Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncam imzalayıb. Dövlət başçısının imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncamla 63 nəfər azad edilir.
Sərəncama əsasən, məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin Azərbaycan Respublikasının Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, törətdikləri cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəza çəkdikləri müddəti və həmin müddətdə davranışlarını nəzərə alaraq, humanizm prinsipləri əsas götürülərək ümumilikdə 154 nəfər əfv edilib. Sənədə əsasən, azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş 63 nəfər cəzasının çəkilməmiş hissəsindən azad edilib, 52 nəfərin cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılıb.
Azərbaycan Demokratiya və İnsan Haqqları İnstitutunun rəhbəri, hüquq müdafiəçisi Əhməd Şahidov Bakıvaxtı.az-a açıqlamasında deyib ki, Prezident İlham Əliyev öz ənənəsinə sadiq qalaraq növbəti dəfə 28 May - Dövlət Müstəqilliyi Günü ərəfəsində imzaladığı əfv Sərəncamı Azərbaycan dövlətinin humanist siyasətinin məntiqi davamıdır.
Hüquq müdafiəçisi bildirib ki, ölkə başçısı Ulu Öndər Heydər Əliyevdən qalan bu gözəl ənənəni layiqincə davam etdirir:
"Milli və müqəddəs bayramlarda, önəmli tarixlərdə əfv sərəncamı imzalanır. Cənab Prezident 28 May- Dövlət Müstəqilliyi Günü ərəfəsində növbəti humanist addımından birini atdı. Cəzaçəkmə müəssisələrində artıq cəmiyyətimiz üçün təhlükəli olmayan, risk təşkil etməyən məhkumların əfv edilməsi, onların bağışlanması təqdirəlayiq təşəbbüsdür. Bu, eyni zamanda Azərbaycanın Qərb dünyası və Avropa institutları ilə əməkdaşlıq istiqamətində atılmış əvəzsiz addımdır. Çünki Bakıya hər zaman qərəzli yanaşan Avropa institutları bu və ya digər şəxslərin məhkum edilməsi ilə bağlı qanuna, beynəlxalq dəyərlərə zidd, daha çox qara piar təşkil edən açıqlamalar verirlər, Azərbaycana təzyiq göstərirlər”.

Əhməd Şahidov, hüquq müdafiəçisi
Müsahibimiz hesab edir ki, qərəzli dairələrin susdurulması və "arqumentlər”in sıfıra endirilməsi baxımından ölkə başçısının sərəncamı ciddi jest sayıla bilər. Onun sözlərinə görə, istənilən halda, ölkə başçısının əfv sərəncamı dövlətin humanist siyasətinin təzahürüdür.
“Ümid edirik, əfv olunan şəxslər öz səhvlərini başa düşəcək və yenidən cəmiyyətə inteqrasiya olunan həmin məhkumlar bir daha səhvə yol verməyəcəklər. Dövlətimizin, Vətənimizin inkişafı üçün əllərindən gələn töhfəni əsirgəməyəcəklər", - deyə Əhməd Şahidov əlavə edib.
Aydın Baxış
















