• Bakı 13° C

    3.51 m/s

  • USD - 1.7

    EUR - 1.8409

    RUB - 0.0183

"Quruculuq işləri göstərir ki, biz torpaqlarımızı müdafiə edirik" 

LAYİHƏ

23 Sentyabr 2022 | 12:07

Quruculuq işləri göstərir ki, biz torpaqlarımızı müdafiə edirik 

6.3.7. işğaldan azad olunmuş ərazilərə “Böyük Qayıdış”

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 21-də işğaldan azad edilmiş Laçın şəhərində Azərbaycan Bayrağını ucaldıb.

Dövlət baçısı Laçına səfəri fonunda Ermənistana və onun havadarlarına bir sıra mesajlar ünvanlayıb.

Prezident “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti tərəfindən Laçın şəhərində inşa ediləcək 110/35/10 kV-luq “Laçın” Qovşaq Yarımstansiyasının təməlqoyma mərasimində iştirak edib və Kəlbəcər-Laçın avtomobil yolunda yeni inşa edilən tunellə tanış olub.

Prezident Laçın şəhəri və Zabuxla bağlı sərəncam imzalayıb. Belə ki, “Laçın şəhəri, 2 nömrəli tam orta məktəb binasının layihələndirilməsi, əsaslı təmiri və bərpası ilə bağlı tədbirlər haqqında” və “Laçın rayonu, Zabux kənd tam orta məktəb binasının layihələndirilməsi, əsaslı təmiri və bərpası ilə bağlı tədbirlər haqqında” Prezident sərəncamlar imzalayıb.

Dövlət başçısı “Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunun işğaldan azad olunmuş Zabux və Sus kəndlərinin layihələndirilməsi və tikintisi işləri ilə bağlı tədbirlər haqqında” sərəncam imzalayıb.

***

Prezidentin Laçın səfərini Bakıvaxtı.az-a şərh edən Milli Məclisin Komitə sədri Hicran Hüseynova bildirib ki, sentyabrin 21-də tarixi hadisəni yaşadıq, artıq Laçın şəhərində də Azərbaycan dövlət bayrağı dalğalanır.

“Bu hər bir azərbaycanlıya qürur hissi verir. Rusiya, Ermənistan və Azərbaycan arasında imzalanmış 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatın 6-cı maddəsində göstərilir ki, tərəflərin razılığı əsasında növbəti üç il ərzində Dağlıq Qarabağla Ermənistan arasında əlaqəni təmin edən Laçın dəhlizi üzrə yeni hərəkət marşrutunun inşası planı müəyyən ediləcək və bununla da həmin marşrutun mühafizəsi üçün Rusiya sülhməramlı kontingentinin gələcək yerdəyişməsi nəzərdə tutulur. Azərbaycan Respublikası Laçın dəhlizi üzrə hər iki istiqamətdə vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hərəkətinə təhlükəsizlik zəmanəti verir.

Qeyd etmək lazımdır ki, cənab Prezident İlham Əliyevin təkidi ilə Bəyanatda təsbit olunan alternativ yolun çəkilməsi ilə bağlı  Azərbaycan tərəfi öz üzərinə götürdüyü öhdəliyə əsasən qısa müddət ərzində yerinə yetirdi. Artıq 1 il 8 aydan sonra yeni yol hazır oldu. Dövlətimizin rəsmi olaraq bildirişindən sonra avqustum 5-də Laçın şəhərinə və köhnə yola daxil olur. Lakin Qarabağda qanunsuz məskunlaşmış ermənilər müraciət edərək avqust ayının 25-nə qədər vaxt istəmişdir. Azərbaycan tərəfi növbəti dəfə humanizm göstərdi, ermənilərə həmin vaxtı verdi. Beləliklə, avqustun 26-da Azərbaycan Ordusu Laçın şəhərinə daxil oldu və ordumuz  Laçın şəhərinə, Sus və Zabux kəndlərinə  daxil oldu. Ölkə başçısının Laçında, tarixi Azərbaycan torpağında bayrağımızı ucaltması isə artıq bu gözəl diyarda  tikinti-quruculuq işlərinin başlanması və tezliklə laçınlıların öz doğma evlərinə qayıtmasının rəmzi mənasıdır. Əlbəttə ki, biz burada da  erməni vandalizmini görürük”, - deyə H.Hüseynova bildirib.

