"Metronun “Həzi Aslanov” stansiyasının dalanında əsaslı təmir və yenidənqurma işləri mərhələli şəkildə davam etdirilir".
Bu barədə Bakıvaxtı.az-ın sorğusuna cavab olaraq "Bakı Metropoliteni" QSC-dən məlumat verilib.
Bildirilib ki, dalan sahəsində söküntü və hazırlıq işləri görülüb başa çatdıtıldıqdan sonra növbəti mərhələlər çərçivəsində gücləndirmə məqsdədilə texnoloji proseslərin tələblərinə uyğun olaraq silsilə tədbirlər görülür:
"Qeyd olunmalıdır ki, bu müddətdə “Həzi Aslanov” stansiyası sərnişindaşıma fəaliyyətini dayandırmadan xidmət göstərir. Qatarların hərəkəti xüsusi qrafik əsasında təşkil olunub".
Qurumdan nəzərə çatdırılıb ki, işlərin gedişi barədə dövrü olaraq ictimaiyyətə əlavə məlumatlar verilir:
"Tikinti işlərinin 2026-cı ildə yekunlaşdırılması planlaşdırılır".
Qeyd edək ki, noyabrın 30-dan “Həzi Aslanov” stansiyasının dalanında əsaslı təmir və yenidənqurma işlərinə başlanılıb.
Həmin müddətdən etibarən Yaşıl və Qırmızı xətlərdə qatarların hərəkət qrafikinə dəyişiklik edilib. Qatarlar Qırmızı xətt üzrə (“İçərişəhər” stansiyasından) və Yaşıl xətt üzrə (“Dərnəgül” stansiyasından) “Əhmədli” stansiyasına qədər hərəkət edir.
“Həzi Aslanov” stansiyası istiqamətində hərəkət edən sərnişinlərin maraqları nəzərə alınaraq, dönmə kamerasında əsaslı təmir işləri başa çatana qədər stansiyanın sərnişindaşıma fəaliyyəti dayandırılmayıb. Bu stansiyadan qatarların hərəkəti yalnız “Əhmədli” stansiyasına və geri olmaqla təşkil olunub.
Mina Mikayılova