibəsində parlaq qələbənin qazanılmasına güclü zəmin yaradıb. Hazırda işğaldan azad edilmiş ərazilərin bərpası, gələcək inkişafının təmin olunması, zəruri infrastrukturun yaradılması və əhalinin doğma torpaqlarına qayıdışı istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilir. Qeyd edilən ərazilərin zəngin iqtisadi potensialından, təbii sərvətlərindən və geniş turizm imkanlarından səmərəli istifadə etməklə onların bərabər inkişafının təmin edilməsi üçün nəzərdə tutulan bütün işlərin vahid proqram əsasında aparılmasının məqsədəmüvafiqliyi əraziləri işğaldan azad edilmiş rayonların iqtisadi rayonlar üzrə bölgüsünə yenidən baxılmasını şərtləndirib.

Milli Məclisin deputatı Vüqar Bayramov Bakıvaxtı.az-a bildirib ki, regionların sosial-iqtisadi inkişafı Azərbaycan üçün prioritet məsələlərdən biridir: “Nəzərə alsaq ki, regionların sosial-iqtisadi inkişafı ilə bağlı dövlət proqramlarının qəbul edilməsində də məqsəd sistemli şəkildə bölgələrin inkişafının təşviq edilməsi və bu istiqamətdə daha çox sərmayənin cəlb edilməsindən ibarətdir”.

Vüqar Bayramov: "Son dövrlər həm sənaye, həm də xidmət sektorunda bölgələrin payında artımlar var"

Onun sözlərinə görə, sitatistika da göstərir ki, son dövrlər həm sənaye, həm də xidmət sektorunda bölgələrin payında artımlar var. Eyni zamanda, Azərbaycanda qeyri-neft ixracatında bölgələrin payı artır: “Xüsusən, nəzərə alsaq ki, Azərbaycan qeyri-neft ixracatının, təxminən, 40%-i aqrar məhsullardır, bu məhsullar da daha çox bölgələrdə istehsal olunub. Bir çox ixrac olunan sanaye məhsulları da bölgələrdə yaradılan sanaye parklarında istehsal olur. Bu da bölgələrin yalnız yerli istehsalatda deyil, həm də qeyri-neft ixracatında payının artmasına şərait yaradır”. V.Bayramov vurğulayıb ki, bu baxımdan, regionların sosial-iqtisadi inkişafı ilə bağlı dövlət proqramının inkişafı və bunun əsasında formalaşdırılan infrastruktur artıq bölgələrin inkişafına daha sitemli yanaşılmasına, keyfiyyət mərhələsinə qədəm qoyması anlamına gəlir: “Bu isə o anlama gəlir ki, bölgələrdə formalaşmış infrastruktur artıq dəyərə çevrilməkdədir. O infrastrukturlardan istifadə etməklə fərqli sektorlarda istehsalın təşkil edilməsi məhz bölgələrin yaratdığı iqtisadi dəyərin payını artırır. Bu, təbii ki, məşğulluğun təmin edilməsi baxımından vacibdir. Eyni zamanda, ixtisaslı kadrların işlə təmin olunmasına gətirib çıxarır. Həyata keçirilən dövlət proqramları və Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin bu istiqamətdəki tapşırıq və göstərişləri növbəti dövrdə həm ümumi-daxili məhsulların, həm də qeyri-neft ixracatında bölgələrimizin payının daha da artmasına gətirib çıxaracaq”.

İqtisadçı-ekspert Elmir Səfərli Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, son 10 ildə imzalanan sərəncamlar, tətbiq olunan milli proqramlar, eyni zamanda, paytaxtla bərabər regionlarda əhalinin sosial rifahının yaxşılaşdırılması istiqamətində atılan addımlar və tətbiq olunan strategiyalar uzunmüddətli dövrdə ölkə iqtisadiyyatını dayanıqlı, sağlam və tarazlı etdi: “Bütün bu sistemli addımların əsas məqsədi, regionlarda sosial inkişafın formalaşdırılması, qeyri-neft sektorunun, xüsusi ilə də, emal sənayesinin, kənd təsərrüfatı sektorunun, turizmin, istehsalın effektiv potensialının artırılması, regionlarda məşğulluq səviyyəsinin yüksəldilməsi, yoxsulluq səviyyəsinin minimuma endirilməsi və eləcə də, irimiqyaslı infrastrukturun qurulmasıdır. Ölkə prezidentinin müxtəlif illərdə imzaladığı dövlət proqramları da regionların inkişafı üçün müstəsna rol oynayıb. Belə ki, 2004-2008-ci, 2008-2014-cü və 2014-2018-ci illərdə imzalanmış proqramların əsas məqsədi də iqtisadiyyatın regionlarda diversifikasiyasının təmin olunmasıdır”.

