• Bakı 20° C

    5.21 m/s

  • USD - 1.7

    EUR - 1.8198

    RUB - 0.0182

Azərbaycanda siyasi partiyalarda gender balansı varmı?

LAYİHƏ

28 Oktyabr 2022 | 11:12

Azərbaycanda siyasi partiyalarda gender balansı varmı?

6.3.18. gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması

Gender bərabərliyi ictimai həyatın siyasi, iqtisadi, mədəni və digər sahələrində kişi və qadınların bərabərliyini nəzərdə tutur. Azərbaycanda gender tendensiyasının başlamasının tarixi XIX əsrin ortalarından Azərbaycan qadınının savadlanması, sonra onun ictimai həyata xeyriyyəçi kimi qatılması ilə əlaqələndirilir.

Azərbaycan Xalq Cümhuriyyəti həm də Şərqdə, islam aləmində qadına seçmək və seçilmək hüququ verən ilk respublika kimi tarixə düşüb. Cümhuriyyət dövründə hüquqi təməli qoyulmuş gender bərabərliyi prinsipi Sovet dövrü ərzində həm hüquqi, həm də real baxımdan əksər hallarda həyata keçirilib. Qadının kişilərlə bərabər azadlığı, hüququ, imkanı, qadın təhsili problemi həlini tapıb. Amma o dövrün ideologiyası istər-istəməz qadınların tam olaraq potensialının üzə çıxmasına müəyyən qədər mane olub.

Azərbaycan müstəqilliyini yenidən bərpa etdikdən, xüsusilə də 1994-cü ildən başlayaraq ölkədə sabitliyin bərqərar olması qadınların da ictimai-siyasi həyatda fəaliyyətinin artmasına yol açıb. Bununla bağlı ölkədə dövlət səviyyəsində bir sıra qanun və qərarlar qəbul edilib.

Azərbaycanın konstitusiyası da kişilərə və qadınlara eyni hüquqları verib. Həmçinin Azərbaycan gender bərabərliyinin təmini üçün mühüm beynəlxalq konvensiyalara qoşulub. Həmçinin Azərbaycan gender bərabərliyinin təmini üçün bəzi beynəlxalq konvensiyalara qoşulub. Belə ki, Azərbaycan 1995-ci ildə BMT-nin "Qadınlara qarşı ayrıseçkiliyin bütün növ formalarının ləğv edilməsi haqqında” Konvensiyaya qoşulub. 1979-cu ildə qəbul edilən, iki il sonra qüvvəyə minən Konvensiyanın digərlərindən fərqi burda sadəcə cinsi əlamətə görə qadınlara qarşı ayrıseçkiliyin bütün formalarının ləğvinin nəzərdə tutulmasıdır. Başqa sözlə, gender neytrallığı tələbinin əvəzinə, konvensiya qadınların bərabərsizliyinin saxlanmasına xidmət edən hər hansı fəaliyyəti qadağan edir. 2001-ci ildə isə Azərbaycan ona aid Fakültativ Protokolu ratifikasiya edib. 1998-ci ildə mərhum Prezident Heydər Əliyev Qadın Problemləri üzrə Dövlət Komitəsinin (indiki Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi) yaradılması barədə "Azərbaycanda qadınların rolunun artırılmasına dair tədbirlər haqqında” sərəncamlar verib. 2000-ci ildə ölkə başçısı "Dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında” fərman imzalayıb. Fərman bütün dövlət strukturlarında qadınların təmsil olunma faizinin kişilərlə eyni səviyyədə olmasını nəzərdə tutur. Sonra isə Qadın Problemləri üzrə Dövlət Komitəsinin bazasında Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsi yaradılıb. Nazirlik və idarələrdə gender siyasətinə məsul koordinatorlar-fokal mərkəzlər fəaliyyət göstərir. 2006-cı ildə ölkədə "Gender bərabərliyinin təminatları haqqında” Qanun qəbul edilib. Müasir Azərbaycanda elə fəaliyyət sferası yoxdur ki, orada qadınlar təmsil olunmasın. Azərbaycan qadını bu gün idarəçilik, qanunvericilik, hüquq-mühafizə, ədliyyə orqanlarında təmsil olunur, məsul vəzifə daşıyır. Hazırda ölkəmizdə qadınlar dövlət və özünüidaretmə orqanlarında, özəl sektorda yüksək postlarda təmsil olunurlar.