O qeyd edib ki, bəzi yerlərdə qanunsuz məskunlaşma aparsalar da, Laçın şəhərinin böyük hissəsi tamamilə dağıdılmışdı: “Onlar hətta Laçın şəhərini tərk edərkən də vandalizm hərəkətlərindən əl çəkmədilər. Və bu cinayət hadisələri bütün dünyanın gözü qarşısında baş verirdi. Vaxt ilə heç bir beynəlxalq hüquq norma və prinsiplərinə əməl etməyərək humanitar fəlakətlər, ekoloji terror törədən, qanunsuz məskunlaşma siyasəti aparan ermənilərə dünya ictimaiyyəti, beynəlxalq təşkilatlar, o cümlədən bu məsələ ilə birbaşa məşğul olan Minsk qrupunun həmsədrləri  heç bir reaksiya vermirdilər. Əfsuslar olsun ki, bu gün də həmin ikili standartlar davam edir.  

Dövlət başçısı “Biz müharibədən dərhal sonra onlara sülh təklif etdik. Bu da dünya hərb tarixində bəlkə də nadir hallardan biridir…” dedi. Bəli, cənab Prezidenti dediyi ki, dünya hərb tarixində belə bir təcrübə yoxdur ki, qalib dövlət kapitulyasiya edən dövlətə, onun törətdiyi bütün cinayətlərə, apardığı işğalçılıq siyasətinə baxmayaraq sülh təklif edir.  Çünki, Azərbaycan sülhsevər xalqdır, humanist dövlətdir. Biz istəyirik ki, vətəndaşlarımız tezliklə öz doğma evlərinə qayıtsınlar, yenə də Qarabağ və Şərqi Zəngəzurda sülh və əmin-amanlıq olsun.  Azərbaycan bu gün Cənubi Qafqazda, eləcə də regionda yeni reallıqlar yaradır, yeni nəqliyyat və kommunikasiya layihələri ilə Şərqlə Qərbi, Şimalla-Cənubu bir-birinə yaxınlaşdıran nəhəng layihələr həyata keçirir, qlobal təşəbbüslər irəli sürür.  Biz ərazi bütövlüyümüzü təmin etmişik, lakin sülh və təhlükəsizliyin təmin olunması bütün region dövlətləri üçün, o cümlədən dalan ölkəsinə çevrilmiş Ermənistan üçün daha yeni imkanlar yarada bilər. Müharibədən dərhal sonra Azərbaycan  Ermənistanla sülh müqaviləsini imzalamaq üçün 5 prinsip təklif etmişdir.  Moskva və Brüssel formatında aparılan görüşlərdə bu məsələ davamlı olaraq müzakirə olunur. Lakin yenə də Ermənistan sülh yaratma  və münasibətlərin normallaşması prosesinə maneələr yaradır, üzərinə götürdüyü öhdəliyi yerinə yetirmir.   

Dövlət başçısı “Bizim sərhədimizin delimitasiyası keçirilmədən heç kim deyə bilməz sərhəd haradan keçir. Mən yenə də deyirəm, biz müzakirələrə hazırıq və delimitasiya komissiyalarının - Azərbaycan-Ermənistan komissiyalarının işinə məsuliyyətlə yanaşırıq…” dedi. Cənab Prezidentin dediyi kimi, Azərbaycan sülh təklif edir, delimitasiya və demarkasiya  prosesinə başlamağı təklif etmişdir. Lakin qarşı tərəf bu təklifi müxtəlif bəhanələrlə bir ildən çox uzadaraq  vaxt qazanmağa çalışır. Hazırda bu proses başlasa da, sırf formal xarakter daşıyır, mahiyyət üzrə heç bir danışıqlar aparılmır, xəritələr üzrə heç bir müzakirə aparılmır. Ancaq yenə də görürük ki, Ermənistan sülh istəmir, yenə də revanşist fikirlərlə yaşayır. Ölkə başçısının Laçına səfəri zamanı qeyd etdi ki, “Biz bütün xəritələri hazırlamışıq. Həm XX əsrin xəritələrini, həm əvvəlki dövrün xəritələrini və delimitasiya işləri bu xəritələr üzrə aparılmalıdır”.  Ermənilərin bu məsələni uzatması bir daha göstərir ki, onlar sülh istəmir, revanşist xəyallarla yaşayırlar. Hərbi-siyasi təxribatlar törətməklə, prosesə əngəl olmaq istəyirlər. Lakin bu gün Azərbaycanın  hərbi və siyasi gücünü hər kəs görür.  Bununla bağlı cənab Prezident bir daha vurğuladı ki, “əgər düşmən bizə qarşı təxribat törədəcəksə, layiqli cavabını verəcəyik. Bu gün Ermənistan yaxşı fikirləşməlidir. Bizimlə heç kim ultimatum dili ilə danışa bilməz və heç kimə də bel bağlamasınlar…”

