Havalar soyuyur, turşu mövsümü başlayıb. Yay mövsümü boyunca qış tədarükü ilə bağlı hazırlanan turşular, mürəbbələr süfrələrimizi bəzəyir. Ancaq çox vaxt evdə hazırlanan bu cür konservlər həyatımız üçün təhlükə mənbəyinə çevrilir.
Bəs turşudan zəhərlənməmək üçün nə etmək lazımdır?

Eyyub Hüseynov: “Evdə turşu bağlamaq mədəniyyətsizliyinə son qoyulmalıdır”
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Bakıvaxtı.az-a bildirib ki, birmənalı şəkildə evdə turşu bağlamaq mədəniyyətsizliyinə Azərbaycanda son qoyulmalıdır: “Bu, Azərbaycan qida mədəniyyətində ən böyük mədəniyyətsizlikdir. Bu, çox qorxulu bir şeydir”.
AİB sədri deyir ki, evdə qoyulmuş, standarta uyğun olmayan şəkildə hazırlanmamış turşular insanların tədricən zəhərlənməsinə, orqanizmdə toksik maddələrin toplanmasına gətirib çıxarır: “Torpaq bütün sərvətlərin mənbəyi olduğu kimi həm də qorxulu bakteriyaların mənbəyidir. Turşuya qoyulan pomidor və xiyarların əksəriyyətinin torpaqla təması olur. Torpaqdan da elə bakteriyalar gəlib keçə bilər ki, bir ailənin həyatına son qoya bilər. Ona görə, turşunu ev şəraitində nə qədər bilikli vəziyyətdə hazırlayıb saxlasalar da, orda təhlükəli maddələr ola bilər”. E.Hüseynov vurğulayıb ki, turşunun insana zərərli bir şey olduğunu dərk etməklə bərabər evdə hazırlanmasına son qoyulmalıdır: “Sənaye üsulu ilə hazırlanmış və konservləşdirilmiş turşulardan istifadə etmək olar. Bu turşular çox diqqətlə, standartın tələblərinə uyğun olaraü hazırlnır. Hazırlandıqdan sonra qablarda köpmə baş verib vermədiyi yoxlanır, onların tərkibinə düşə bilən kənar maddələr də ciddi tədqiq olunur. Bütün hallarda, lazım olarsa, sanaye üsulu ilə hazırlanmış turşulardan istidadı etmək lazımdır. Ümumiyyətlə, qidada turşulardan istifadə etmək məsləhət görülmür. İnsan turşulara öyrəşəndə iştahı pozulur, onsuz heç nə yeyə bilmir. Azərbaycanda bu məsələyə son qoyulmalıdır”.

Ağa Salamov: “Pedsidlər sirkə ilə reaksiaya girərək zəhərlənmə verə bilər”
Qida üzrə baş mütəxəssis Ağa Salamov Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, ilk növbədə, turşuya qoyulan meyvə və tərəvəzlər alınanda əzik, çartlamış olmalı deyil: “Təmiz və yerli məhsul olmalıdır. Bundan əlavə, texnoloji tərəfi götürdükdə çox vaxt emal prosesində sirkəli suda saxlayırlar, bu, yanlışdır. Çünki meyvə və tərəvəzlərdə pedsidlərdən istifadə olunur, o da sirkə ilə reaksiaya girdiyi zaman kimyəvi zəhərlənmə verə bilər. Ona görə də, emal prosesində duza qoyulan meyvə və tərəvəzlər sirkəli suda yuyulmalı deyil. Meyvə və tərəvəzləri 10 dəqiqəyə yaxın çay sodasında saxlayıb durulayıb sirkəyə qoya bilərlər”.
Onun sözlərinə görə, şorabaya qoyulan meyvə və tərəvəzlərə diqqət yetirmək lazımdır ki, üzərində torpaq olmasın: “Çünki torpaqda yaşayan müxtəlif bakteriyalardan biri də botulizmdir, hətta ölümlərə səbəb ola bilir. Turşuya qoyulan meyvə və tərəvəzlər şüşə qablarda qoyulmalıdır, çünki plastik qablar turşularla kimyəvi reaksiyaya girir və zəhərli maddələri turşulara ötürür. Şüşə qablar isti su ilə dezinfeksiya olunduqdan sonra turşular içinə qoyulub ağzı kip bağlanmalıdır”. Mütəxəssis deyir ki, turşuya qoyulan tərəvəzlərin içinə çiy su getməli deyil: “Çox vaxt turşunun suyu az olduqda üstünə çiy su tökürlər. Çünki çiy su həm balonların şişməsinə, həm də zəhərlənməyə səbəb olur”.
Aytac Aslan
