 

Elnur Çıraqov: Mövcud siyasi partiyaları içərisində qadın liderli partiyaların sayı məhduddur

Sosial Tədqiqatlar Mərkəzinin İctimai Rəy Departamentinin müdiri Elnur Çıraqov Bakıvaxtı.az-a deyib ki, cəmiyyətdə aparılan rəy sorğusunun nəticələrinə görə 51,1%-i ölkədə qadın liderli partiyaların yaradılmasına ehtiyac olduğunu hesab edir: "21,5% bu məsələyə neytral mövqedən yanaşıb, 24,0% bu fikrə qarşı çıxıb".

Onun sözlərinə görə, Azərbaycanın mövcud siyasi partiyaları içərisində qadın liderli partiyaların sayı məhduddur: "Təqribən bir və ya iki partiyanın adı qeyd oluna bilər. Qadınlar hakimiyyətin bütün qollarında, vitse-prezidentlik institutu kimi yüksək dövlət vəzifələrində yer almasına baxmayaraq, partiyalar sistemində təmsil olunmur. Bu mənada ictimai rəy sorğusunun nəticələri qadın liderli partiyaların yaradılmasına ehtiyac olduğunu göstərir".

E.Çıraqov onu da qeyd edib ki, qadın liderli partiyaların yaradılmasına ehtiyac şəhərdə yaşayan respondentlərin 60%-i, kənd ərazi vahidlərində məskunlaşanların isə 46%-i tərəfindən ifadə olunub.

Naqif Həmzəyev: Gələcəkdə Azərbaycanda partiyalarda xanımların lider olmasının şahidi olacağıq

Deputat Naqif Həmzəyev Bakıvaxtı.az-a bildirib ki, Milli Məclisdə “Siyasi partiyalar haqqında” qanunun yeni versiyası barədə dinləmələr artıq başlanıb: “Mən ilk növbədə bu ictimai dinləmələrin keçirilməsinə yaratdığı şəraitə görə spiker Sahibə xanım Qafarovaya təşəkkür edirəm. Bu qanun layihəsi bilirsiniz ki, üç komitədə hazırlanıb, həmçinin həmin komitə sədr və üzvlərinə təşəkkürümü bildirirəm. Partiyalar tərəfindən Milli Məclisə layihələr daxil olur, dinləmələrdə hər kəs aktiv iştirak edir. Bildiyiniz kimi, dinləmələr zamanı Sosial Tədqiqatlar Mərkəzinin keçirdiyi rəy sorğusu ilk növbədə deputatların və partiya sədrlərinin, nümayəndələrinin diqqətinə çatdırılır. Burda biz statistikalarla tanış olduq. Keçirilən sorğuya əsasən ölkənin 51,1%-i qadınların siyasi partiya sədri olmasını istəyib. Bu, təbii ki, sevindirici haldır. Cəmiyyətdə gender bərabərliyi çox önəmlidir”.

Deputat qeyd edib ki, biz dünya ölkələrində də qadınların çox önəmli vəzifələrdə olduğunu görürük: “Onların arasında partiya liderləri də var. Bildiyiniz kimi, Azərbaycanda da Birinci Vitse-prezident Mehriban xanım Əliyeva Yeni Azərbaycan Partiyasının sədrinin birinci müavinidir. Mehriban Əliyevanın simasında qadınlar çox aktiv və fəal olaraq Azərbaycanın ictimai-siyasi həyatında iştirak edirlər. Xanımlarımız Mehriban Əliyevanı özlərinə nümunə görür. Xüsusilə sosial, səhiyyə, təhsil və bir çox taleyüklü məsələlərin həllində Mehriban xanımın əməyi və əziyyəti var. Mehriban xanım Əliyeva həmçinin Heydər Əliyev Fondunun Prezidenti olaraq həm Azərbaycanda, həm də ölkəmizin hüdudlarından kənarda humanitar layihələri həyata keçirir. Bu günə kimi xeyli sayda dövlətimizin imicini yaxşılaşdıran iri layihələr həyata keçirilib. Bu gün də bu layihələr davam etdirilməkdədir”.

“Unutmamalıyıq ki, Azərbaycan Parlamentində də xanımlar təmsil olunur, yəni siyasətlə məşğul olan xanımlarımız çoxdur. Bu baxımdan da gələcəkdə partiyalarda xanımların lider olmasının biz şahidi olacağıq”,- deyə Naqif Həmzəyev bildirib.

Nuranə Daxilqızı

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb


SON XƏBƏRLƏR