İndi az qala hamımızın telefonda, kompüterdə bir “bulud yaddaşı” var: Google Drive, iCloud, OneDrive və s. Fotolarımız, sənədlərimiz, bəzən hətta şəxsi yazışmalarımız da bu sistemlərdə saxlanılır.
Bəs bu "bulud" dediyimiz yer haradır? Doğrudan da məlumatlarımız güvəndədir, yoxsa "saxladım, getdi" deyə arxayın olmaq təhlükəlidir?
Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən informasiya təhlükəsizliyi üzrə ekspert İlqar Cəfərov qeyd edib ki, bulud texnologiyaları, sənədləri, şəkilləri və digər məlumatları internet üzərindən saxlamaq və paylaşmaq üçün istifadə olunan sistemlərdir. Bu texnologiya məlumatları fiziki cihazlarda deyil, uzaqda yerləşən serverlərdə saxlayır. Amma bu, məlumatların oğurlanması və ya itməsi təhlükəsini yaradır. Buna görə də şirkətlər bu məlumatları güclü şifrələmə, çoxmərhələli icazələr və təhlükəsizlik sistemləri ilə qoruyurlar.
Onun sözlərinə görə, məlumatlar 'bulud' dedikdə, əslində konkret fiziki yerlərdə - data mərkəzlərində saxlanılır:
"Məsələn, sən bir faylı Google Drive-a yükləyəndə, bu fayl ABŞ, Almaniya, ya da başqa bir ölkədəki serverdə saxlanıla bilər. Bu serverlər 24/7 mühafizə olunur, yanğın, su və enerji problemlərinə qarşı qorunur".
Ekspert bildirib ki, bu xidmətlər dünyada ən geniş istifadə olunan və ən güclü təhlükəsizlik sistemlərinə sahib platformalardır.
"Google, Apple və Microsoft öz serverlərini milyonlarla dollar xərcləyərək qoruyurlar. Məlumatlar həm göndəriləndə, həm də saxlanılanda şifrələnir. Hətta işçilərin belə bu məlumatlara çıxışı çox məhduddur. Amma istifadəçi zəif parol qoyarsa və ya iki mərhələli təsdiqi aktiv etməzsə, bu, risk yarada bilər".
İlqar Cəfərov: İstifadəçi zəif parol qoyarsa və ya iki mərhələli təsdiqi aktiv etməzsə, bu, risk yarada bilər
İ.Cəfərov bulud texnologiyaları, məlumatların təhlükəsizliyi və reallıqlar haqqında da bəhs edib:
"Bulud texnologiyası ilə məlumatlarınız əvvəlcə şifrələnir. Yəni, məsələn sənin telefonundakı “Mənim doğum günüm” yazısı bu formada dəyişir: #Z8lN*7D3!@K... Bu şəkildə, məlumat hər kəs üçün anlaşılmaz hala gətirilir. O, yalnız sənə aid gizli açarla (açar kodu) açılır. Məlumatlar şifrəli formada bulud serverlərinə ötürülür, orada da şifrəli saxlanılır və yalnız sən daxil olduqda sistem tərəfindən desifrələnərək görünür".
Müsahibimiz qeyd edib ki, insanları narahat edən əsas mövzulardan biri də Google, Apple və Microsoft kimi şirkətlərin əməkdaşlarının şəxsi məlumatlara baxa bilmə ehtimalıdır. Bu şirkətlərdə minlərlə işçi olsa da, onların əksəriyyəti heç vaxt şəxsi məlumatlara yaxın belə gedə bilməz. Dediyinə görə, əgər çox xüsusi hal yaranarsa (məsələn, dövlət orqanlarının rəsmi müraciəti), aşağıdakı sıx təhlükəsizlik prosedurları işə düşür:
“Yazılı səbəb və hüquqi əsas olmalıdır. Rəhbərlik və təhlükəsizlik şöbəsinin üç mərhələli təsdiqi tələb olunur. Giriş məhdud zonalara və məhdud vaxta verilir. Hər addım sistemdə qeyd olunur və sonradan yoxlanır. Əgər sui-istifadə olarsa, əməkdaş işdən azad edilir və hüquqi məsuliyyət daşıyır".
Nuriyyə Musayeva