• Bakı 11° C

    4.95 m/s

  • USD - 1.7

    EUR - 1.8399

    RUB - 0.0185

Azərbaycanda uşaq və gənclərin hərtərəfli inkişafına xüsusi diqqət göstərilir

LAYİHƏ

14 Oktyabr 2022 | 14:53

Azərbaycanda uşaq və gənclərin hərtərəfli inkişafına xüsusi diqqət göstərilir

6.3.19. uşaq və gənclərin fiziki və mənəvi inkişafı

Ölkəmizdə yeniyetmə və gənclərin fiziki və mənəvi cəhətdən inkişafı, hərtərəfli biliyə, geniş dünyagörüşünə, milli və ümumbəşəri əxlaqa, mənəviyyata və mədəni dəyərlərə yiyələnən şəxsiyyət kimi formalaşmaları, cəmiyyətimiz üçün layiqli vətəndaşlar kimi böyümələri xüsusilə diqqət mərkəzindədir.

Həyat üçün ən vacib şərtlərdən biri olan fiziki tərbiyə, başqa sözlə desək, bədən tərbiyəsi və idmanı inkişaf etdirməklə Azərbaycanda gənc nəslin sağlam böyüməsi ilə yanaşı, həm də kamilləşməsi, zehni, intellektual inkişafı üçün geniş imkanlar yaradılır. Dövlətimiz bədən tərbiyəsi və idmanı inkişaf etdirməklə böyüməkdə olan gənc nəslin daha sağlam, fiziki cəhətdən güclü, mənən kamil, Vətənini və xalqını sevən gənclər kimi yetişməsinə nail olur.

Bu böyük işlərin əsası Azərbaycan xalqının fiziki-mənəvi sağlamlığına çalışan ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Ümummilli Lider hələ ölkəmizə rəhbərliyinin birinci dövründə uşaq və gənclərin hərtərəfli inkişafına diqqət və qayğı göstərməklə gələcək inkişaf perspektivlərinə xüsusilə diqqət yetirirdi. Məhz bu dövrdə uşaq, yeniyetmə və gənclərin mənəvi və fiziki inkişafında mühüm rol oynayan bədən tərbiyəsi və idmanın maddi-texniki bazasının yaradılması üçün həmin illər böyük işlər görülmüşdü.

Bəs indi uşaq və gənclərin fiziki və mənəvi inkişafı üçün nə edilməlidir? Psixologiya və Konsultasiya Mərkəzinin rəhbəri, psixoloq Elnur Rüstəmov Bakıvaxtı.az-a bildirib ki, bu günün ən böyük problemi məhz uşaq və yeniyetmələrin fiziki-mənəvi sağlamlığı inkişafı ilə bağlıdır: “İnformasiya əsrində yaşadığımız üçün bu gün uşaqların hərəkət məhdudiyyətləri var. Bunun fonunda heç kimə sirr deyil ki, uşaqların qida rasionu dəyişməyə başlayıb. Heç də təsadüfi deyil ki, onların öz dili ilə desək, “kartof fri” və digər “fast food” qidalar az qala uşaqların sevimli yeməyinə çevrilib. İl ildən biz görürük ki, artıq uşaqların ağız dadı belə dəyişməyə başlayıb. Daha çox üstünlük təşkil edən beynəlxalq qida brendləridir. Düzdür, məsələnin görünən tərəfi o qədər də gözə çarpan deyil, mən düşünürəm, bunlar nəzərə alınıb ki, qida rasionu dəyişsin. 10 il əvvəl ilə müqayisə etsək, görərik ki, bu gün “fast food” qidalardan istifadə edən uşaqların sayı çoxdur. Əlbəttə, bunlar onların həm psixi, həm də fzioloji sağlamlığına təsir göstərir”.

Psixoloqun sözlərinə görə, bu gün oturaq həyatın üstünlük təşkil etməsi də uşaqların fiziki sağlamlığına təsir göstərir: “Burada valideynin, məktəbin, bir də cəmiyyətin üzərinə düşən məsuliyyət var. Mən düşünürəm ki, bu istiqamətdə maariflənmə işi aparmaq lazımdır. Bu maariflənmə işi də daha çox idiolojiyə əsaslanmalıdır. Yəni bu, ictimai şüur olaraq təlqin olunmalıdır. Bəli, bu gün cəmiyyətdə kifayət qədər insanlar var ki, oturaq işləri var. Ancaq görürük ki, həmin insanlar səhər tezdən və yaxud axşam yürüyüş edir, nahar vaxtı parklarda gəzirlər. Bu, fiziki sağlamlıq üçün vacibdir. Ancaq gəlin biz uşaqlara baxaq, biz uşaqları gəzməyə aparanda daha çox nə etmək istəyirlər? Uşaq psixologiyası ilə yanaşıb hərəkətli, dinamik şeylər oynamaq istəyirlər. Bunun əksinə isə onlar daha çox telefonda, elektron cihazlarda vaxt keçirirlər. Şübhəsiz ki, orda aldıqları informasiyalar da onların davarışına, ünsiyyətinə, ailə və cəmiyyət ilə münasibətinə təsir göstərir o da ayrı bir söhbətdir ki, onların izlədikləri istər cizgi filmi, istərsə də kiçik videoçarxlar olsun özlərindı hazır informasiya daşıyırlar”.

