Qlobol istiləşmə 2025-ci ildə də özünü göstərəcək.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Avropa Birliyinin (AB) Kopernik peyk monitorinq sisteminin İqlim Dəyişiklikləri Direktoru Carlo Buontempo bildirib.
Copernicus-un məlumatlarına görə, 2024-cü il, ortalama qlobal istilik artımının ilk dəfə Paris İqlim Sazişinin 1,5 dərəcə hədəfinə çatması ilə tarixə düşüb. Buontempo, "Hazırda qarşılaşdığımız əsas təhlükə, yaşadığımız iqlimin, valideynlərimizin, nənələrimizin və babalarımızın iqlimindən tamamilə fərqli olmasıdır. Buna görə də bütün cəmiyyətlərin yeni bir iqlimə uyğunlaşması lazımdır" deyib.
O, bu dəyişikliklərin su dövranı, kənd təsərrüfatı və insan sağlamlığı daxil olmaqla bütün təbii sistemləri təsir etdiyini vurğulayıb. Avropada son 20 ildə istiliklə bağlı ölüm nisbətinin 30% artdığını qeyd edib. "Bu dəyişimin böyüklüyünü nə qədər tez anlayar və iqlimlə bağlı əlimizdəki məlumatlardan istifadə etməyə başlasaq, o qədər yaxşı hazırlıqlı olarıq", – deyə Buontempo əlavə edib.
Yeni Rekorların Görülməsi Qaçınılmazdır
2025-ci il üçün proqnozlarına gəlincə, Buontempo, 2024-cü ilin isti olmasına baxmayaraq, 2025-ci ilin daha az isti ola biləcəyini qeyd edib. Lakin, "Ortalama olaraq, önümüzdəki illərdə istilik artmağa davam edəcək. Yeni rekordlar görməyimiz qaçınılmazdır. Gələcək illərdə yeni 'ən isti aylar' və 'ən isti illər' gözlənilir", – deyə o vurğulayıb.
O, 2025-ci ilin yayında və ya qışında baş verə biləcək təbii fəlakətlər haqqında da fikir bildirib: "Sonrakı sel və ya isti hava dalğalarının nə zaman və harada olacağını dəqiq təxmin edə bilmirik, lakin müəyyən hadisələrin meydana gəlmə ehtimalının necə artacağını qiymətləndirə bilərik".
Hazırlıqlı olmalıyıq
Buontempo, "İsti hava dalğası, dünya üzərində böyük bir ərazini təsir altına alıb və bunun olacağı qaçınılmazdır. Bir növbəti isti hava dalğasının harada və nə vaxt olacağını bilmirik, amma hazırlıqlı olmalıyıq. Bəzi bölgələrə daha güclü və daha uzun sürən isti hava dalğaları təsir edəcək", – deyə bildirib. O, həmçinin, atmosferdəki su buxarının artmasının və bunun nəticəsində güclü yağışlarla əlaqəli təbii fəlakətlərin artacağı barədə xəbərdarlıq edib.
Bütün cəmiyyət üçün dəyişiklik zəruridir
İqlim dəyişiklikləri ilə mübarizə sahəsində evlərdən tutmuş, şəxsi həyatımıza qədər hər birimizin öhdəsinə düşən vəzifələr olduğunu qeyd edən Buontempo, bu dəyişikliklərin yalnız dövlətlərdən deyil, bütün cəmiyyətdən tələb olunduğunu vurğulayıb: "Bu, evlərimizin izolyasiyasından, alış-veriş vərdişlərimizə, nə vaxt istirahətə çıxacağımıza qədər geniş bir dəyişiklik tələb edir. Bütün bu addımlar cəmiyyətin hər bir üzvü tərəfindən qəbul edilməlidir".
Nuriyyə Musayeva