Hazırda bir reallıq var: Azərbaycan torpaqlarını 30 illik erməni işğalından azad edib. Qarabağ və Şərqi Zəngəzurda tikinti-bərpa işləri aparılır, erməni terroruna məruz qalmış şəhər və kəndlərimiz yenidən qurulur. Və hər kəs də kimin dağdıcı, kimi isə qurucu dövlət olduğunu görür. Ölkə başçısı İlham Əliyevin Laçın şəhərinin bərpası ilə bağlı verdiyi son qərarlar və sərəncamların imzalanması bir daha göstərir ki, biz torpaqlarımızı müdafiə edir, qurucuqluq işlərini aparırıq”.

***

Prezidentin Laçın səfərini Bakıvaxtı.az-a şərh edən Milli Məclisin deputatı Müşfiq Cəfərov bildirib ki, bu səfər bir neçə vacib məqamı özündə ehtiva edir.

“Ümumiyyətlə, 13 sentyabr hadisələrindən sonra ölkə başçısının Laçına səfəri bir daha Ali Baş Komandanın və rəhbərlik etdiyi şanlı ordumuzun gücünü ortaya qoyur. Bütün təxribatlara baxmayaraq Azərbaycan ordusu və Ali Baş Komandan Qarabağı müdafiə edir və quruculluq işlərini də diqqətdən yayındırmır. Müharibə dövründə Laçın və Kəlbəcərin bir hissəsi ordumuz tərəfindən azad olunsa da, çətin relyefi və insan itkisinin çox olmasının qarşısını almaq üçün ölkə başçısı hər iki rayonun işğalda qalan əsas hissəsini üçtərəfli bəyənata əsasən müharibəsiz təhvil aldı”,-deyə M.Cəfərov bildirib.

Deputat təəssüflə qeyd edib ki, Ermənistanın 30 ilə yaxın müddətdə Azərbaycan ərazilərini işğal altında saxlamaqla yol verdiyi hərbi cinayətlərin sayı bitib-tükənmir: “Əsarətdə olan ərazilərdə qanunsuz məskunlaşma da bu cinayətlərin sadəcə bir nümunəsidir. İrəvan işğal altında saxladığı Azərbaycan torpaqlarında dövlət səviyyəsində Ermənistandan, Suriyadan, Livandan və digər ölkələrdən ermənilərin qanunsuz məskunlaşdırılmasını həyata keçirirdi. Qarabağda erməni əhalisinin sayını süni şəkildə artırmaq məqsədi güdən bu siyasət nəticəsində işğal altında olmuş ərazilərə minlərlə insan köçürülüb, onların köçürülməsi üçün Ermənistan dövləti, erməni lobbisi və diasporu, ayrı-ayrı fondlar tərəfindən təşviqedici vədlər verilib.

Çünki bu cinayətlər fakt və sübutlarla ortadadır. Ermənistanın dövlət səviyyəsində törətdiyi qeyri-qanuni məskunlaşdırma cinayəti də beynəlxalq qurumların hesabatlarında əksini tapmalıdır. Azərbaycan dövləti bunun üçün kifayət qədər materialları beynəlxalq qurum və təşkilatlara təqdim edib.  ATƏT müxtəlif illərdə işğal altındakı Azərbaycan ərazilərinə səfəri zamanı qanunsuz məskunlaşmaya dair faktları özləri görüb və bu bir neçə hesabatında da öz əksini tapıb. Lakin bu əməl də layiqincə dəyərləndirilməyib. Azərbaycan prezidenti bu faktı bütün mötəbər beynəlxalq təşkilatlarda hər kəsin diqqətinə çatdırmışdı. Bu gün Azərbaycan dövləti öz ərazisini daxilindəki diversantlardan təmizləyir və bu terrorçular baş qaldırdıqca da cəzalandırılacaqlar”.

Ramid İbrahimov 

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb


SON XƏBƏRLƏR

27 Mart 2024