E.Rüstəmov vurğulayıb ki, çünki onların böyük bir qismi bizim dəyərlər üzərində qurulmuş oyunlar deyil: “Bunların da hamısı uşaqların fiziki-mənəvi, psixoloji sağlamlığına təsir göstərir. Mən düşünürəm ki, bu cür məsələlərdə konseptual, uzunmüddətli fəaliyyət planı olmalıdır. Bunlar mərhələli şəkildə həyata keçirilməlidir ki, uşaqlarda fiziki hərəkətlərə maraq oyansın. Misal üçün, bu gün, demək olar, bütün bölgələrdə idman olimpiya komplekləri var. Onların nə dərəcədə işləyib işləməməsi ayrı söhbətdir, ancaq mən düşünürəm ki, onları işlədib uşaq və yeniyetmələri ora cəlb etmək olar. Yəni, resurs olaraq var, qalır bunun işlədilməsi məsələsi. Yenə də deyirəm, bizim mənəvi dəyərlərimiz yeni dövrün tələblərinə uyğunlaşdırılıb yeni dövrün şərtləri altında cizgi fimlərində, videçarxlarda vizual olaraq uşaqlara, gənclərə göstərməliyik. Yeni dövrün yeni tələbləri, şərtləri var. Bu gün oxumaq fərqli oxumaqdır. Biz bütün informasiyaları kitablardan alırdıq, çünki başqa resursumuz yox idi. Bu gün isə informasiyanı internet üzərindən, kitablar üzərində çəkilən filmlərdən alırıq. Yəni, dövrün tələbini yeni dövrün çağırışına uyğun adekvat tədbirlər görmək lazımdır. Xüsusən də, uşaq və yeniyetmələrə fokslanmalıyıq, çünki bunu sağlam təməl üzərində formalaşdırsaq, daha çox şey əldə edəcəyik. Əks təqdirdə görürük ki, gənclər arasında zərərli vərdişlərə meyillilik, asılılıq var. Bu vərdişlərin kökü də daha çox uşaqlığa gedib bağlanır”.

Təhsil eksperti Elvin Bədirov Bakıvaxtı.az-a bildirib ki, gənc nəslin fiziki-mənəvi inkişafı, sağlam yetişməsi cəmiyyətin ən önəmli və əvəzolunmaz tələbatıdır: “Gənclərin fiziki cəhətdən sağlam, hərtərəfli biliyə sahib, dünyagörüşü yüksək və əxlaqi-mənəvi dəyərlərə yiyələnən şəxsiyyət kimi formalaşması hər zaman aktualdır. Uşaqların, eləcə də gənclərin hərtərəfli inkişafında idmanın rolu danılmazdır”.

E.Bədəlov qeyd edib ki, fiziki-mənəvi inkişafın ən əsas hissəsini isə təhsil və gənclərin təhsil prosesində əsas aktorlar kimi faydalılığını təmin etmək təşkil edir: “Məktəblərimizdə təhsil və tərbiyənin təsir miqyasının artırılması günümüzün reallığında arzulanan səviyyədə deyil. Düşünürəm ki, bu sahədə əsaslı uğurlar qazanmaq üçün idmanın və təhsilin paralel inkişafını təmin etmək, gənclərin şəxsiyyət kimi formalaşmasında məktəblərin təsir imkanını artırmaq, məktəblərimizin əsas təlim tərbiyə, təhsil ocağına çevirmək çox vacibdir. Eləcə də valideynlər bu işdə maksimum həssas olmalı, tələblərə adekvat yanaşma göstərməli, övladlarını mənfi kənar təsirlərdən qorumalıdır”.

Gənclər və İdman Nazirliyinin mətbuat katibi Qabil Mehdiyev Bakıvaxtı.az-a bildirib ki, uşaq və gənclərin fiziki-mənəvi inkişafı üçün onlar bədən tərbiyəsi və idmana cəlb edilməli, sağlam həyat tərzi aşılanmalıdır: “Uşaqların fiziki sağlamlığı onların gələcək inkişafında mühüm rol oynayır. Əslində həm fiziki, həm də mənəvi inkişaf bir-biri ilə sıx bağlıdır. İdmana cəlb edilən gənclər fiziki cəhətdən sağlam inkişaf edir, eyni zamanda pis vərdişlərdən uzaq olurlar. İdmanla yanaşı, mənəvi-psixoloji baxımdan da müsbət inkişafa nail olurlar”.

Aytac Aslan

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb


SON XƏBƏRLƏR