Elmir Səfərli: "Prezidentin imzaladığı dövlət proqramları da regionların inkişafı üçün müstəsna rol oynayıb"

İqtisadçının sözlərinə görə, regionlarda fəaliyyət göstərən sahibkarlara xüsusi vergi güzəştlərinin olması, onlar üçün təşviq strategiyaların hazırlanması və tətbiqi, fermerlərin, eləcə də, kiçik ailə müəssisələrinin effektiv fəaliyyəti üçün lazımlı infrastrukturun qurulması, elektron sistemlərin yaradılması və aparılan proseslərin sadələşdirilməsi, irimiqyaslı subsidiya proqramlarının region əhalisi üçün tətbiqi, region əhalisinin yaşam səviyyəsinin yüksəldilməsi, dövlət büdcəsindən maliyyələşən təşkilatlarda regionda fəaliyyət göstərən şəxslərə maliyyə əlavələrinin verilməsi, onlara tibbi və sağlamlıq xidmətlərinin verilməsi imkanlarının artırılması, eləcə də, xarici dövlətlərlə imzalanmış investisiya proqramlarının regionlara transfer edilməsi güclü sosial-iqtisadi inkişafa əhəmiyyətli dərəcədə təsir edib: “Hətta 2021-ci ildə bütünlüklə ölkə üzrə, xüsusən də regionlarla bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin əmri ilə “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” konsepsiyası təsdiq edildi. Bu konsepsiyaya əsasən ölkənin 2021-2030-cu illərində xüsusi uzunmüddətli sosial-iqtisadi inkişaf strategiyası formalaşdırılmalı, əhalinin rifah səviyyəsinin artırılması istiqamətində addımlar atılmalı, biznes və investisiya mühiti təkmilləşdirilməli, və ümumi inkişaf çərçivəsində Milli Prioritetlər müəyyənləşdirilməli və tətbiq edilməlidir. Növbəti 10 illik planda isə ümumilikdə ölkə səviyyəsində sosial-iqtisadi maraqların təmin olunması istiqamətində işlər artırılmalı və ümumilikdə Milli İnkişaf Prioritetlərindən yola çıxaraq yeni strategiyalar tətbiq olunmalı, texnolojik inkişaf meyarları ölçülərək inkişaf istiqamətli işlər görülməlidir”.

E.Səfərli mövzu ilə bağlı təkliflərini də irəli sürüb: “Bununla bağlı olaraq təklif edirəm ki: 1) Regionların iqtisadi resurslarından istifadə etməklə, bölgələrin iqtisafi fəallığı artırılmalı, o ərazilərdə yaşayan insanların gəlir səviyyəsi və iş imkanları yüksəldilməli, regionlarda məhsul və xidmət istehsalının artırılması üçün bazar şərtləri daha da asanlaşdırılmalı, sağlam rəqabət mühiti formalaşdırılmalı və eyni zamanda, sosial xidmətlərin əlçatanlığı artırılmalıdır. 2) Ölkə səviyyəsinda son on ildə baş verən institusional problemlər aradan qaldırılmalı, prioritet sahələr üzrə qanunvericilik və eyni zamanda hüquqi normativ baza təkmilləşdirilməli və səmərəlilik artırılmalıdır. 3) Qeyri-neft sektoru üzrə investisiyaların həcmi artırılmalı, xarici investisiyaların cəlb edilməsi istiqamətində təşviq proqramları hazırlanmalı və tətbiq edilməlidir. 4) Neft iqtisadiyyatından elm, texnologiya və süni intellekt iqtisadiyyatına keçid sürətlənməli, rəqəmsal transformasiya üzrə hökümət strategiyası hazırlanmalı və təkmilləşdirilməli, innovativ texnoloji və maddi idarəçilik prinsipləri əsasında dayanıqlı iqtisadi inkişaf formalaşdırılmalı, yaşıl iqtisadiyyat və innovativ metodlar tətbiq edilməlidir”.

Aytac Aslan

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb


SON XƏBƏRLƏR