• Bakı 18° C

    4.87 m/s

  • USD - 1.7

    EUR - 1.9604

    RUB - 2.1022

Büdcə vəsaitləri səmərəli xərclənmir - Müşfiq Cəfərov

SİYASƏT

22 Aprel 2025 | 12:35

Büdcə vəsaitləri səmərəli xərclənmir - Müşfiq Cəfərov

"Hesablama Palatasının 2024-cü ilə dair hesabatı ilə tanış olduqda, həm müsbət tendensiyalar, həm də bizi düşündürən vacib məqamlar ortaya çıxır. Bu hesabat sadəcə maliyyə rəqəmlərindən ibarət deyil – burada dövlət idarəçiliyində, büdcə siyasətində nələrin düzgün, nələrin isə təkmilləşdirilməyə ehtiyacı olduğunu göstərən mühüm siqnallar var".   

Bakıvaxtı.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Müşfiq Cəfərov bildirib.

Millət vəkili bildirib ki, bəzi hallarda büdcə vəsaitləri səmərəli xərclənmir, ayrılmış vəsaitlər plan üzrə xərclənsə də, nəticə gözlənilən səviyyədə olmur. Bu, təkcə maliyyə intizamı ilə bağlı deyil, eyni zamanda, nəticəyönümlü idarəetmənin tətbiqində mövcud boşluqlarla da əlaqəlidir:

"Bu baxımdan, hesab edirəm ki, bizim nəzarət yanaşmamız da müasirləşməlidir. Klassik yoxlamalarla yanaşı, texnoloji imkanlardan istifadə etməklə elektron nəzarət sistemlərinin tətbiqinə ciddi ehtiyac var. Bu sistemlər vasitəsilə dövlət qurumlarının xərcləri real vaxt rejimində izlənə bilər. Həm səmərəlilik artır, həm də ictimai nəzarət imkanları genişlənir. Bu addım korrupsiya risklərinin qarşısını almaqda və vətəndaşın dövlətə olan inamını gücləndirməkdə mühüm rol oynaya bilər".

Deputat təklif edib ki, elektron nəzarət sistemlərinin tətbiqi ilə bağlı müvafiq pilot layihələr başlasın və mərhələli şəkildə genişləndirilsin. Hesablama Palatasının hesabatlarında nəticə indikatorları da əhatə olunsun – yəni, yalnız “nə qədər xərcləndi?” sualı deyil, “nə dəyişdi?” sualına da cavab verilsin. İrəli sürülən irad və tövsiyələr praktiki nəticələrə yönəldilsin – yəni bu hesabatlar müvafiq dövlət qurumlarının fəaliyyətində real düzəlişlərə səbəb olsun.

Mina Mikayılova


SON XƏBƏRLƏR