Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzi əhalinin sağlamlığının qorunması məqsədilə həşəratlarla mübarizə sahəsində kompleks və sistemli tədbirlər həyata keçirir.
Bakıvaxtı.az xəbər verir ki, bu fikirləri “Sağlam radio”nun (93 FM) “Sağlam səhər” efirində Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Parazitologiya şöbəsinin müdiri vəzifəsini icra edən parazitoloq Aydan Hüseynli açıqlayıb.
Onun sözlərinə görə, bu tədbirlər əsasən sanitar epidemioloji təhlükəsizliyin təmin olunmasına, həşəratların yayılmasının qarşısının alınmasına və onların vasitəsilə ötürülən yoluxucu xəstəliklərin profilaktikasına yönəlib:
“İlk növbədə, Mərkəz tərəfindən yaşayış məntəqələrində ictimai binalarda, təhsil və səhiyyə müəssisələrində sanitar-gigiyenik vəziyyətə mütəmadi nəzarət edilir. Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzi əhalinin sağlamlığını qorumaq məqsədilə həşəratlarla mübarizəni sanitar-epidemioloji tədbirlərin əsas istiqamətlərindən biri kimi həyata keçirir. Bu fəaliyyət “dezinseksiya” adlanır və yoluxucu xəstəliklərin yayılmasının qarşısının alınmasına yönəlib. Bu məqsədlə, davamlı monitorinq və müşahidələr aparılır. Əvvəlcə mütəxəssislər ərazilərdə həşəratların (ağcaqanad, milçək, bit, taxtabiti, gənə, birə və s.) yayılma səviyyəsini öyrənirlər. Ərazi dedikdə yaşayış məntəqələri, su hövzələrinin ətrafı, məktəb və uşaq bağçaları, xəstəxanalar nəzərdə tutulur.
Bu müşahidələr nəticəsində risk zonaları müəyyən edilir və tədbirlər planı hazırlanır. Profilaktik tədbirlər dedikdə nəzərdə tutulan xəstəlik yaranmadan qabaq görülən tədbirlər aiddir. Bunlara bataqlıq və durğun suların qurudulması (ağcaqanadların çoxalmasının qarşısını almaq üçün), əhali arasında gigiyena qaydaları barədə maarifləndirmə aiddir. Bundan əlavə, zərərli həşəratların məhv edilməsi üçün kimyəvi mübarizə də (Dezinseksiya) aparılır. Dezinseksiyada sertifikatlaşdırılmış insektisid preparatlar tətbiq olunur. Bu preparatlar çiləmə, dumanlama, aerozol üsullarında istifadə edilir. Bu proseslər insan sağlamlığı üçün təhlükəsiz dozalarla və mütəxəssis nəzarəti altında həyata keçirilir. Bioloji üsullar isə bəzi hallarda istifadə edilir. Bu zaman həşəratların təbii düşmənlərindən istifadə olunur. Yəni, suda sürfələri məhv edən bioloji preparatlar tətbiq edilir. Bu üsullar ekoloji baxımdan daha təhlükəsiz hesab olunur. Ocaq müəyyən edildikdən sonra əgər hansısa ərazidə yoluxucu xəstəlik (məsələn, malyariya, leyşmanioz, gənə ilə keçən infeksiyalar və s.) aşkarlanarsa, xəstəlik ocağı ətrafında təcili dezinseksiya aparılır. Xəstənin yaşadığı və təmasda olduğu yerlər xüsusi rejimdə işlənir və təkrar yoxlamalar təşkil olunur. Ən sonda nəzarət və qiymətləndirmə işi aparılır”.
A.Hüseynli qeyd edib ki, aparılan tədbirlərdən sonra həşəratların sayı yenidən ölçülür, effektivlik qiymətləndirilir, lazım gəldikdə əlavə mübarizə mərhələləri həyata keçirilir:
“Beləliklə, Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzi həşəratlarla mübarizəni yalnız onları məhv etməklə yox, həm də yayılma səbəblərini aradan qaldırmaq, xəstəlik riskini azaltmaq və əhalinin sanitar-gigiyenik təhlükəsizliyini təmin etmək məqsədilə kompleks şəkildə həyata keçirir”.
Bakı 




