• Bakı 19° C

    6.41 m/s

  • USD - 1.7

    EUR - 1.8198

    RUB - 0.0182

Azərbaycançılıq ideologiyasının təbliği

LAYİHƏ

16 Sentyabr 2022 | 16:30

Azərbaycançılıq ideologiyasının təbliği

6.3.9. Azərbaycançılıq ideyasının təbliği

Milli dövlətə mənsubluq əsrlər boyu hər bir xalqın nəyə qadir olduğunu, şərəfli mübarizə yolunu, dünya dövlətləri sırasında layiqli yer tutmaq əzmini nümayiş etdirmişdir. Bu mənada, xalqların qarşıya qoyduğu konkret hədəflərə doğru irəliləməsi prosesində milli dövlətin mövcudluğu vacib şərtlərdən biridir. Yalnız özünü milli etnos kimi dərk edən xalqlar milli dövlət quraraq onun mövcudluğunu qoruyub saxlaya biliblər. 

Təcrübə göstərir ki, hər bir xalqın əlverişli tarixi şəraitdə milli-etnik soykökünə qayıdışı, əsrlər boyu əxz etdiyi milli-mənəvi dəyərlər və düşüncə sisteminə söykənərək özünüməxsusluğunu qorumaq fürsəti əldə etməsi tarixi şəxsiyyət fenomeninin fövqəladə missiyası ilə şərtlənir. XX əsrdə Azərbaycan xalqının yetirdiyi nadir şəxsiyyət olan Heydər Əliyev də Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra siyasi reallıqdan çıxıb ideya formasında, azərbaycanlıların istiqlal duyğularında qığılcım kimi közərən milli dövlətçilik düşüncəsini - əsrin 70-ci illərinin əvvəllərindən başlamaqla əsrin sonlarına doğru - müstəqil Azərbaycan dövləti kimi əzəmətli reallığa qovuşdurmuşdur. Ümummilli lider məhz həmin illərdə milli-mənəvi dəyərlərin, milli ruhun qorunması, kadrların milliləşdirilməsi, azərbaycançılıq ideologiyasının sistem halına salınması istiqamətində bir sıra mühüm tədbirlər həyata keçirmişdir. Əgər ulu öndər Heydər Əliyevin hələ respublikamıza birinci rəhbərliyi dövründə Azərbaycanın sosial-iqtisadi, mədəni yüksəlişi üçün həyata keçirilən tədbirlər, milli şüurun oyanışı istiqamətində istər açıq, istərsə də gizli şəraitdə görülən işlər olmasaydı, bu gün Azərbaycanın müstəqil xəttə malik suveren dövlət kimi mövcudluğundan danışmaq çətin olardı.

Ötən əsrin sonlarına doğru çoxəsrlik tarixi mücadilənin yekunu kimi dövlətçiliyini bərpa edən, azadlığa qovuşan Azərbaycan xalqının milli inkişaf yolunun və ideologiyasının formalaşması da məhz ulu öndər Heydər Əliyevin müstəqil respublikamıza rəhbərliyi dövrünə təsadüf edir. Bütün ruhu, qanı, canı ilə özünü azərbaycanlı sayan ümummilli lider cəmiyyətin bütövləşməsi, azərbaycançılıq ideologiyasının milli həmrəyliyin aparıcı amilinə çevrilməsi istiqamətində mühüm işlər görərək ümumxalq birliyinin dərin politoloji və nəzəri əsaslarını irəli sürdü. Böyük strateq azərbaycançılığın tarixən formalaşmış ayrı-ayrı komponentlərini vahid sistem və konsepsiya halına gətirərək onu dövlət idarəçiliyinin elmi-nəzəri əsasına çevirdi. Məhz Heydər Əliyev dühasının səyi ilə azərbaycançılıq mahiyyətcə real məzmun daşıyaraq praktikada realizə imkanları qazandı.

Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, deputat Nəsib Məhəməliyev Bakıvaxtı.az-a bildirib ki, Sovetlər İttifaqı dağıldıqdan sonra bəzi milli Respublikaların ərazisində etnik, dini zəmində münaqişələr baş verdi.

“O sırada, ölkəmiz Qarabağda erməni separatçılığı ilə qarşılaşdı. Biri-birinin ardınca hakimiyyətə gəlmiş səriştəsiz insanlar isə, milli maraqları müdafiə etmək, cəmiyyətdə baş verən ziddiyətli prosesləri tənzimləmək iqtidarında deyildilər. Hakimiyyət rəhbərliyində təmsil olunan bəzi siyasətçilərin yersiz bəyanatları, çoxmillətli Azərbaycan cəmiyyətində narazılıqla qarşılanırdı. Xaos, anarxiya ilə müşaiyət olunan kriminal dəstələrin fəaliyyəti nəticəsində ölkə vətəndaş müharibəsi təhlükəsi ilə üzləşdi. Belə bir çətin şəraitdə, Ümummilli Lider Heydər Əliyev ikinci dəfə hakimiyyətə gəldi və parçalanmış cəmiyyətin bütün təbəqələrini özündə birləşdirən Azərbaycançılıq məfkurəsini irəli sürdü”, - deyə N.Məhəməliyev bildirib. 

Millət vəkili bildirib ki, Azərbaycançılıq ideologiyası, milliyətindən, etnik mənsubiyyətindən dinindən, irqindən asılı olmayaraq, bütün Azərbaycan vətəndaşlarını özündə birləşdirən yeganə ideologiyadır:

“Eyni zamanda, vaxtilə Azərbaycanda yaşamış və müxtəlif səbəblərdən xarici ölkələrdə məskunlaşmış insanları da məhz, Azərbaycançılıq ideologiyası birləşdirir. 44 günlük müharibədə, Azərbaycançılıq ideologiyası özünü ən yüksək səviyyədə təsdiq etmiş oldu. Son 30 ildə, dünya erməniliyi ölkəmizə qarşı fasiləsiz olaraq, informasiya müharibəsi aparır. Əsas istinad etdikləri məsələ, guya ki, Azərbaycanda millik birlik yoxdur və milli azlıqların hüquqlarının pozulur. Reallıqda isə tam tərsini gördük”.

Parlamentari vurğulayıb ki, etnik, dini mənsubiyyətindən, yaşadığı ölkədən asılı olmayaraq, hər bir azərbaycanlı Prezident, Ali Baş Komandan İlham Əliyevin ətrafında yumruq kimi birləşdi:

“Bütün sahələrdə olduğu kimi, bu sahədə də erməni təbliğatı iflasa uğradı. Azərbaycançılıq ideologiyasının dünyada təbliğ olmasına gəldikdə isə, deyə bilərəm ki, bu istiqamətdə həm dövlət, həm də diaspora təşkilatları tərəfindən sistemli iş aparılır. Azərbaycanda oturuşmuş multikultural dəyərlər, konfessiyalar arası dini dözümlülük beynəlxalq təşkilatlar tərəfindən dəstəklənir. Bir çox ölkələrə nümunə olaraq göstərilir. Harada yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı, azərbaycançılıq ideologiyasının təbliğatçısına çevrilməli, onun mahiyyətini izah etməyi bacarmalıdır”.

Nuranə Daxilqızı

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb


SON XƏBƏRLƏR

24 Aprel 2024